“Vegetarian” sözünün mənası latıncadan tərcümədə “sağlam, gümrah, möhkəm” deməkdir. Deməli, vegetarian olmaq ruhi və fiziki cəhətdən inkişaf etmək deməkdir. Vegetarianlıq sadəcə pəhriz demək deyil. Bu, həm fəlsəfi, həm də mənəvi cəhətdən harmonik həyat tərzidir. Vegetarianlar “əvvəlcə öz qəlbindəki zorakılıq meylindən azad olmalı, daha sonra sülhsevər cəmiyyət barədə düşünməli” həqiqətini anlamış insanlardır.

Təsadüfi deyil ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri, əsasən də ziyalılar öz həqiqət axtarışlarının sonunda vegetarian olublar. Əgər bu həqiqətə şübhə ilə yanaşan varsa, onda qədim zamanlardan indiyədək vegetarian olmuş müdriklər ordusu ilə tanış olmağa dəyər: Pifaqor, Sokrat, Platon, Kliment Aleksandrovski, Plutarx, Şah Aşoka, Leanardo Da Vinçi, Monten, Əkbər (Anvar), Con Milton, İsaak Nyuton, Emmanuel Svedanborq, Volter, Bencamin Franklin, Lamartin, Şelli, Henri Devid Toro, Lev Tolstoy, Bernard Şou, Rabindranat Taqor, Albert Şveyster, Mahatma Qandi, Albert Eynşteyn… Siyahını kifayət qədər uzatmaq olar. Bəs, vegetarian olmaqla möhkəm sağlamlığa nail olmaq, xəstəliklərin qarşısını almaq olarmı? Elm son zamanlaradək bu suallara qeyri-müəyyən cavab verirdi, amma vegetarianlığın tərəfdarları uzun illərdir ki, bunu əyani surətdə sübut ediblər. Son zamanlar həkimlər də etiraf edirlər ki, ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin törəməsi birbaşa olaraq ətlə qidalanmanın nəticəsidir. Hazırda sübut olunub ki, vegetarian qidalanmaya keçəndən sonra ürək-qan-damar, mədə-bağırsaq və xərçəng xəstəliklərinin 97 faizinin qarşısı alınır.

Aparılan araşdırmalar göstərir ki, alkoqolizm və siqaret çəkmədən sonra, ölümün əsas səbəblərindən biri də ət məhsulları ilə qidalanmadır. Ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarında yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insulta gətirib çıxarır. Araşdırmalara görə, ət məhsulları ilə daha çox qidalanan 25 ölkənin 19-da xərçənglə xəstələnmə faizi çox yüksəkdir. Eyni zamanda, ətlə az qidalanan və ya ümumiyyətlə, ət yeməyən 35 ölkənin əhalisində xərçənglə xəstələnmə faizi çox aşağıdır.

Adi müşahidələr göstərir ki, vegeterianlar fiziki və mənəvi cəhətdən tam sağlam, sülhsevər və şən olurlar. Güclü intellektə, uzun ömrə malik olan vegeterianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər. Çünki orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və sair maddələr bitki mənşəli qidalarda daha zəngin tərkibdə olduğundan vegetarianların immunitet sistemi çox güclü olur. Bu gün dünyada idmançıların böyük bir hissəsi vegetarianlığa üstünlük verirlər.

Araşdırmalar göstərir ki,vegetarianlar daha çox yaşayır.Məsələn,”Vegetarianlar ət yeyənlərdən daha çox yaşayır.” Bu Amerika Tibbi Assossiasiyasına məxsus “JAMA Internal Medicine” jurnalında dərc edilən araşdırmada bildirilib. Tədqiqatı Kaliforniyadakı Loma Linda universitetinin alimləri həyata keçiriblər. Onlar tədqiqat zamanı 73 min 308 nəfəri gözdən keçiriblər. Təcrübə zamanı ət yeyənlər arasında ölüm halının vegetarianlardan 12 faiz çox olduğu ortaya çıxıb. Vegetarianların qidalarının onları ürək xəstəliklərindən qorumaqda böyük rol oynadığı məlum olub. Vegatarianlar arasında həmçinin şəkər və böyrək çatmazlığı xəstəliyinə daha az rast gəlinib.