Təbbi ki, insanlara, böyüklərə, xanımlara hörmətsizlik olunduğu halda ağaclara olunan hörmətsizlik haqda danışmaq bir az qulağa yad gəlir.  

Qardaş, hər işimiz yarımçıq, hər arzularımız şikəst olduğu yetmirmiş kimi təbiətə də əl uzadırıq. Sözüm ağaclara hörmətsizlik edən” küçə sevgililəri” ilə bağlıdır. Küçə sevgilisi adlandırmaqda məqsədim təhqir deyil tənqid etməkdir. Ona görə küçə sevgilisi dedim ki, ağaclara yazılan sevgilər elə ağaclarda da qalır. Daşlara yazılanlar isə daşlarda…  Mətləbdən uzaqlaşmadan sözümüzə keçək.

    Ağaclara hörmətsizlik dedikdə əlində elektrik mişarla meşə sahələrini qırıb tükədən işbazları deyil ağacların qabığını soyan, onun gövdəsinə bıçaqla, mismarla, şüşəylə adlar yazanları nəzərdə tuturam. Bu necə sevgidir ki, ağaclara yazılır. Özü yaşamaq, xoşbəxt olmaq arzusunda olduğu halda yaşayan digər varlıqları yaralayır?! Yaxud bu necə qəlbdir ki, orada sevgi yuva salmış ancaq insanlıq yox. Bu necə insanlıqdır ki, sevəcək qədər humanist, məhv edəcək qədər radikaldır?! Yoxsa bunlar sevginin nə olduğunu anlamır??? Hər halda ortaya çox sual çıxartmaq olar. Məncə sevgi ağacları zədələmək, divarları ləkələmək deyil. Sevmək elə ağacı da insanı da eyni cür qorumaqdır. Hər ağacın qabığını soyub gövdəsinə “aşk”, “love” yazmaqla həqiqi sevgiyə sahib olmaq olmaz.    

Olmazmı ki, sevgiyə xatir bir ağac əkək? Olmazmı ki, sevgiyə xatir bir xatirə qoyaq?! Elə sevgilimizlə . Əgər doğurdan seviriksə. Sevgimizlə bərabər bir ağac göyərdək. Kölgəsi olsun, meyvəsi olsun. Gələcək nəsillər üçün bir xatirə bir hədiyyə qoyaq həmin ağacla. Bəlkə bir gün elə öz övladlarımız dost-tanışlarına göstərib “bu ağacı atam sevgisinə xatir əkib” deyəcək. Sevgidən əkilən ağac, sevgidən əziyyət çəkən ağacdan daha xeyirli deyilmi?

Çünki ağac oksigendir, həyatdır, kölgədir, meyvədir ,evdir, odundur, kağızdır və s. Gələcək nəsillərin bu cür sərvəti varkən onları nə üçün məhv edək. Daha yaxşısı gələcək nəsillərə sevgimizdən bu cür izlər buraxmaqdır.

Hər sevən bir ağac əksin. Bəlkə bu ağacların savabı qovuşdurar sevənləri.