“Azad Könüllülər Klubu” İctimai Birliyi “Elektron divar qəzeti” layihəsinin icrasına başlayıb. Layihəyə Quba rayonunun 20-dən çox təhsil müəssisəsi qoşulub və iştirakçı məktəblər iki qrupa bölünüb.

Təyin olunmuş I qrup üçün üç günlük təlimlərə yanvar ayının 22-dən start verlib. Təlimlər ayın 24-nə kimi davam edib və iştirakçı 11 təhsil müəssisəsinin 56 nəfər şagirdinə jurnalistikanın yaranma tarixi, ilk qəzetlər, milli mətbutımızın meydana gəlməsi, xəbər, xəbərin yazılması, informasiyanın əldə olunması, ilkin redaktə, resenziya və s. mövzularda maarifləndirici məlumatlar verilib, mövzular üzrə onlara praktiki tapşırıqlar verilib, divar qəzetlərinin tərtibatı qaydaları öyrədilib.

Təlimin ilk günündə iştirak edən rayon icra hakimiyyətinin məsul işçiləri Rəxşəndə Bayramova, Aynur Yahyayeva, təcrübəli jurnalistlərdən- “Tərəqqi” qəzetinin baş redaktoru Şıxəmməd Seyidməmmədov, “Zaman” qəzetinin “Şimal” bölgə müxbiri Amil Tağıyev, “Şimal xəbərləri” qəzetinin əməkdaşı Heybət Əmrah, “Yurd” Gənclərin İntelektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov məktəblərdə dərc olunan divar qəzetlərinin hazırki vəziyyətindən və bu sahənin inkişaf etdirilməsi sahəsində “Azad Könüllülər Klubu” İB-nin layihəsinin əhəmiyyətindən danışıblar.

Təlimçi və “Azad Könüllülər Klubu” İB-nin sədri Mehman Məmmədovdan aldığımız məlumata görə layihə üç mərhələdə icra ediləcək, ilkin olaraq hər iki qrup üzrə təlimlər yekunlaşdırıldıqdan sonra “Ən yaxşı divar qəzeti” müsabiqəsi keçiriləcək, daha sonra “Elektron divar qəzeti”nin yaradılması istiqamətində blogerlik təlimləri təşkil olunacaq. Bununla da iştirakçı məktəblərin hər birində “Elektron divar qəzeti”nin əsası qoyulmuş olacaq.

Qeyd edək ki, “Azad Könüllülər Klubu” İB-nin adı çəkilən layihəsi Quba Rayon İcra Hakimiyyətinin və Gənclər və idman idarəsinin dəstəyi ilə həyata keçirilir.