Möhtəşəm Alplar, müasir Berlin, sehrli Bremen – bunlar hələ hamısı deyil! Valehedici təbiət, aktiv istirahət, müalicə kurortları, memarlıq abidələri və daha nələr nələr. Bəli, söhbət Almaniyadan gedir və Bildirchin.az orada mütləq etməli olduğunuz kəşfləri sizinlə paylaşır:

Milli mətbəxin dadına baxın

İlk olaraq dillərə dastan olan sosilərdən başlayın. Üstəlik hər regionun özünə məxsus sosislərindən: şirin xardallı Weisswurst, bol ədviyyatlı Currywurst, qızardılmış Leberkäse..

Daha sonra məşhur şorbalara keçin: kartof şorbası, şorba-raqu Eintopf, kökəli şorba Pfannkuchensuppe, pomidorli şorba-püre Tomatensuppe..

Və son olaraq süfrədən şirin notlarla qalxın: Schwarzwald tortu, almalı Ştrudel, pambıq kimi Berliner..


Qəsrlərlə tanış olun

Almaniya təkcə milli mətbəxi ilə məşhur deyil. Bu ölkədə memarlığı ilə də qəlbləri fəth edir. Almaniyanın memarlıq incilərindən biri isə saysız hesabsız qəsrləridir. Onların ən möhtəşəmlərini Alplarda axtarın: Hohenschwangau, Linderhof, Herrenchiemsee. Yeri gəlmişkən Disney şirkətinin loqosundaki möhtəşəm qəsri xatırlayırsınız? Almaniyada yerləşən Neuschwanstein həmin o qəsrdir! Mütləq görməli olduğunuz qəsrlərin siyahısında Drezden, Stuttgart, Heidelberg qəsrləri, Lahneck, Marksburg və Hohenzollerni də qeyd edin.



Təbiətin sehrindən zövq alın

Almaniyaya səyahət edib, milli Saksoniya İsveçrəsi parkını unutmaq? Əsla! Çünki burada görməli olduğunuz Elbadan 200 metr hündürlikdə olan nəhəng qayalardan ibarət Bastay körpüsü var. Qədim qalaya aparan bu körpü, Amsel adlı süni göl və Amselfall şəlaləsi var. Şəlalənin yanından bir cığır isə turistləri inanılmaz bir mənzərəyə aparır.



Fachwerk memarlığı ilə tanış olmaq

Almaniya Avropa kontinentində Fachwerk memarlığının banisidir. Rəngarəng binalar ölkənin müxtəlif məkanlarında var. Onların axtarışına çıxa bilərsiniz, ancaq mütləq getməli olduğunuz bir yer var: Rothenburg ob der Tauber – burada siz özünüzü nağıl personajı kimi kimi hiss edəcəksiniz.



Alpların gözəlliyinə valeh olmaq

Alp mənzərələri də olmazsa olmazdır. Möhtəşəm mənzərələrdən zövq almaq üçün Berchtesgadenə yol alın. Burada siz həm də həqiqi sərvət olan Königssee gölünü də görmüş olacaqsınız. Diqqətli olun: Zümrüd rəngli su, nəhəng dağlar, sakit təbiət – bütövlükdə bu gözəllik baş döndərir!



Dairə formalı körpüdə şəkil çəkdirmək

Kromlau məkanına həvəskar fotoqraflar axın edir, çünki burada məşhur Rakotzbrücke köprüsü yerləşir! Körpünün tarixi haqqında müəmmali əfsanələr dolaşır. Əfsanəyə əsasən, adının hərfi tərcüməsi “İblisin körpüsü” olan Rakotzbrückenin tikilməsində məhz İblisin əli var..



Piyada Fransaya getmək

Bəli, bəli, bu mümkündür! Bunun üçün sadəcə Kehl şəhərindəki körpünü tapın, çünki bu körpü Almaniya ilə Fransanı birləşdirir.



Kölner kilsəsini ziyarət etmək

İkinci Dünya Müharibəsinə şahid olmuş bu qotik tikili sizi valeh edəcək. Ölçü üzrə dünyada 3-cü yerdə olan nəhəng kilsənin atmosferi tam fərqlidir. Sözlərlə ifadə olunmaz, yaşanmalı!



Yeni il yarmarkasında olmaq

Almaniyaya qışda səyahət etmiş olsanız, yarmarkaları qaçırmayın. Ən rəngarəng yarmarkaların ünvanları Nuremberg və Dresdendir. Qeyd etməliyik ki, Dresdendə Yeni İl yarmarkaları 1433-cü ildən keçirilir!



Divarda vücud tapmış tarixə toxunun

Berlin divarının yanından keçmədən ölkə ilə vidalaşmayın, onun üzərində müasir küçə incəsənətinin nümunələri var. Divarın tarixi ilə yaxından tanış olmaq üçün isə eyni adlı muzeyi ziyarət edin.