O, Ukrayna əsilli rus döyüşçüdür. Qarışıq döyüş sənətləri adı verilən MMA (“Mixed Martial Arts”) üzrə əfsanə sayılır. Karyerası ərzində peşəkar rinqdə keçirdiyi 40 matçın 35-ni qələbə ilə başa vurub.

Boyu 183 santimetr, çəkisi 106,5 kiloqramdır.

O, “MMA” (qarışıq döyüş növləri) üzrə dəfələrlə dünya və Avropa çempionu, hazırda “WMMAA”-nın fəxri prezidentidir.

Fyodor Yemelyanenko hər döyüşdən öncə qalib gələcəyinə əmin olsa da, hər dəfə rəqibinə ciddi yanaşıb. O, hamının arzuladığı inanılmaz gücə sahibdir. Gündə 10-12 kilometr qaçıb.

Qaynaqçının oğlu dünyanı “zəbt etdi”  

Əsl adı Fedor Vladimirorivç Emelianenkodur. İdman aləmində Fyodor Yemelyanenko kimi ad qoyub. O, 1976-cı il, sentyabrın 28-də Ukraynanın Luqansk vilayətində anadan olub.

Fyodor hələ iki yaşında olarkən – 1978-ci ildə ailəsi Ukraynadan Rusiyaya, Belqrad vilayətindəki Starı Oskol şəhərinə köçüb.

Anası Olqa müəllimə, atası Vladimir isə qaynaqçı işləyib. Fyodor ailənin ikinci övladıdır. Ondan böyük bir bacısı və iki kiçik qardaşı var – Aleksandr və İvan.

Fyodor Yemelyanenko 1991-ci ildə orta məktəbi bitirib və 1994-ci ildə peşəkar sənət məktəbindən fəxri dərəcə ilə məzun olub.

1995-1997-ci Rusiya ordusunun hərbi xilasetmə dəstəsində xidmət edib. Orduda olan zaman da döyüş sənətlərini nümayiş etdirib.

Yemelyanenko 2008-ci ildə Sankt-Peterburqda Olimpiya məşəlini daşıyan Rusiyanın 80 nəfər çempionundan, mədəniyyət ikonalarından və milli qəhrəmanlarından biri olub. O, idmançı karyerası ərzində Rusiyadakı “Qırmızı şeytan” klubunda çıxış edib. Sambo, cüdo və boks növlərində yarışlara çıxıb.

Məğlub etdiyi “əfsanələr”

Uğurlu idmançı karyerası ərzində bir çox məşhur, ulduz idmançılara qalib gəlib. Bu sırada Mark Hunt, Honq Man Çoi, Mirko Filipoviç, Hary Qudriç, Semmi Şilt kimi məğlubedilməzlər var. Öncə də qeyd etdiyimiz kimi, keçirdiyi 40 matçın 35-ni qələbə ilə başa vurub. 4 dəfə məğlubiyyətin dadını görüb, 1 dəfə isə heç heçə edib.

İlk məğlubiyyəti meydana çıxdığı andan 17 saniyəyə içərisində qaşının çapılması səbəbindən olub. Həmin hadisə bir yapon idmançıya qarşı keçirdiyi matçda baş verib. Belə ki, yapon təmsilçisi Tsuyoşi Kohsaka döyüşçüyə qaydadan kənar dirsək vuruşu edir. Bu zaman matçın dayandırılması tələb olunur. Bununla da Fyodorun karyerasına ilk məğlubiyyət yazılır (22 dekabr 2000-ci il).

Lakin daha sonra 2005-ci ildə çıxdığı revanş matçında rəqibini ilk raundda nokaut edir. Bununla da məğlubiyyətin qisasını alır. Bundan sonra 2009-cu ildə Andrey Arlovskiyə qarşı ilin nokautunu gerçəkləşdirir.

İkinci məğlubiyyəti isə Amerika təmsilçisi olan braziliyalı Fabriko Verdumla keçirdiyi döyüşdə olur. 2010-cu il, iyunun 26-da baş tutan döyüş Yemelyanenkonun karyerasının ən dəhşətli məğlubiyyəti olur. Çünki rəqib inanılmazı bacararaq 1 dəqiqə 9 saniyə içərisində Yemelyanenkonu ram etməyi bacarmışdı.

Bu məğlubiyyətlə az qala şoka düşən 35 yaşlı F.Yemelyanenko növbəti görüşünə hazırlaşır. 13 Fevral 2011-ci ildə “Grand Prix 2011” dünya çempionatında braziliyalı Antonio Silvaya məğlub olur. Lakin rəqiblərini maksimum iki dəqiqəyə məğlub edən rus pələngi 5 dəqiqə çəkən döyüşdə hakim qərarı ilə uduzmuş sayılır. Ciddi zədə alan Yemelyanenkonun görüşü davam etdirilməsi mümkün hesab edilmir və karyerasına növbəti, 3-cü məğlubiyyətini yazır.

Dördüncü və sonuncu məğlubiyyəti isə kaliforniyalı Dan Henderson ilə 2011-ci il,  iyul 30-da keçirdiyi döyüşdə olub. 4 dəqiqə 12 saniyə çəkən döyüşdə rəqibi Henderson onu nokauta salır. Hər kəs düşünürdü ki, Fyodor üçün rinq artıq bitib.

Lakin Fyodor daha sonra amerikalı Jeff Mansonu (2011ci il, 20 noyabr), yapon Satoşi İşini (2011ci il, 31 Dekabr), portuqaliyalı Pedro Rizzonu (2012-ci il, iyunun 24-də) isə nokaut edib.

Bundan sonra o, döyüşməyəcəyini açıqlayır.

Yemelyanenko rəqib kimi təqaüdə çıxsa da, o, Rusiya MMA İttifaqının prezidenti kimi qalır.

Son 5 ilin ən yaxşısı

ESPN kanalı onun güclü idmançı olduğunu yayıb. Belə ki, Fyodor ESPN kanalı tərəfindən son 5 ilin ən yaxşısı seçilib. Fyodor əvvəlcə Vasili İvanoviç Qavrilovun, daha sonra Vladimir Mixayilovix Voronovun məşqçiliyi altında çalışıb.

Hələ 10 yaşındaykən Fydor hər kəsin tanıdığı məşhur döyüşçü olacağını deyibmiş. Son olaraq qurduğu heyətdə qardaşı Aleksandrın yanında, boks məşqçisi Miçkov, Muay Tay müəllimi Ruslan Nagnibeda, həkimi və massajçısı Oleq Neustroev, məşq partneri döyüşçü Roman Zentsovla birlikdə çalışıb.

45 fərqli ölkənin qatıldığı çempionatda 780 rəqibini geridə qoyaraq sambo üzrə dünya çempionluğunu da qazanıb.

Yemelyanenkonun ləqəbi – “İntizamsız qardaş”

Fyodor Yemelyanenkonun uğurlu idmançı karyerası boyunca “məğlubedilməz” və “Sonuncu İmperator”  (“Last Emperor”) ləqəblərini qazanıb.

Onun kiçik qardaşı Aleksandr Yemelayanenko da Fyodor kimi MMA (qarışıq döyüş növləri) üzrə güclü idmançılardan hesab olunur. Lakin Aleksandr qardaşı Fyodor qədər uğura sahib deyil. Onun karyerasında məğlubiyyətləri çox olub.

Aleksandr intizamsız və qalmaqallı idmançı kimi tanınır.

Hətta mətbuatda Fyodor və Aleksandr arasında münasibətlərin gərginləşdiyi də  iddia edilib. Əfsanəvi idmançının uzun müddətdir qardaşı Aleksandr Yemelyanenko ilə küsülü olduğunu yazıblar.

Belə ki, jurnalistlər Fyodra qardaşı ilə bağlı sual veriblər. O isə, Aleksandrla bağlı suala cavab verməkdən imtina edib:

“Uzun müddətdir, onunla danışmıram və görüşmürəm. Aramızdakı münasibətlər soyuyub. Onun öz həyat yolu var, mənim öz. Ona görə Aleksandrla bağlı suallara cavab vermək mənim üçün çətindir”.

Bildirdiyim kimi, Aleksandr, Fyodordan fərqli olaraq, intizamsız biridir. Hətta Fyodorun qardaşının adı bir neçə dəfə zorlanmada da çəkilib. İddiaya görə, onun sonuncu ittiham olunduğu suç 23 yaşlı tələbəni zorlamaq olub.

Belə ki,  ki, gənc qız idmançıdan şikayətçi olub. Fyodorun qardaşı Aleksandr Yemelyanenkonun zorladığı deyilən 23 yaşlı Polina Stepanova olayla bağlı belə danışıb:

“Mənim rəfiqəm 4 il ərzində onun evində xadimə işləyib. Həmin gün xahiş elədi ki, onu əvəz eləyim. Əvvəl bilmirdim ki, müştəri kimdir. Onun evində ilk günüm idi. O, rəfiqəmə zəng vuraraq evini təmizləməyi xahiş etmişdi. Rəfiqəm isə başqa işdə olduğu üçün məndən getməyimi xahiş elədi. Rəfiqəm də bilmir ki, o özünü niyə belə aparırdı. Onunla hər zaman normal davranıb. Aleksandr məni zorladı və hər şeyi telefonla çəkdi. İstəyirəm ki, onu cəzalandırsınlar”.

Aleksandr günahı təsdiqlənənə qədər azadlıqda qalıb.

Fyodorun qardaşından məsələylə bağlı münasibət öyrənmək istəyən jurnalistlər təqiblə üzləşiblər. Bildirək ki, olayla bağlı bir ildir ki, araşdırma gedir.

Fyodorun özü isə qardaşıyla danışmadığını deyərək, rəy də bilmirməkdən imtina edib.

Fydorun digər kiçik qardaşı İvan da idmançıdır. Sambo döyüş növü üzrə İvanı rinqə Frodorun özü hazırlaşdırıb. Bununla da, İvan qardaşı əfsanəvi Fyodorun sayəsində 2010-cu ildə MMA karyerasına başlayıb.

 Həyat yoldaşını  boşayıb sevgilisini aldı, ondan da ayrılıb…

1999-cu ildə Oksana ilə ailə həyatı qurub. Maşa adında qızları dünyaya gəlib və 2006-cı ildə yoldaşından ayrılıb.

Nöbvəti ailəsini sevgilisi Marina ilə qurub. Bu evlilikdən də Fyodorun iki qızı – 2-ci qızı – Vasiliya, Yelizavetta dünyaya gəlib. Ancaq 2009-cu ildə qurulan bu ailənin də ömrü uzun çəkmir. Belə ki, Fyodorun ikinci ailəsi də  2013- ildə dağılır. Ancaq bu evliliyin dağılmasına səbəb Fyodorun birinci həyat yoldaşı olub. Belə ki, idmançı səhvini anlayaraq Oksanaya geri qayıdıb. Hazırda Oksana ilə birlikdə yaşayır.

Hər rus kimi, Fyodor da kitab oxumağı çox sevən biridir. Musiqi dinləmək isə ikinci böyük hobbisidir.

Prezidentin dostu – idmandan millət vəkilliyinə…

Fyodor Yemelyanenko Rusiya prezidenti Putinin yaxın dostlarındandır. Putin demək olar ki, Fyodorun bütün döyüşlərinə gedib, tamaşaçılar arasında əyləşib. Hətta o qədər möhkəm dostluğa malikdirlər ki, Putin Fyodor Yemelyanenkonun qardaşı Aleksandrın da döyüşlərini izləməyə gedib, ona dəstək olub.

İdmançı karyerasını başa vurduqdan sonra o da hər idmançı kimi siyasətə atılır. O, “Vahid Rusiya” siyasi partiyası altında 10 oktyabr 2010-cu ildə Belqorod Regional Dumasında beş il müddətinə millət vəkili seçilib.

Qardaşı və müəllimi ilə yaratdığı şou

O, 2012-ci ildə qardaşı Aleksandr və məşqçisi Voronovla Yaponiyada bir sambo döyüş növü üzrə şou təşkil edirlər.

Uğurlara qısa nəzər

Döyüşləri – 40

Qələbə – 35

Nokaut – 12

Məğlubiyyət – 4

Məğlubiyyət nokautu – 3

Bərabərlik -1