Türkiyə haqqında uşaqlıqdan böyük anlayışım var idi. Buna səbəb hələ uşaq yaşlarından türk kanallarını izləməyim olub. Türklərin uşaqlar üçün olan adi proqramları belə mən uşaq olarkən məni və bütün uşaqların sevincini və tələbini ödəyirdi. Bizdə də çoxlu proqramlar olsa da nədənsə məhz türklərə olan pərəstişkarlığım var idi. Tamam başqa bir ölkənin bizim reallıqlarımıza uyğun verlişləri var idi. Heç yadımdan çıxmaz ki, hələ uşaq ikən “Sırlar dünyası”, “Büyük buluşma”, “Yedinci Boyut” adlı dini mövzuda seriala bənzər bir çəkim var idi. Mən də artıq cənnət və cəhənnəmin məhz belə olacağı haqqında fikirlər formalaşmışdı ki,  məhz öləndə özümə kənardan baxıb bir neçə göy qatından keçib ağ tüstülü bir məkana girib orada bir mələk tərəfindən sorğulanıb olanları bir-bir yadıma salacam və ikisindən birinə düşəcəm (maraqlısı budur ki, onların əksəriyyətinin günahları  çox böyük olurdu və buna görə də çoxu cəhənnəmə gedirdi).Amma daha sonra dərk etdim ki, hələ ora gedib qayıdan olmayıb. Tərbiyəvi cəhəti bu proqramlarda həddindən artıq görmək olardı. Türklərlə tanışlığım olmasa da mən artıq məktəbli olarkən rahatlıqla onların dilində danışırdım. Çoxunuza çox sadə gələ bilər ki, qonşu , qardaş ölkədir, iki dövlət bir millətik və.s  kimi ifadələr işlədə bilərsiniz, amma bu heç də belə deyil. Başa düşə bilərsiz , amma gəl ki, bir sözü o biri sözün dalınca deyib dürüst cümlə qura bilməzsiniz. Hətta bəzi gənclər var ki, ümumiyyətlə başa düşə bilmirlər. Əksəriyyəti də rus sektorunu bitirənlər olur. Səbəb bəzən rus sektorunu bitirməkdə deyil heç öz ana dillərini fərli-başlı bilməmələrindən irəli gəlir.

İlk səyahətim İstanbula olmuşdur . Səyahət zamanı avtobusdan istifadə etmişdik, amma hələ sərhədi təzə keçmişdik ki, artıq çox böyük peşmançılıq keçirdik. Getdiyimiz il sərhədimizin vəziyyəti adi tövlədən seçilmirdi, amma qayıtdığım zaman artıq qürur verici bir tablo yaranmışdı.Sərhədimiz təzə və avropa standartlarına uyğun idi. Amma insanlarımızı bu standarta oturdmaq üçün iki-üç il lazım oldu, amma hələ də bəzi anlayışları dəyişmək mümkün deyil. Sərhədə çatan zaman qaçaraq önə keçmək və ya növbəni pozmaq və.b. İlk səyahətim zamanı necə də sadəlövh olduğumu anlamışdım. Avtobusda elan olunan da ki “Bütün əşyalarınızı avtobusda qoyub düşün, yalnız dəyərli əşyalarınızı özünüzlə götürün” mən mobil telefonumu avtobusda qoyub düşmüşdüm. Hər kəsin dilinə düşmüşdüm az qala , amma bu mənə dərs olmuşdu. Telefonun mənimçün dəyər ölçüsü o zaman sıfıra bərabər idi, indi daha dəyərli hesab edirəm. Hələ avtobusda olarkən həyatımda bəlkə də ilk dəfə mədəniyyətimizin və adət-ənənələrimizin şüurumda sabitlədiyi qanunlara əks olan hadisələri görən də çox təəccüblənmişdim. Avtobusda ailənin bütün üzvlərinin siqaret çəkdiyini görmək və İstanbulda başı örtülü bir qadının siqaret çəkməsi, yolun ortasında qadının ərinə şillə çəkməsi və kişini xanımın üzündən öpərək ondan üzr istəməsi  və.s bunu kimi hadisələr buna misal ola bilər. Artıq belə hadisələr mənə adi bir hal kimi gəlir.

İstanbulu mən həddən-ziyadə gözəl hesab edirdim. Ancaq yanıldığımı deyə bilərəm. İstanbul turizm və ticarət şəhəri və ya öz muzeyləri və görməli yerləri, şirniyyatları ilə ad qazamağı danılmazdır , amma Bakının gözəlliyi qarşısında çox sönükdür. İstanbulda olan hər bir şəxs özünü rahat hiss edir, çünki artıq avropalaşmış bir ölkənin şəhərində və heç kəsin sənin  gözünün üstündə qaşının olmasını deyənlərin tapılmadığı bir yerdəsən. Şəhərin təmizliyi hər kəs yuxuda olarkən aparılır ki, heç bir narahatçılıq və maneə ilə qarşılaşmayasan. Yolda olan adi bir dağılmış səkinin təmiri belə həftə sonları edilirdi. Ölkədə siqaret bahalı olduğu üçün bizim insanlarımız bundan suistifadə edib Bakıdan ucuz siqaret gətirib satırdılar. Siqareti yalnız açıq ərazidə çəkmək olar. Qapalı ərazidə çəkilən siqaretə görə 69 TL (Türk lirəsi ilə bəzən daha çox məbləğ olurdu) cərimə olunurlar. Hətta bu işlərə baxan “Siqara” polisləri var. Bu intizam insanı valeh edir , amma gəl ki, şəhərin böyüklüyü vahimə, tıxacların bolluğu əsəb və çanta oğrularının ( “kapkaçcı” qapıb qaçmaq mənasında) ucbatından gərginlik yaradırdı. Avtobuslarda olan intizam və bahalıq bir-birini tarazlayırdı. Şəhərin bayram abu-havası isə bir başqadır. Bayram zamanı bütün ticarətçilər tətilə çıxırdılar. Bir həftəlik Ramazan bayramı qeyd edən satıcıları görən də bizim satıcıların daha dözümlü, daha işgüzar və ehtiyac içində olduğunu düşünürdüm. Əslində hər bir insanın haqqı olanı edirdilər, çünki pul qazanmaq hər şey deyil. Bizdə yaxşı qazanan daha da yaxşı qazanır və ömrünün axrına qədər işləyib yastığının altını pulla doldurur və sonda haqqın rəhmətinə qovuşur. Mənasız ömür yolundansa  gəzmək və istirahət etməklə daha xoşbəxt ola bilərsiniz. Mən Türkiyə əhalisinin bizdən daha xoşbəxt olması  qənaətindəyəm.

Bizim bir millətdən kök götürdüyümüz ola bilər , amma artıq tamam başqa bir quruluşlar almışıq və bir-birimizdən fərqlənirik. Türkiyədə mən öz ölkəmdəki kimi qonaqpərvərliyin necə önəmli olduğunu anladım, amma bizdən fərqli olaraq onlar bunu işlərində tətbiq etmiş və turizmdə uğur qazanmışlar. Bizdə hər bir şərait olsa da sanki tətbiqinə önəm və yer verən yoxdur. Bir zamanlar təhsil səviyyəsi bizdən geri qalan Türkiyə indi dünya öncüllərindəndir. Onlar məqsəd qoydu və inkişaf etdi. Hal-hazırda Türkiyə çox güclü bir ölkədir. Amma bunu da qeyd etmək lazımdır ki, hələ də ölkənin  böyük bir ərazisi savadsızdır. Hələ də “Baba , beni okula gönder”(Ata , məni məktəbə yolla) adı altında qızlar üçün bölgələrdə sosial reklamlar var. Bizim qardaş ölkə olduğumuzu əksəriyyət bilir, amma bilmirən təhsilin dərəcəsindənmi ya coğrafiyanı mükəmməl bilməmələrindən irəli gəlir ki, bəziləri Bakının və Azərbaycanın dünya xəritəsində harada yerləşdiyini heç təxmini belə bilmirlər. Öz dilinə, vətəninə sevgi və hörmət çox yüksəkdir. Adi mağazalarının adı belə çox vaxt türkcədir. Hətta mənim xarici olduğumu və türkcə danışdığımı görəndə çox vaxt bəzi güzəştlər göstərirlər. Sonuncu səyahətimdə isə mühasibat müdirliyinə ödəniş edərkən mənim sənədlərdən xarici olduğumu görəndə çox təəccüblənmişdilər. Türkcə necə belə səlis danışmağımdan tutmuş bizim ölkədə aylıq dolanışa qədər maraqlandılar. Əlbəttə gəldikləri qənaət bizim yaşayış səviyyəmizin aşağı olması oldu. Sonda bu sözü dedilər ki, əsil türklər sizlərsiniz. Bilmirəm nə dərəcədə düz deyiblər, amma onu deyim ki, Türkiyənin mərkəzi şəhərlərində avropalaşma getdiyi üçün ailə dəyərləri zəifləmişdir. Hətta adi bir təmizlik işlərinə baxan bir şəxsin bir nümunəsi çox xoşuma gəldi. Dedi ailənin hər bir üzvü bir barmaqdır və onlar birlikdə bir əldirlər. Bir yumruq kimi birdirlər, amma İstanbulu nümunə gətirərək dedi ki, orada ailədə birlik və bağ yoxdur. Barmaqlar bir-birindən ayrıdır və birinin başına bir hadisə gəlsə onlar tamam ayrılacaqlar, çünki bir yumruqda birləşməyiblər. Daha bir türklə söhbətim əsanasında bunu  qeyd etdi  ki, bizlərdə(İstanbulu nəzərdə tuturdu) bibi,dayı,xala,əmi yoxdur, qohumluq anlayışları dar çərçivəyə düşüb və yalnız sizlərdə tam olaraq qalıb. Danışığından belə anladım ki, Anadolu bölgəsindəndir. Osmanlı türkcəsinin bizim indiki dilimizlə uyğun olmasını vurğulayan bu şəxs adi bir sürücü idi. Türk dilini bizlərin qoruyub saxladığını dönə-dönə söylədi. Bunu deyim ki, hələ də bizlərin türklərlə bir bağımız var. Biz çalışmalıyıq ki, o bağlar da qopub əldən getməsin.