Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə (12 dekabr 1893, Şamaxı – 16 noyabr 1938, Bakı) — məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru.

Abbas Mirzə Şərifzadə 1893-cü il dekabrın 12-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni “Üsuli-Cədid” məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış. Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər. Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində də o, “Şəbeh” tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırmış. Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin ən kuliminasiya nöqtəsində, əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm qəzəblənir. Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya şagirdlərinin hazırladığı tədbirlərdən uzağa getmirdi. Gimnaziyanın əlaçı şagirdlərindən biri sayılan Abbas bütün tədbirlərin gözü imiş. Heç bir tədbir onsuz ötüşmürmüş. Artıq Abbas rola girməkdən, neçə-neçə insanın ona diqqət kəsilməsindən xüsusi zövq aldığını hiss edirdi. Çox-çox sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni yada salarmış. Bu, o hadisədir ki, onu yalnız başlanğıc adlandırmaq olar. Gimnaziyaya yenicə daxil olan Abbas növbəti tədbirlərin birində müəlliminə yaxınlaşıb, şer demək istədiyini bildirir. Müəllim də özündə cəsarət tapıb, səhnəyə çıxmaq istəyən Abbasın sözünü yerə salmır. Abbas şəstlə səhnəyə çıxır, bir anlıq çaşsa da, tez özünü toplayıb, Lermontovun “Şairin Ölümü” şerini deyir. “Şeri söyləyəndə elə bilirdim dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şerin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm”. Beləliklə, atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Nə qədər ziyalı, geniş dünyagörüşlü olsa da, dövrünün adamı olan Mirzə Rəsul oğlunun bu istəyini heç cür qəbul etmir. O, tez-tez oğluna mühitin aktyorluq sənətinə münasibətini xatırladır. Abbas nə atasının, nə də mühitin etirazına məhəl qoymayıb, özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır. Abbas Mirzə Şərifzadə ilk dəfə 1908-ci ildə Molyerin “Zorən Təbib” əsərində epizodik rolda oynayıb. Düz iki ildən sonra – 1910-cu ildə “Maarif” cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar” faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi. İlk uğuru Abbas Mirzədə arxayınçılıq yaratmır. Sənət axtarışlarını davam etdirən akytor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə ustaları sırasında özünəməxsus yer tutur.

Onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə “Şeyx Sənan”, “Oqtay Eloğlu”, “Aydın”, “Ağa Məhəmməd Şah Qacar”, “Qaçaq Kərəm” əsərlərini səhnələşdirib, “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Aşıq Qərib”, “Şah İsmayıl” operalarının quruluşçu rejissoru olub. Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır. “Bismillah”, “Hacı Qara”, “Gilan Qızı”, “Məhəbbət Oyunu” filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olmuşdur.