Dahi alman bəstakarı Lüdviq Van Bethoven (1170 – 1827)  dünyanın ən nəhəng bəstəkarlarından biridir. Böyük Fransa inqilabının ideyalarından ilham alan Bethoven öz yaradıcılığında ilk növbədə insanın qəhrəmanlıq, mübarizlik əzmini tərənnüm etmişdir. Tarixi şəraitdən, yaşadığı mühitdən savayı, Bethovenin şəxsi problemləri, ələxsus sağlamlığı ilə bağlı çətinlikləri də onun dünyagörüşünə ciddi təsir göstərmişdir. 28 yaşında ikən o, ağır xəstəliyin – musiqi üçün əsl faciə olan karlığın ilk əlamətlərini hiss edir. Xəstəlik şiddətləndikcə Bethoven çalmaq, sonra dirijorluq etmək qabiliyyətini get-gedə itirir. Adamlarla ünsiyyət saxlaması da getdikcə çətinləşir – ömrünün son illərində o, dəftər vasitəsi ilə yazılı “söhbətlərə” keçir. Ən dəhşətlisi isə odur ki, bəstəkar yaratdığı musiqini daha eşitmir! Lakin, nə xəstəlik, nə də tənhalıq Bethovenin mətin iradəsini qıra bilmir. Bəstəkarın daxili aləminin inikası olan musiqisində qorxu, ümidsizlik hisslərinə rast gəlmək mümkün deyil. Onun simfoniyalarında, sonatalarında, kvartetlərində ruh yüksəkliyi, gələcəyə inam duyulur, insan mübarizəsinin qələbə ilə nəticələnəcəyi elan edilir.

    Bethoven cəmi 9 simfoniya yazmışdır. İlk baxışdan bu, Haydn və Mosart irsi ilə müqayisədə, əlbəttə , çox deyil, lakin nəzərə almalıyıq ki, Bethoven simfoniyanın  həcmini genişləndirərək, dramatikliyini artıraraq bu janrı xeyli zənginləşdirmişdir. Bəstəkar hətta Haydnın müəyyənləşdirdiyi orkestr tərkibinə yeni alətlər daxil etmiş və beləliklə, onun daha qüvvətli səslənməsinə nail olmuşdur. Bethovenin ən məşhur əsərlərindən biri olan 3-cü simfoniyanı əvvəlcə Napoleona həsr etməyi nəzərdə tutubmuş, lakin Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca mənfi qarşılayır. Bethoven nəzərdə tutduğu ithaf fikrindən daşınır və simfoniyanı “Qəhrəmanlıq” adlandırır.

    Bəstəkarın tanınmış 5-ci simfoniyasının ən yadda qalan musiqi parçası əsəri başlayan qısa, zəhmli mövzudur. Həmin musiqini Bethoven “tale qapını döyür” bədii ifadəsi ilə şərh edir. 9-cu simfoniyada isə bəstakar dövrü üçün cəsarətli bir yenilik tətbiq edir – əsərin son hissəsində alman şairi İ.V.Hötenin “Eqmont” faciəsinə yazdığı musiqisi, “Patetik” və “Appasionata” adları ilə tanınmışfortepiano sonataları, skripkaçı Rodolf Kreytserə həsr etdiyi “ Kreyster sonatası”, yeganə “Fidelio” operası da Bethoven yaradıcılığının qəhrəmanlıq, azadlıq əhval-ruhiyyəsini dinləyicilərə məharətlə çatdırır.

    Bethoven musiqisində incə lirika, dərin fəlsəfi düşüncülər də mühüm yer tutur. Məsələn, “Pastoral” adlandırdığı 6-cı simfoniyasında, “Ay” sonatasında təsvir olunan gözəl təbiət mənzərələri insanın daxili əlami, onun fikir və düşüncələri ilə həmahəng səslənir.Bethovenin kvartetləri, fortepiano konsertləri, eləcə də “Uzaq sevgiliyə doğru” vokal silsiləsi, kiçik mahnıları yaradıcılığının lirik xəttini bariz şəkildə nümayiş etdirir.

    Dahi bəstəkarın dəfn mərasimində otuz mindən artıq insan yığışıbmış. Bethoveni son mənzilə yola salanların arasında Frans Şubert də var imiş.  Bu, çox simvolik bir hadisə idi. İlk romantik sonuncu klassiklə vidalaşır. Avropa musiqisində klassisizm cərəyanı romantizmlə əvəz olunur…