Görkəminə görə heç deməzsən ki, balıqdır. Axı onun heç pulcuqları da yoxdur. Başı isə lap at  başına oxşayır. Adına dəniz atı deyilsə də, ölçüləri at ölçülərinə yaxın da gəlmir. Daha çox şahmat fiquruna oxşayır. Quyruğunu yosunlara ilişdirib dayanır. Mühitə uyğunlaşmaq üçün rəngini çox tez dəyişir. Bu xüsusiyyətinə görə dəniz atı buqələmunlarla yarışa girə bilər. Kürüçıxartma dövründə dişi dəniz atı erkəyin qarnındakı xüsusi cibliklərə kürü yapışdırır. Tezliklə kürü atanın qarnında inkişaf etməyə başlayır, atanın hesabına bütün lazımi qida maddələrini alır. Düz 40-50 gündən sonra həmin kisəni yırtıb suya çıxan balalar böyüklərdən yalnız çox xırda ölçülü olmaları ilə fərqlənirlər.

    Bu balıq böyük sürü ilə üzən balalarını hələ uzun müddət müşayət edir. Valideynlik borcunu – balalarının mühafizəsi qayğısına qalmaq vəzifəsini onlar tam böyüyüb yetkinlik səviyyəsinə çatana qədər davam etdirir.