Çar Rusiyasında 1865-ci ildə qəbul olunmuş “Senzura haqqında qəti qanun”dan sonra mətbuatda nəşrin qeydə alınması və çapı olduqca çətin iş idi. Çar idarələrindəki süründürməçilik, hərc-mərclik Zərdabinin qəzet nəşr etmək arzusunu uzun müddət çin olmağa qoymadı.

Zərdabinin rəsmi orqanlara ilk müraciəti 1873-cü ilin aprel ayında oldu. Maliyyə vəsaiti əldə etdikdən sonra H.Zərdabi Bakının qubernatoru, general-mayor D.S.Staroselskiyə ərizə ilə müraciət edərək qəzet nəşrinə icazə istədi. Bu məsələyə toxunan Zərdabi yazır: “Mən ona (yəni Staroselskiyə – red) fərzimi deyəndən sonra məsləhət gördü ki, qəzetin adını “Əkinçi” qoyum ki, guya, məhz əkin və ziraətdən danışacaq və özü də boynuna çəkdi ki, senzorluğunu qəbul etsin. Bu tövr ərizə verib icazə aldım”.

Azərbaycan milli mətbuatının əsasını təşkil edən bu mətbuat nəşrin adının “Əkinçi” olması, şübhəsiz ki, çar rejiminin fikrini qəzetin daşıyacağı əsas ideya istiqamətindən yayındırmaq məqsədi güdürdü. Nəhayət, qəzetin nəşrinə 1875-ci ildə icazə verildi və iyul ayının 22-də “Əkinçi”nin ilk sayı işıq üzü gördü. Bu tarixdən etibarən Azərbaycanda milli mətbuatın əsası qoyuldu. Cəhalətə və mövhumata ağır zərbə vurmaq, xalqa maarifçilik aşılamaq, ana dilində qəzet oxumaq missiyasını üzərinə götürən Zərdabinin məsləkdaşları qarşılarına olduqca məsuliyyətli vəzifə qoydular.

Hansı məsələlərin qəzetdə əksini tapacağı sualına “Əkinçi”nin ilk nömrəsində Zərdabi cavab verdi və bəlli oldu ki, qəzetin məramnaməsi belə olacaqdır:

Daxiliyyə – buradakı məqalələr qəzetin münşisi tərəfindən yazılacaqdır.

Əkin və ziraət xəbərləri – yəni bizim, ya qeyri vilayətlərdə olan əkinçilərdən.. onları becərmək vaxtında işlədilən əsbablardan, əkin yerini şum etməkdən, əkin yerini qüvvətli etməkdən ötrü o yerə qeyri şeylər qarışdırmaqdan, xülasə, əkindən və əkini biçib, götürüb, qurudub, döyüb saxlamaqdan danışıq olacaqdır. Həmçinin bu ikinci fəsildə maldarlıqdan, mallardan əmələ gələn şeylərdən danışıq olacaqdır, yəni bizim və qeyri-vilayətlərdə nə qisim mallar saxlamaqdan və ya nə tövr saxlamaqdan və onlardan əmələ gələn şeyləri nə tövr yaxşıraq əmələ gətirməkdən danışılacaqdır.

Elm xəbərləri – yəni elm və imtahan yolu ilə aşkar olan, məsələn, insanın bədəninə və malına nəfi olan xəbərlərdən danışılacaqdır.

Tazə xəbərlər – bir neçə qism olacaqdır, əvvələn ticarət xəbərləri olacaq, yəni bizim vilayətimizdə və qeyri vilayətlərdə bir şey, məsələn, buğda-filan şəhərdə, ya filan kənddə nə qiymətə və nə tövr satılmaqdan xəbər verəcəkdir və s.

İlk sayda dərc olunan məqalədən və bu məlumatlardan göründüyü kimi Həsən bəy “Əkinçi”nin əsas ideya istiqamətlərinin 4 əsas şöbədə əksini tapacağını müəyyənləşdirmişdir, lakin “Əkinçi”nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və “məktubat” rubrikası altında məqalələr dərc olundu.

“Əkinçi” Bakıda çap olunsa da, tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi. Onu Dağıstanda və Volqaboyunda, Mərkəzi Asiya və Sibirdə oxuyurdular. Hənifə xanım Abayeva öz xatiratında “Əkinçi”nin yayıldığı geniş coğrafiyaya toxunaraq yazırdı: “Qəzet Rusiyadakı bütün müsəlmanları yerindən tərpətmişdir. O, bir elektrik cərəyanı kimi bütün müsəlman aləminin içərisindən keçmişdir… Qəzetin ilk abunəçiləri, onu birincilər sırasında salamlayanlar Omskdan, Tümendən, Cistopoldan olan sibirlilər, Orenburq, Ufa, Volqaboyu tatarları idilər”. “Əkinçi”nin sorağı Londona da gedib çıxmışdı. Bakıya gələn bir fransız müxbiri isə H.Zərdabinin təkbaşına qəzet çap etdiyini öyrənib onun ziyarətinə getmiş və demişdir: “Siz həqiqi qəhrəmansınız. Bizdə belə bir kasıb qəzetdə işləməyə razı olan bir nəfər də tapılmazdı. Sizin enerjinizə heyranam. Görünür, öz xalqınızı ürəkdən sevirsiniz”.

Mənbə: Akif Aşırlı “Azərbaycan mətbuat tarixi”

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂