Dəri xərçəngi nəticəsində burnunu itirmiş britaniyalı iş adamının dərdinə çarə tapılıb.

London Universiteti Kollecinin alimləri dünyada ilk dəfə olaraq süni burun yetişdiriblər.

Professor Aleks Sefalianın dediyinə görə, 56 yaşlı pasiyentin sağ qolunun dərisinin altına yerləşdirilmiş lülə hüceyrələrindən yetişdirilmiş burun əsl, təbii burundan heç fərqlənmir.

“Bu metoddan qəza qurbanları və ya yaralılara kömək üçün istifadə oluna bilər. Süni burunu hüceyrədən yetişdirdik”, – professor Sefalian deyib.

Pasiyentin qolunda, dərinin altında yetişdirilən burun kəsiləcək və xəstənin üzünə tikiləcək.

Dəri altına yerləşdirilmiş lülə hüceyrəsinin ətrafında milyonlarla “boş” hüceyrə yaradılıb. Həmin hüceyrələrin əksəriyyəti qığırdağa çevrilib və buruna forma verib.

Hələlik pasiyentin qolunun dərisinin altında iri şiş formasında olan burunun “tam yetişməsinə”, hazır vəziyyətə gəlməsinə az qalıb.

Universitet Kollecində artıq lülə hüceyrələri vasitəsilə qulaq da alınıb.