Planetin ağciyəri adlandırılan Amazon meşəliklərləri dünyanın ən zəngin canlı aləminə (bitki örtüyü və heyvanat aləmi) malik olan ərazidir. Böyük hissəsi Braziliya ərazisində yerləşir. Hələ də orada yaşayan canlı aləmin dəqiq şəkildə siyahısı müəyyən edilməmişdir və buna görə də tez-tez yeni canlıların tapılması hallarına rast gəlmək olur. Çünki olduqca sıx olan meşəlik ərazilər tədqiqatçılara meşənin dərinliklərinə getməsinə imkan vermir. Amazon çayı həm də qədim dövrlərdən qalma piraniya balıqlarına da sahiblik edir. Bəzi mənbələrdə bu vəhşi balıqların timsaha kütləvi şəkildə hücum edib onu yedikləri də deyilir. Yaxın illərdə isə, hətta meşənin dərinliklərində sivilizasiyadan tamamilə təcrid olunmuş qəbilə ictimai quruluşunda yaşayan insanlara belə rast gəlinmişdir. Onların müasir həyatla heç bir əlaqəsi olmadığından, tədqiqatçılar nə onlarla, nə də onların yaşadığı yaxın ərazilərlə bağlı araşdırma aparmamaq qərarına gəlmişlər.

Çox təəssüflər olsun ki, bu cür zəngin təbiət günü-gündən məhv olmaqdadır. İnsan oğlunun əli dəydiyi yerdə mütləq nəsə baş verməlidir. Elə bu meşəlik ərazilərin də hər keçən gün azalması dünyada oksigen ehtiyatlarının da xeyli miqdarda azalmasına, əvəzində karbon qazlarının çoxalmasına gətirib çıxarır. Braziliyanın xarici dövlətlərə xeyli miqdarda borcu olduğundan o, borcun ödənilməsi üçün meşəliklərin qırılıb satılmasını çıxış yolu kimi görsə də, bir çox dövlətlər, habelə yaşıllığın qorunması üzrə ixtisaslaşmış təşkilatlar buna ciddi cəhdlə qarşı çıxır.