Fikrinizcə kreativ düşüncə nə deməkdir? 40 saniyə ərzində cavab verməyə çalışın…

    Hesab edirəm ki, cavabınız təxmini belə olacaq: “Kreativ düşüncə – qeyri-standart düşüncə və qərar qəbul etmə bacarığıdır; adi şeylərdə qeyri-adiliyi görə bilmək imkanıdır; inkişaf etmiş təsəvvür və fantaziyadır…”

    Düzgün cavab belədir:

    Kreativ düşüncə – imkan deyil, vəziyyətdir! Bu vəziyyətdə biz, bizə yeridilmiş stereotiplərlə razılaşmırıq, bekarçılıqla barışmırıq; istənilən çətinlik bizdə azart və maraq doğurur; yeniliklərə və dəyişiklilərə daim açıq ola bilməkdir kreativlik.

    Kreativlik hər kəsə anadangəlmə bir istedad kimi verilir, lakin zamanla əksər insanlar bu istedadını itirir. Misal üçün, uşaqlar daima düşünür və ətraf mühiti daha geniş təhlil edir və böyüklərdən fərqli olaraq onu olduğu kimi qəbul edirlər.

    Kreativ düşüncəni inkişaf etdirmək üçün bir neçə üsul təqdim edirik sizə:

    1. Həyatınızı fərqli şəkildə təsəvvür edin. Əgər, sizə öz həyatınızdan əlavə 5 həyat yaşamaq imkanı verilsəydi, siz həmin həyatları necə yaşayardınız? Kim olmaq istərdiniz?  Məsələn, biznesmen, rok-ulduz, alim, aktyor və s. Həyatınızı necə yaşamaq istədiyinizi və kim olmaq istədiyinizi bir vərəqə yazın və birin seçəndən sonra gün ərzində həmin seçdiyiniz həyatda yaşayan kimi yaşamağa, düşünməyə, davranmağa başlayın. Əmin olun ki, yeni ideyalar, kreativ düşüncələr ard-arda gələcək!

    2. Dəcəllik. Nə vaxtsa etmək istədiyiniz dəcəllik və şuluqluqları xatırlamağa çalışın. Əgər, yadınıza heçnə düşmürsə, bu haqda indi düşünməyə başlayın. Qeyri-müəyyən, məntiqsiz və hətta ağlasığmaz düşünməkdən çəkinməyin və fantaziyaları işə salın!

    3. Yeni imic. Yeni görünüş yeni baxış və davranışların formasına təsir edə bildiyi üçün yeni, kreativ düşüncələrə səbəb olur.