Bizim bu günümüzün qanlı xatirələrindən birisi 20 yanvardır. 1990-cı ilin bu gecəsində təpədən dırnağadək silahlanmış, vəhşi-faşist maskaları ilə maskalanmış, insanlıq dəyərini itirmiş düşmən qoşunları uşaqlı-böyüklü, cavanlı-qocalı, qızlı-gəlinli, analı-balalı, günahsız dinc sakinləri amansızcasına, acımadan qətlə yetirdilər. O gün şəhərimizdə tarixin hələ şahidi olmadığı müsibətlər yaşandı. Əlisilahlı rus ordusu ilə vətəni canından-qanından əziz sanan əliyalın insanlar üz-üzə qaldılar o gecə. Onlar vətəndaşlıq qeyrətini qorumaq üçün, məmləkətini azad və xoşbəxt görmək üçün şəhərin şimal qapısındakı meydana toplaşıb canlı sipər qurmuşdular. Nə havanın şaxtası, nə də həyəcanlı, qorxuducu xəbərlər insanları ruhdan salmırdı. Əksinə, sıralar daha da möhkəm sıxlaşırdı. O gecə qəhrəmanlarımızın saf niyyətləri, təmiz duyğuları, gözəl xislətləri güllə tufanına tutuldu. Gənclərimizi, qocalarımızı, alimləri, şagidləri – hamını ağır döyüş maşınlarının altına salıb əzdilər. Bakının küçələri şəhid qanı ilə yuyuldu. Bu ölümlər adi ölüm deyil, əbədilik qazandıran ölümlər oldu. Azərbaycan xalqının torpağımızın bütövlüyü uğrunda başladığı mübarizə artıq milli azadlıq hərəkatı xarakterini aldı.