New York’un hüquqşünas bələdiyyə sədri Rudy Giuliani-dan bir müsahibədə belə bir sual soruşulur – “Hər küncdə əlində silah olan cinayətkar var idi, kriminallıq artmışdı, küçədə rahat yeriyə bilmirdik, sanki sehrli çubuqla bunları aradan götürdün, təhlükəsizliyi təmin etdin, bunu necə bacardın?”

Cavabı isə belə verir:

Boş bir bina düşünün, pəncərələrindən biri qırıq olarsa və təmir edilməzsə ordan keçən hərkəs əlinə daş alıb o biri pəncərələri də qırar. Mən ilk pəncərə qırılanda onu dərhal təmir etdim. Əgər bir kənara zibil atsanız və o zibil ordan o anda götürülməzsə digər insanlarda zibillərini ora atmağa başlayar və qısa vaxt ərzində orda zibil dağı meydana gələr. Mən ilk atılan zibili dərhal götürdüm. Kiçik olduğuna baxmayaraq bütün cinayətlərlə eyni anda və dərəcədə mübarizə apardım və beləliklə cinayətləri böyümədən həll etdim.

Buna “qırıq pəncərə” nəzəriyyəsi deyilir. Bu təcrübə Stanford Universitetinin professoru Philip Zimbardonun 1969-cu ildə həyata keçirdiyi ictimai təcrübəyə dayanır. Vandalizmin səbəblərini tədqiq edən professor nömrəsi olmayan köhnə model iki maşını iki ayrı bölgəyə qoyur. Bölgələrdən biri yoxsul və təhsili olmayanların yaşadığı Bronx dur, digəri isə varlı və təhsillilərin yaşadığı Kaliforniyada yerləşən Palo Alto dur. Avtomobilləri görmək və video-lentə almaq üçün kameralar yerləşdirir.

Yoxsul məhəllədəki avtomobilin 24 saat ərzində ordakı insanlar tərəfindən pəncərələri qırılır, təkərləri sökülür, oturacaqları çıxarılır, zövq almaq üçün təpiklənir, parçalanır və yerində sadəcə skeleti qalır.

Varlı məhəllədəki avtomobilə isə ilk gün ərzində heç kəs toxunmur. 2-ci gün də heç nə olmur. Və nəhayət 3-cü gün professor Zimbardo əlinə çəkic alır və avtomobilin şüşələrini sındırır. Hər kəs bunu gözləyirmiş kimi varlı və təhsillilər də yoxsul və təhsilsizlər kimi avtomobili parçalamağa başlayır.

Elə bələdiyyə sədrinin də izah etməyə çalışdığı qırıq pəncərə nəzəriyyəsi də bu idi.

Əgər bir ölkədə hüququn üstünlüyü yoxdursa, orda cinayətkarlar cəzasız qalırsa, bazardan pomidor oğurlayan tutulub, milyonlar oğurlayan cəzasız qalırsa, hüququn hökmü yerinə pulun hökmü keçirsə, vəzifə sahibi olmaq hər şeyi etməyi “leqallaşdırırsa” ordaki əhali ilk fürsətdə VANDALLAŞAR. Qanunsuzluğun kiçiyi böyüyü olmur, ən böyük cinayətlərin başlanğıcı kiçik qanunsuzluqlarla olur.

Ləyaqət, din və vicdan azadlıqlarının pozulması, vətəndaş hüquqlarının heçə sayılması, insanın dəyərinin olmaması, tibb, təhsil və vacib qurumların çürüdülməsi, avtobus sürücüsünün qınağa çevrilib, əlil insanın sosyal yardımının kəsilməsini istəyən millət vəkilinin adının heç dilləndirilməməsi, müəllimə 2-ci iş təklif edən insanların (şərti olaraq bu söz işlənib) mövcud olmasının səbəbləri fərqli olsa da, əslində bunların olması ölkənin “bazara” dönməsinin nəticəsidir.

Əgər bir cəmiyyətdə problemlər həll edilə bilinmir və örtbas da edə bilinmirsə orda bəzi sualları verməyin vaxtı çatıb….