Görünməyən adam öz-özünə düşündü ki, görəsən mən niyə şeir yaza bilmirəm? Sonra anladı ki, şair olacaq qədər yalançı deyil, çünki başına gəlməyən bir hadisəni insan fantaziyasından yazırsa deməli o yalançıdır. Ya da mənim ilham pərim yoxdur deyə bacarmıram. Belə də ki, mənim nəyim var ki, pərim də olsun. Hələ bir də ilhamlı pəri olsun.

    Əslində şair olmaq yalançılıqla da deyil. Şair olmaq sadəcə daxili aləm istəyir. Mən hər zaman şairləri toyda-nişanda həvəslə guruldayıb şeir oxumaqlarını görmüşəm, ancaq bilirəm ki, şairlik o deyil. Mənim gördüyüm Şairlər toyda şerini deyərkən hər kəsə nəzər etməyə çalışır ki, görüm dinləməyən varmı. Hətta dinləməyən olduqda gözünün içinə dikilərək baxır ki, utanıb zorla da olsa dinləsin. Hətta o şəxsin adın çəkərək “gör nə deyireeee…” deyə bağırır mikrofona. Bəzən düşünürəm ki, yaxşı ki, şeirlərə qadağa qoymayıblar. Yoxsa öz daxili aləmimdə boğulardım ki, dünyada bir tək mən belə çəkingənəm, çünki əsl şair mənə görə öz şeiri belə olsa onu heç kəsə oxuya bilməyəndir. Düzdür romantiktir, amma səssiz romantikdir. Daha çox dramdır. Daxilində aksion çöldən səssiz sinemadır. Bir fırtınanı nəfəsiylə ciyərlərində boğandır. Çarəsiz sevəndir. Bütün şairlər belə olsaydılar küçədə başı dik gəzib “mən yazıçılar birliyinin üzvü şairəm, sən kimsən?” düşüncəsiylə insanlara baxmazlardı. Şair olmaq tərk edilişdə susub sadəcə yazmaqdır. Savaşdır, amma daxildəki savaşdır. Qısacası şair olmaq Məcnundur, amma Məcnun şair deyil.