O, Şərq mənəviyyatlı Qərb təfəkkürlü bir insan olmaqla bir növ Azərbaycan düşüncəsini özündə əks etdirib. Çünki Azərbaycan da Şərqlə Qərbin kəsişmə nöqtəsində yerləşdiyindən birinin fəlsəfəsini, mənəviyyatını, o birinin isə məntiq və düşüncəsini daşıyıb.

Söhbət Nobel mükafatı almış ilk azərbaycanlı alim Bəxtiyar Siracovdan gedir.

Bəxtiyar Tahir oğlu Siracov 1957-ci il oktyabrın 21-də Bakıda anadan olub. Atası Tahir Siracov keçmiş Ali Partiya Məktəbinin məzunu olduqdan sonra bir neçə partiya təşkilatlarında işləyib. Anası Mehparə xanım isə Bakı Dövlət Universitetini bitirdikdən sonra orta məktəbdə fizika-riyaziyyat müəllimi kimi çalışıb.

Bəxtiyar Siracov 1974-cü ildə Bakının 82 saylı orta məktəbini bitirərək indiki BDU (keçmiş Azərbaycan Dövlət Universiteti) tətbiqi–riyaziyyat fakültəsinə daxil olur və 1979-cu ildə oranı müvəffəqiyyətlə başa vurur. Daha sonra Milli Elmlər Akademiyasının Kibernetika İnstitutuna təyinat alır və ordan da Moskvaya göndərilir. SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzinə ezam olunan Siracov 1980-81-ci illərdə Təkmilləşdirmə Proqramı çərçivəsində tətbiq olunan kömpüterləri mənimsəyərək elmi tədqiqat sahəsində fəaliyyətə başlayıb.

1982-ci ildə Hesablama Mərkəzinin aspiranturasına daxil olaraq professor Viktor Bryabinin rəhbərliyi altında öz tədqiqat işlərini davam etdirib. 1986-cı ildə Viktor Bryabinin təşəbbüsü ilə “SPEKTR” adlı layihəyə cəlb olunub. Viktor Qryabin Beynəlxalq Atom Agentliyində (MAGATE) çalışırdı. 1990-cı ildə Moskvada namizədlik işini müdafiə edən B.Siracov fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alır.

1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxaql Agentlikdə çalışır.

Bəxtiyar Siracov həm də Avstriyada Beynəlxalq Atom Agentliyində (MAGATE) çalışan yeganə azərbaycanlıdır. 17 ildir ki, Beynəlxalq Atom Agentliyində (MAGATE) Azərbaycanı təmsil edir. Alim hazırda agentlikdə kompüter proqramları təminatı şöbəsinin rəhbəridir.

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur. Bu zaman Beynəlxalq Nobel Komissiyası həmin komandanın bərabər gördüyü işi qiymətləndirirək, onlara ümumi mükafat təqdim edir. Qazanılmış pul mükafatı da komanda üzvləri arasında bölüşdürülür.

2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür. O zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması təbii ki, bir dövlət üçün qürürvericidir.

Bəxtiyar Siracov Avstriyada yaşamasına baxmayaraq Azərbaycan vətəndaşıdır. Vyananın mərkəzi parklarının birində Azərbaycan səfirliyi tərəfindən dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsi qoyulub. Məhz, bu səbəbdən yorucu iş gününün sonunda alim hər dəfə o parka gedərək abidəyə baxır. Evindəki pianoda da çox vaxt Üzeyirin bəstələrini ifa edir. Həmçinin Agentlik tərəfindən Nobelin ona şamil olunduğunu bildirən diplom da o pianonun üzərindədir.