Verilişlərdən birini dinləyib sizin üçün yazıçı Çingiz Abdullayev haqqında diqqət olunası məqamları sual-cavab şəklinə saldıq. Onu sizlərə təqdim edirik

1) Polis orqanlarında işləməkdən imtina səbəbi nə olmuşdur?

    “O zaman nazir mənim atamla dost idi. Bu istəyimdən xəbər tutan kimi atama zəng edib məni fikrimdən daşındırmağını istədi. Demişdi ki, bu sahənin çox çirkin işləri var. Yaxşısı budur, özünə başqa sənət seçsin. Düşünürdüm ki, nə vaxtsa müstəntiq kimi çalışaram. Hüquq fakültəsini bitirdim. Həmin vaxtda xarici ölkələrə getmək çətin olsa da mənim xarici səfərlərim çox olurdu. Bu da mənim dünyagörüşümün formalaşmasına, yeni mühit və insanlar tanımağıma yardım edirdi” 

2) Qonarar ilə bağlı vəziyyət necədir?

    “Əvvəllər əsərlərim daha çox Rusiyada çap olunurdu. Sonralar Azərbaycanda tərcümə olunmağa başladı. Mən buradakı qonorarımı uşaq evlərinə və Qarabağ müharibəsindən əziyyət çəkən qaçqınlara bağışlayırdım. Sonralar “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu və “Əli və Nino” kitab mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli mənim yanıma gəlib bütün əsərlərimi Azərbaycan dilinə tərcümə etmək istədiklərini dedilər. Çox böyük məbləğdə qonorar təklif etdilər. Nə qədər qonorar aldığımı açıqlasam, digər yazıçılar məni öldürərlər. Düzdür, Şahbaz Xuduoğlu bəzən pulumu ləngitsə də danışdığımız məbləğin hamısını ödəyir. Təbii ki, mən əsərlərimin Azərbaycan dilində çap olunmağına sevinirəm. Çünki keçən il Azərbaycan dilində ən çox satılan 10 kitabın içində 9-u mənim kitablarım olub. Əlbəttə ki, mən bununla fəxr edirəm”

3) MTN (Milli Təhlükəsizlik Nazirliyi) işçisi olub?

    “Mən heç vaxt MTN-də işləməmişəm. İşləsəydim, fəxrlə deyərdim. Sadəcə mən orada kurator olmuşam və ona görə də arxivlərə baxmağa icazəm vardı. Zəngin arxiv var, mən etiraf edirəm ki, yazılarımda bu arxivdən çox istifadə etmişəm. Əsərlərim də məhz bu səbəbdən maraqlı faktlarla zəngindir”

4) Dini inancları necədir?

    Dini inancından söhbət açan Çingiz Abdullayev aqnostik olduğunu vurğulayıb: “O biri dünyaya inanmıram. Orada saqqallı kişi və yaxud hurilərin varlığı mənə inandırıcı gəlmir. Əgər doğrudan da o biri dünya varsa, məmnuniyyətlə cəhənnəmi seçərdim. Çünki tarixin bütün dahi adamları oradadır”

5) Dolanışıq ilə bağlı vəziyyət necədir?

    “Çox sevinirəm ki, şadlıq sarayı açmamışam. Bu, həqiqətdir ki, bizdə kitab yazmaqla dolanmaq olmaz. Ancaq onu bilirəm ki, hətta yazıçılıqdan heç bir qazancım olmasa belə yenə yazardım. Oxucularımın olması, kitablarımın oxunması mənim üçün böyük xoşbəxtlikdir. Hərdən düşünürəm ki, bəlkə ehtiyacım olsa, mən də rüşvət alardım. Amma bu, həqiqətdir ki, insan ya satılır, ya satılmır.