Tağıyev-Behbudov məsələsi: XX əsrin əvvəllərində Qafqazın müsəlman elitləri arasındakı qarşıdurma

Bloq By Bildirchin Posts ·

1911-ci il mayın 16-da, günorta saat 03:15-də Lütfəli bəy Behbudov Bakının mərkəzində faytondan çıxıb, neft baronu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin əzəmətli evinə daxil olur.

Behbudov ümidverici bir gənc idi. O, əvvəllər Şuşa əyalətində yerləşən Üçoğlan kəndində böyük bir əmlakı olan alicənab müsəlman-bəy ailəsində doğulmuşdu. Sankt-Peterburq Texnoloji İnstitutunda mühəndislik – XX əsrin əvvəllərində neft bumunun ortasında Bakıda tələbin yüksək olduğu peşə təhsili alıb.[1] Maddi çətinliklərə görə Behbudov bəlkə də məzun ola bilməyəcəkdi, bəxti onda gətirdi ki, Əlimərdan bəy Topçubaşov onun təqaüd alması üçün tövsiyə verdi.[2] O zaman Topçubaşov – yəni Rusiya Dövlət Dumasında müsəlman fraksiyasının gələcək lideri – Hacı Zeynalabdin Tağıyevin sahibi olduğu Kaspi qəzetinin redaktoru idi və Tağıyev istedadlı müsəlman tələbələrin təhsil almasına dəstək olan biri kimi tanınırdı. Topçubaşovun tövsiyəsi ilə Tağıyev bu gəncə sponsorluq etməyə razı oldu və 1904-cü ildə məzun olduqdan sonra Behbudov öz havadarının yanında işləmək üçün Qafqaza qayıtdı. O, öz sahəsində tezliklə yüksəldi və nəticədə Tağıyev özünün biznes imperiyasının əhəmiyyətli bir hissəsini, o cümlədən zavod, vətəgə, dəyirman, fabrik və hətta şəxsi evlərinin idarəçiliyini də Behbudova həvalə etdi.[3]

Tarixçi Tadeuş Svyataçovski Hacı Zeynalabdin Tağıyev əfsanəsini qısa şəkildə belə ümumiləşdirir: “Öz hesabına varlanan Tağıyev Zaqafqaziyanın ən zəngin adamı kimi tanındı. O, neft çıxan kiçik torpaq sahəsi ilə başlayaraq, sərvətini sərmayə qoymaqla və birja spekulyasiyaları ilə artırdı. Zaman ötdükcə maraqlarını neft sənayesindən kənara doğru genişləndirdi: Azərbaycanda ilk toxuculuq fabrikini qurdu, tütün və pambıq əkinlərinə sərmayə qoydu. Yazıb-oxumağı bacarmasa da, Tağıyev Azərbaycanda, eləcə də Rusiyanın digər müsəlman mərkəzlərində məktəbləri, qəzetləri, teatrları maliyyələşdirir və təqaüdlər verirdi.”[4]

Behbudov həm Tağıyevin xeyirxahlığından faydalananlardan biri, həm də sonradan onun biznes məsələlərində mühüm köməkçisi olmuşdu.

Behbudov 16 may 1911-ci ildə Tağıyevin Bakıdakı malikanəsinə gələndə ev sahibi tək deyildi. Bakı cəmiyyətinin altı görkəmli üzvü Tağıyevlə birlikdə idi: Tağıyevin oğlu Sadıx; qardaşı oğlu Məmməd Rza; Tağıyevin biznes menecerlərindən Mehdi Cəfərov; Tağıyevin Kaspi qəzetinin ofis müdiri və eyni zamanda Bakı Şəhər Dumasında məclis üzvü olan Həsən Həsənov; rus ordusunun sahə kapitanı İrza bəy Məmmədbəyov; nəhayət, İran kraliyyət ailəsinin üzvü, rus ordusunun podpolkovniki, məşhur yazıçı və islahatçı Mirzə Fətəli Axundzadənin nəvəsi Şahzadə Mənsur Mirzə Qacar.[5]

Behbudov Zaqafqaziya dəmir yolunun rəhbərliyi ilə Tağıyev adından danışıqlar aparmaq üçün Tiflisə bir həftəlik səfərindən sonra – 15 mayda Bakıya qayıtmışdı. Qayıtdıqdan sonra o, Tağıyevlə görüşdü və çarın Qafqazdakı canişini Vorontsov-Daşkov ilə apardığı müzakirə barədə 2,5 saatlıq məruzə etdi. “Tağıyev məmnun qaldı”, – deyə Behbudov sonralar söyləyəcəkdi.[6]

Amma ertəsi gün Tağıyevin evində Behbudov xoş qarşılanmadı. Yuxarıda sadalanan altı nəfərin qarşısında yaşlı Tağıyev mühəndis Behbudovu özündən çox cavan olan arvadı Sona xanımla yaxınlaşmaqda ittiham etdi. Behbudov təkzib etdi. Tağıyevin evinə gəldikdən təxminən bir saat sonra Həsən Həsənov və Məmməd Rza Tağıyevin müşayiəti ilə Behbudov çölə çıxardıldı, lakin onu adəti üzrə Tağıyevə məxsus olan faytona əyləşdirmək əvəzinə, at arabası saxlatdırıb, onunla evinə göndərdilər. Ümid vəd edən bu gəncin Tağıyevin biznes imperiyasındakı karyerası başa çatdı. Onun sağ gözü qaralmışdı, çənəsi isə qanayırdı...[7]

Tağıyevin evində baş verən hadisənin xəbəri tezliklə şəhərə yayıldı. Şayiələr “[müsəlman] cəmiyyətin hər tərəfinə nüfuz etdi; evlərdə, klublarda və küçədə hamı bu ‘ailə məsələsi’ barədə eşidirdi.”[8] Hadisə dəhşətli spekulyasiyalarla bəzədilirdi və müsəlman icması regional xətlər üzrə – Tağıyevi dəstəkləyən Bakı düşərgəsi ilə Behbudovun tərəfini tutan Şuşa düşərgəsinə bölünmüşdü.[9]

16 may hadisəsi sonda cinayət mühakiməsinin predmetinə çevriləcəkdi: Tağıyev yuxarıda adı çəkilən 6 nəfərin iştirakı ilə Behbudova hücum təşkil etməkdə ittiham olunurdu. Xalqa açıq olan məhkəmə salonu dolub-daşdı, bəzi qəzetlər hər gün məhkəməyə bir neçə səhifə həsr etdilər. Mətbuat tərəfindən bəzədilmiş bu hekayənin qarşısını almaq mümkün deyildi: qadağan olunmuş sevgi macərası, qəzəblənmiş ər və vəhşi qisas... Bunların hamısına yerli müsəlman intelligensiyası, İran şah ailəsinin üzvü, bir neçə milyonçu, Rusiya Dövlət Dumasının üzvləri və əlbəttə ki, Qafqazın qüdrətli şəxsi Tağıyevin özü də daxil idi. Bu hadisə Bakı sakinləri tərəfindən tez unudulmadı, hətta bir rüb sonra dövrün ən məşhur romanı olan Əli və Ninoda öz əksini tapdı.

Müasirlərinin diqqət mərkəzində olmasına və Tağıyevin nüfuzuna davamlı təsir göstərməsinə baxmayaraq, bu qalmaqal tarixçilər tərəfindən əksərən gözardı edilib. Bu məqalənin məqsədi Tağıyev-Behbudov məsələsini canlandıraraq yüz il əvvəl bu iki şəxs arasında əslində nəyin baş verdiyini müəyyən etmək deyil. Mövcud dəlillər əsasında bu, qeyri-mümkün bir iş kimi görünür. Həmçinin, bu məqalə Tağıyevi “ifşa etmək” və ya onun Azərbaycan mədəniyyətinə verdiyi töhfələri kölgə altına salmaq cəhdi də deyil. Əksinə, əksərən gözardı edilmiş bir mövzunun – Rusiya İmperiyasının son illərində Qafqaz müsəlman cəmiyyətindəki daxili qarşıdurmaların öyrənilməsinə kiçik töhfə vermək cəhdidir. Tağıyev və Behbudov arasında çox vaxt “ailə məsələsi” olaraq adlandırılan münaqişə şəxsi məsələ idi, lakin cinayət işi, ələlxüsus da mətbuatda ortaya atılan polemikalar ictimai maraq doğuran məsələdir.

Tağıyev-Behbudov məsələsi 20-ci əsrin əvvəllərində Qafqaz müsəlman elitalarının riayət etdiyi şərəf kodlarının sosioloji şəkildə öyrənilməsi üçün bizə zəngin material verir. Behbudov şiddətli döyülməsi ilə bağlı məsələni məhkəmədə şişirtsə də, aldığı fiziki xəsarətlərin onun üçün ikinci dərəcəli əhəmiyyət kəsb etdiyini də etiraf etmişdi. Məhz şərəfinin zədələnməsi Behbudovu Tağıyevə qarşı rəsmi şikayət verməyə məcbur etdi. Bu qərarı verməzdən əvvəl Behbudov etibarlı məsləhətçilərlə bir ay ərzində şərəfinin nə dərəcədə zədələndiyini, onun bərpası üçün ictimai cəhətdən hansı məqbul və müvafiq tədbirlərin görülə biləcəyi barədə müzakirə apardı. Biz sosial statusun yeni formalarında (Rusiya mülki rütbələri, intelligensiya) və konfliktlərin tənzimlənməsindəki yeni vasitələrdə (rus hüquq sistemi, duelə çağırmaq) avropalılaşmanın təsirlərini görürük; bunlar da tərəflərin hər birinin qərarına təsir edirdi.

Tağıyev-Behbudov məsələsinin ətraflı araşdırılması həm də alimlərə Azərbaycanın siyasi tarixinin gedişatını dəyişdirən müsəlman elitaları arasındakı konkret ixtilafları və düşmənçilikləri öyrənməyə imkan verə bilər. Aşağıda görəcəyimiz kimi, dövri mətbuatda Tağıyev-Behbudov məsələsi ilə müsəlman cəmiyyətində əvvəllər baş verən münaqişələr arasında müqayisələr aparılırdı. Ən əsası isə o idi ki, jurnalistlər Tağıyev ilə siyasətçi və yazıçı Əhməd bəy Ağaoğlu arasında indi unudulan münaqişəni yada salırdılar. Ağaoğlu ilə Tağıyev arasındakı gərgin münasibət intelligensiya ilə kapitalistlər arasındakı daha geniş bölünməni göstərir və bəlkə də bu münasibət regional loyallıqlar ilə (Ağaoğlu Qarabağdan, Tağıyev isə Bakıdan idi) daha da mürəkkəbləşmişdi. Tağıyevin təzyiqi həqiqətən də Ağaoğlunun Bakıdan Türkiyəyə mühacirət etmək qərarında həlledici rol oynamış ola bilər. Mətbuatda izlərini tapdığımız bu ehtimalımızı təsdiqləmək və izah etmək üçün əlavə araşdırma tələb olunur, lakin bu, təsdiqlənərsə, olduqca əhəmiyyətli bir məlumat olardı. Ağaoğlu yerli siyasətdə çox fəal idi, hətta Qafqazdakı ilk müsəlman siyasi təşkilatı olan inqilabçı Difaini qurmuşdu. O, Bakıda qalsaydı, çox güman müasir Türkiyənin qurulmasında mühüm rol oynadığı kimi, Qafqaz siyasətində də həlledici rol oynamağa davam edərdi.

Bundan əlavə, Tağıyevin əsas vəkili, Rusiya Dövlət Dumasının üzvü Vasili Maklakovun oynadığı rol Rusiya mətbuatında Qafqazdakı etnik qarşıdurmalar və inqilabi hərəkatlar ətrafında polemikaya səbəb oldu. Xüsusi maraq doğuran məqam budur ki, Maklakov eyni zamanda dövrün ən məşhur iki məhkəmə prosesində iştirak etmişdi: Tağıyev-Behbudov məsələsi və Daşnaksütyun işi. 10 mart 1912-ci ildə Maklakov Bakıda Tağıyevi müdafiə etmək üçün son arqumentlərini söylədi, 14 martda isə Sankt-Peterburqdakı məhkəmədə Erməni İnqilabi Federasiyasının (Daşnaktsütyun) terrorist əməllər törətməkdə ittiham olunan 158 üzvünü müdafiə etdi. Mətbuatda Maklakovun şəxsi keyfiyyətləri ilə bağlı polemikalarda həm etno-dini (ermənilər və müsəlmanlar), həm də sosial-iqtisadi (kapitalistlər və sosialist inqilabçılar) mövzular vurğulanırdı. Liberallarla solçular Maklakovu öz prinsiplərini kapitalist Tağıyevə satmaqda ittiham edirdilər, sağçılar isə Tağıyevi müdafiə edərək, onu sosialist inqilabına və erməni separatizminə qarşı dayaq kimi təqdim edirdilər.

Bu məqalə əsasən nəşr edilmiş mənbələrə əsaslanır və Gürcüstan Milli Arxivindəki bir sənədə Lütfəli bəy Behbudovun bioqrafik məlumatları üçün bir neçə istinad verilir. Gürcüstan arxivlərində 1913-cü ildə Tiflisdə Tağıyevin məhkəməyə müraciəti ilə əlaqəli heç bir sənəd tapa bilmədim. İlk dəfə 1911-ci ilin iyun ayında ictimailəşən hadisəni, habelə sonrakı – 1912-ci ilin martındakı məhkəmə prosesini Rusiya İmperiyasının mətbuatı, xüsusən də Tağıyevin özünün Kaspi qəzeti, digər yerli qəzetlər olan Bakı və Bakinets, Tiflisdə Kavkaz, Sankt-Peterburqda Russkoye slovo və Veçerneye vremya, Moskvada isə Moskovskiye vedomosti işıqlandırırdı. Məşhur naşir və islahatçı Həsən bəy Zərdabinin qardaşı oğlu Rəhim bəy Məlikovun Bakı qəzetində yazdığı və sonradan 1987-ci ildə Şamil Qurbanov[10] tərəfindən toplanaraq kitab şəklində çapdan çıxmış məqalələri xüsusi olaraq qeyd etmək istərdim, çünki bu məqalələr pərdə arxasından əhəmiyyətli məlumatlar verir.

Bakıda müsəlman qəzetələri:

“Qəzet millət üçün bir aynadır ki, oraya baxan hər bir şeyi görə bilər, bircə Hacı cənablarının evində injener Behbudovun döyülməyindən savayı.”

Atalar sözü: “Güclü adamı incitmək ağıllıların işi deyil.”

(Molla Nəsrəddin, 11 avqust, 1911, № 29, illustrasiya Yozef Rotterindir)

Hadisə: Tağıyev-Behbudov məsələsinin yuxarıda göstərilən təfərrüatları mübahisəsizdir; həm Behbudov, həm də Tağıyev tərəfindən doğru olaraq qəbul edilib. Behbudov həqiqətən də 1911-ci il mayın 16-sı, günortadan sonra Tağıyevin evinə onu görməyə gəlib. Tağıyev onu yuxarıda adları sadalanan altı nəfərlə birlikdə gözləyib. Tağıyevin evində olarkən Behbudov döyülüb. Mübahisəli olan üç vacib sual var: 1) Behbudov niyə döyüldü; 2) Kim döydü; 3) Hansı şiddətdə döyüldü?

Behbudovun hadisələrlə bağlı versiyası ilk dəfə 1911-ci il 19 iyun tarixində onun Bakı Prokurorluğuna verdiyi rəsmi şikayəti Russkoye slovo qəzeti tərəfindən əldə edilərək dərc olunanda ictimaiyyətə məlum oldu:

“Son səkkiz ildir ki, ... mən yerli tacir, [Rusiya İmperiyasının] həqiqi dövlət müşaviri[11] H. Z. A. Tağıyevin xidmətindəyəm, onun müəssisələrinin texniki tərəflərini idarə edir, eyni zamanda mülklərinin, gəmiqayırma zavodunun və dəyirmanının idarəsi ilə bağlı müxtəlif tapşırıqları yerinə yetirirəm. Bu müddət ərzində cənab Tağıyev ilə mən hər hansı qarşılıqlı anlaşmazlıq və problemlər yaşamadan, tamamilə normal iş əlaqəsi saxladıq. Bu [işgüzar münasibət] xaricində ailələrimiz tanış idi və bir-birimizi ziyarət edirdik. Bu il mayın 16-da cənab Tağıyev bir neçə dəfə məni ofisdən mənzilinə çağırdı, burada mənimlə işlər barədə söhbət etdi və sonda lazımi təmir işləri ilə bağlı evini onunla birgə yoxlamağım üçün mənim günorta 03:30-dan gec olmayaraq evinə gəlməyimi istədi. Günortadan sonra, saat 03:15-də mən cənab Tağıyevin evinə çatdım və onunla birlikdə mənzilinin daxili otaqlarına tərəf getdik. Yol boyu döşəmələrin, tavanın və sairələrin yenilənməsi ilə bağlı mənə göstəriş verən cənab Tağıyev mənimlə birlikdə pəncərələri bağlanmış yataq otağına girdi. Otağa girdiyim anda qapı arxamdan bağlandı və cənab Tağıyevin “Döyün, öldürün!” əmri ilə gəlişimi gözləyən altı nəfərin qəflətən hücumuna məruz qaldım. O şəxslər bunlar idi: Bakı meri yanında xüsusi tapşırıqlar üzrə zabit, podpolkovnik Mənsur Mirzə Qacar; yerli sərhəd mühafizə briqadasının sahə kapitanı İrza bəy Məmmədbəyov; Tağıyevin oğlu Sadıx; Kaspi qəzetinin ofis müdiri Həsən ağa Həsənov; Tağıyev fabrikinin müdiri Mehdi Cəfərov və Tağıyevin qardaşı oğlu Məmməd Rza Tağıyev. Gördüm ki, Həsənov (Bakı şəhər dumasının üzvü) üstümdə silah gəzdirəcəyimdən şübhələnərək, əlində mənə doğru yönəldilmiş bir revolver tutur. Cənab Tağıyevin rəhbərliyi ilə yuxarıda göstərilən şəxslər məni yerə yıxıb üz, baş və s. nayihələrimdən vurmağa başladılar. Bu qəfil hücumdan çaş-baş qalmışdım, yeganə silahım təmir olunmalı yerləri ölçmək üçün istifadə etdiyim ölçü çubuğu idi; özümü müdafiə etmək imkanım yox idi, zərbələr nəticəsində əldən düşdüm və huşumu itirdim. Özümə gəldiyim zaman Sadıx Tağıyev və Mənsur Mirzə şübhəsiz ki, əvvəlcədən hazırlanmış iplə qollarımı bağladılar. Qalxmağa çalışdım, amma məni yenidən yerə atdılar və döyməyə başladılar. Bu, bir neçə dəfə təkrarlandı, həm də üstümə tüpürdülər və mənə ən dəhşətli təhqirlər yağdırdılar. Məni uzun müddət amansız və qəzəbli şəkildə döydülər. Boş yerə yalvardım ki, məni öldürsünlər, alçaltmasınlar və nədə günahkar olduğumu izah etsinlər. Xahişlərim isə cənab Tağıyevi və yoldaşlarını daha da qəzəbləndirdi; zərbələr daha şiddətli şəkildə yağdı, təhqirlər gücləndi. Nəhayət, sümüyə qədər kəsilmiş çənəmdən qan axmağa başladı. Bu, bir az cənab Tağıyevi və onun yoldaşlarını narahat etdi: təxminən bir saat davam edən döyülmə başa çatdı və cənab Tağıyev mənim hazırkı vəziyyətimə heyran qalması üçün arvadımı telefonla çağıracağını bildirdi. Döyülməyimə, işgəncəyə məruz qalmağıma, üzümün qanamasına, qollarımın bağlanmasına baxmayaraq, cənab Tağıyevin qarşısında dizlərimin üstünə atılıb yalvarırdım ki, indiyə qədər mənə etdikləri ilə kifayətlənsin. Ancaq cənab Tağıyev amansız idi. Bir neçə dəqiqə keçdi, bu müddətdə cənab Tağıyev məni dəhşətli işgəncələrlə hədələməyi dayandırmadı və xanım Tağıyevanın otağından yataq otağına keçən qapının astanasında xanım Tağıyeva yoldaşımın müşayiəti ilə göründü. Sonuncu tərəfə dönən cənab Tağıyev onu məndən necə qisas almasına heyran qalmağa və üstümə tüpürməyə çağırdı; sonra mənə ölüm təhdidi altında ultimatum verildi – Bakını əbədi tərk etmək... Sonra əllərimi açdılar və orada olanlardan dörd nəfər (cənab Tağıyev, Mənsur Mirzə, Həsənov, Məmməd Rza) məni pilləkənə apardı. Sonuncu ikisi məni müşayiət etdi və arabaya qoydu...”[12]

Tağıyevin təsvirində hadisələrin tam versiyasını Bakı qəzetinin məhkəmə müxbiri ictimailəşdirdi. Məhkəmə iclasında Tağıyev Behbudova qarşı törədilmiş hücumda iştirak etmədiyini və bu hücumun əvvəlcədən planlaşdırılmadığını deyir. O, eyni zamanda izah edir ki, biznes meneceri Behbudov ilə qarşıdurmanın səbəbi sonuncunun Tağıyevin olduqca gənc arvadı (Tağıyev hadisə baş verən zaman 73 yaşında, arvadı Sona xanım isə 30 yaşında idi) ilə əlaqədə olması şübhəsi olub, Behbudov isə rəsmi şikayətində bu mövzuya toxunmamış, lakin məhkəmə zalında bu iddiaları təkzib etmişdi. Tağıyev öz ifadəsində hücumdakı əsas rolu qardaşı oğulları Məmməd Rza və Məmməd Bağırın oynadığını deyir, halbuki Behbudov Məmməd Bağırın orada olmadığını və özünün döyülməsində iştirak etmədiyini iddia edirdi. Həmçinin, Tağıyevin versiyasında qarşıdurma səhnəsi yataq otağından əsas salona keçir.

“Hacı Zeynalabdin Tağıyev ifadə verdi ki, mayın 16-da səhər yeməyində Behbudovla bağlı söhbət zamanı həyat yoldaşı [Sona xanım] ona “sənin Behbudovun şərəfsizdir. Onu işdən çıxart” deyib. Sona xanım izah edib ki, Behbudov onunla yaxınlıq etməyə başlayıb, əlindən tutaraq onu öpməyə çalışıb və o da Behbudovu özündən kənara itələyib. [Tağıyev] eşitdiklərindən təəccübləndi və arvadından [Leyli] Behbudovanı saat 3-də evə dəvət etməsini istədi, özü də Eynullaya (xidmətçisi) tapşırdı ki, Lütfəli bəy Behbudovu ofisdən evə çağırsın. Tağıyev sakit şəkildə Eynullaya dedi ki, saat 3-də məsələ ilə bağlı ona hesabat versin. Bu vaxt o, yaxın iş yoldaşlarının saat 3-də evə dəvət olunmasını təşkil etdi, Şahzadə Mənsur kimi bəzilərini isə telefon açaraq özü çağırdı. Qonaqlar gələndə [Tağıyev] iş görürdü və onları əsas salona yönəltdi. Behbudov sonuncu gəlmişdi. Onu əsas salona apardı; Şahzadə Mənsur, Sadıx Tağıyev, Məmməd Rza [Tağıyev] və Məmməd Bağır Tağıyev, Məmmədbəyov, Cəfərov, Həsənov orada idilər. O, toplantıda Behbudovun hərəkətləri barədə danışdı. Sonuncu ittihamları rədd etməyə başlayanda Tağıyev ona dedi ki, [Sona xanım] Behbudovu öz arvadının yanında ifşa edəcək. Behbudov Tağıyevdən arvadını gətirməməsini xahiş etsə də, Tağıyev onun tələbini yerinə yetirməyərək [Sona xanım] və [Leyli] Behbudovanı əsas salona dəvət etdi. Behbudovun hər şeyi təkzib etdiyini biləndən sonra [Sona xanım] onu yalançı adlandırdı və səhər yeməyində [Tağıyevə] dediklərini hamıya danışdı. Bunu eşidən [Leyli] Behbudova başını tutub ağlamağa başladı. Tağıyev [Leyli Behbudovaya] onu aldatdığına görə ərini dərhal işdən çıxardacağını dedi, ayağını yerə vurub Behbudovun çölə çıxmasını əmr etdi. Behbudov [əsas salonu] tərk etdi və [Tağıyevin] hər iki qardaşı oğlu – Məmməd Rza və Məmməd Bağır Tağıyev [Behbudovu] müşayiət etdilər. Pilləkəndən qışqırıq və çaxnaşma səsləri eşidiləndə Tağıyev otaqdakılara yenə də Behbudovla bağlı şikayətlənməyə başladı. Onların hamısı səs-küyün səbəbini öyrənmək üçün əsas salondan çıxdılar və Tağıyevin qardaşı oğullarının Behbudovu döydüyünü gördülər. [Tağıyev] onlara bu rüsvayçı davranışı dayandırmaqlarını əmr etdi, Həsənov isə hətta aşağı enərək Məmməd Rza və Məmməd Bağırı Behbudovdan uzaqlaşdırdı.”[13]

Yəqin ki, Tağıyevin evində həmin gün həqiqətən nəyin baş verdiyini heç vaxt müəyyən edə bilməyəcəyik. Əhəmiyyətli fiziki sübutlar olmadıqda məhkəmə, demək olar ki, yalnız şahid ifadələrinə əsaslanmalı oldu. Demək olar ki, bütün şahidlərin iddiaçı və ya ittiham edilən şəxslə sosial, ailəvi və ya işgüzar əlaqələrinin olması vəziyyəti daha da mürəkkəbləşdirirdi. Ancaq aydın görünən odur ki, hər iki tərəf də həqiqəti öz xeyrinə təhrif etməkdə günahkardır. Bu məqalənin məqsədləri üçün hər iki tərəfin açıq-aşkar yalan danışdığına dair bir nümunə göstərəcəm.

Şübhəsiz ki, Behbudov döyülmüşdü, lakin görünür, ifadəsində özünə qarşı tətbiq edilən zorakılığın şiddətini şişirdib. Hadisədən bir gün sonra Behbudov bir qrup dostunu və etibarlı məsləhətçiləri evinə dəvət edərək hadisəyə necə reaksiya verə biləcəyini onlarla müzakirə edib. Bu qrup arasında iki həkim var idi – Xosrov bəy Sultanov və Bəhram bəy Axundov (ikisi də Azərbaycan tarixinin tanınmış simalarıdır: Axundov sonradan Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinə seçilir, Sultanov isə 1918-ci ildə müdafiə naziri, 1919-cu ildə Qarabağ və Zəngəzurun general-qubernatoru olur). Onlar Behbudovu müayinə etdilər və aşağıdakı xəsarətləri qeyd etdilər: gözü göyərib, çənəsində kəsik, yanağında kəsik, gövdəsində bir neçə qançır və dirsəkdən yuxarıda hər iki qolun ətrafında üzük şəklində qançırlar.[14] Behbudov iddia etdiyi kimi, bir saat boyunca altı nəfər tərəfindən amansızcasına döyülsəydi, yəqin ki, xəsarətləri daha ciddi olmalı idi. Hadisədən sonrakı günlərdə Behbudovla rastlaşan bir neçə şahid onda heç bir zədə əlaməti görmədiklərini ifadə etdilər. Behbudovun iddia etdiyi kimi, üzünü pudralayaraq zədələrini gizlətməsi də inandırıcı görünmür.[15]

Tağıyev də həqiqətin təhrif edilməsində günahkardır və ən azından çox güman ki, Behbudovla qarşıdurma Tağıyevin iddia etdiyi kimi, mülayim söhbət deyildi. Məsələn, məhkəmədə Şahzadə Mənsurun açıq bir yalanı aşkarlandı. Şahzadə Mənsurun vaxtında işlədiyi Bakı meriyasına təqdim etdiyi yazılı izahatda o, qeyd edirdi ki, Tağıyev Behbudovun üzünə tüpürüb. Məhkəmədə isə o, tüpürmək hadisəsini rədd etdi, ondan bunun izahı soruşulanda Mənsur bu detalı sadəcə, “rəngarənglik qatmaq üçün” yazılı izahatına əlavə etdiyini iddia etdi. Məhkəmə salonunda hamı gülməyə başladı.[16]

Məhkəmə prosesi 1912-ci il 6-11 mart tarixində, Novruz bayramı ərəfəsində Bakıda keçirildi. 74 yaşlı Tağıyev günahkar bilindi və iki il yarım müddətinə azadlıqdan məhrum edildi, onun altı yoldaşının hər biri isə iki il müddətinə həbsə məhkum olundu və hamısı yüksək rütbələri sayəsində yararlandıqları hüquq və imtiyazlardan məhrum edildilər.[17] Lakin 1913-cü il 10-12 yanvar tarixində Tiflisdə onların apellyasiya müraciəti dinlənildi.[18] Apellyasiya məhkəməsi ilkin qərarı ləğv etdi və Tağıyev ilə digər altı nəfər bəraət aldı. Tağıyevin özü hadisəyə görə heç vaxt həbsxanada olmadı.

Şərəf, ayıb və ədalət

Tağıyev məsələsində dövrün ən görkəmli tarixi şəxsiyyətləri geniş şəkildə iştirak edirdi. Məsələn, Tağıyevin mayın 16-da evinə dəvət etdiyi iddia edilən insanlar arasında başqa iki tanınmış müsəlman milyonçu – 63 yaşlı Ağa Musa Nağıyev və 54 yaşlı Murtuza Muxtarov da var idi. Nağıyev həmin vaxt xaricdə idi və Tağıyevin dəvətini almamışdı, amma Muxtarov Bakıda idi və həqiqətən də Tağıyevlə telefonla danışmışdı. Tağıyevin müdafiə komandasının tələbi ilə məhkəmədə oxunan Muxtarovun ilkin istintaqa verdiyi ifadə belə idi: “Mayın 16-da Tağıyev telefonla günorta saat üçdə ailə yığıncağı üçün evinə gəlməyimi istədi. Başqa işlə əlaqədar görüşüm var idi və Tağıyevə dedim ki, yəqin gələ bilməyəcəm. Tağıyev məsələnin çox vacib olduğunu və Musa Nağıyevin də dəvət olunduğunu bildirdi. Cavab verdim ki, işlərimi qaydasına sala bilsəm, gələcəm. Tağıyevi həmin gün görə bilmədim. Bir neçə gün sonra mən Tağıyevin evində Behbudova əzab verildiyini öyrəndim. Tağıyevin məni belə bir şeyin şahidi olmağa dəvət etməsindən qəzəbləndim və onun evinə bir də getmədim. Ay yarım sonra Tağıyevlə kənddə görüşdüm, Behbudovun döyülməsi və mənim həmin gün dəvət olunmağım barədə məyus olduğumu bildirəndə o, cavab verdi ki, əgər o gün Musa Nağıyevlə birlikdə onun evinə gəlsəydim, onda qardaşı oğulları Bağır və Məmməd Rza Behbudovdan qisas almağa cəsarət etməzdilər.”[19]

İctimai təsəvvürdə Muxtarov fiziki güc və cəsarət sahibi insan kimi xatırlanır. Rəvayətə görə, o, bir dəfə hürküdücü çeçen abreki[20] Zəlimxanla dalaşıb və bir dəfə də ondan “qorunma pulu” toplamağa gələn bir qoçunu amansızcasına döyüb. Amma öz ifadəsində Muxtarov zinada təqsirləndirilən Behbudovun döyülməsində sadəcə, iştirakçı olaraq dəvət almasını təhqir kimi qəbul etdiyini deyir. Muxtarovun burada həqiqi hisslərini ifadə edib-etmədiyini bilmək mümkün deyil, lakin ifadəsində zorakılığa qarşı göstərdiyi etinasız, qınayıcı münasibət sözsüz ki, həm qanuni, həm də ictimai baxımdan məqbul görülən münasibət idi. O dövrdə Qafqazda şiddətli qarşıdurmaların (həmçinin elitalar arasında) geniş yayılmasına baxmayaraq, Tağıyev-Behbudov məsələsi ilə bağlı verilən açıqlamalarda zorakılıq demək olar ki, hamılıqla pislənildi.

Ancaq Behbudov ona zorakılıq tətbiq edilməsinin heç də bu hücumdakı ən əhəmiyyətli məsələ olmadığını həmişə qeyd edirdi. Məhkəmədə Behbudovun bədənində gördüyü fiziki xəsarətləri təsvir etdikdən sonra ittiham olunan şəxsin şahidi qismində danışan həkim Xosrov bəy Sultanov bildirib ki, Behbudovun “fiziki əzablarından çox, onların diqqətini onun mənəvi əzabları çəkib.”[21] Behbudov özü ifadəsində belə deyirdi: “Mənə edilən bu hücumdan məəttəl qaldım. Məni döyülməyim təəccübləndirmədi, axı mən Qafqazda yaşayıram və burada adətlər vəhşidir. Hər kəsin hörmət etdiyi, ən yüksək dərəcəli şərəfə nail olan və hökumət tərəfindən bəyənilən biri olan Tağıyevin evində döyülməyim məni heyrətə gətirdi. Göyün yarılması məni Tağıyevin evindəki bu vəhşi qisas faktından daha az heyrətləndirərdi.”[22]

Tağıyev-Behbudov məsələsində rütbə və ictimai mövqenin rolu məhkəmə ifadələrində və mətbuatda dəfələrlə təkrarlanır. Bakı qəzetinin redaktorları da iddia edirdilər ki, Tağıyevin yüksək ictimai mövqeyi bu məsələni daha da ağırlaşdırır, belə ki, bu cinayət aşağı sosial statuslu biri tərəfindən törədilsəydi, indiki qədər əhəmiyyətli olmazdı. “Bu faktın əhəmiyyəti cənab Tağıyevin məhz mədəni ictimai xidmətlərinə görə həqiqi dövlət müşaviri və Fəxri Sülh Hakimi adı almış qabaqcıl müsəlman olması faktı ilə daha da dərinləşir. Belə bir şəxsin evində, ‘əsas salondan kənarda, pilləkəndə’ hətta təkcə ‘iki [nəfər]’ tərəfindən olsa belə, müdafiəsiz və silahsız bir insanın döyülməsi dəhşətli ədalətsizlik və şəxsə qarşı kobud zorakılıq əməli adlandırılmalıdır... ”[23]

Tağıyevin sosial mövqeyi bu işdə böyük rol oynayırdısa, Behbudovun sosial mövqeyi bəlkə də eyni dərəcədə vacib idi. Artıq gördük ki, Behbudovun sosial çevrəsinə Əlimərdan bəy Topçubaşov, Bəhram bəy Axundov, Xosrov bəy Sultanov kimi insanlar və Tağıyevin özü də daxil idi. Tağıyevdən fərqli olaraq, Behbudov Rusiya qanunlarında müsəlman zadəganlar kimi imtiyazları tanınan bəy ailəsindən gəlirdi. O, imperiyanın paytaxtı Sankt-Peterburqdakı nüfuzlu bir təhsil müəssisəsində mühəndislik dərəcəsi almışdı. 1911-ci ildə hadisə baş verdikdə, Behbudov kollej asessoru rütbəsini daşıyırdı və 1907-ci ildə dövlət şərəf ordeni, 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edildi.[24] Yuxarıda qeyd edildiyi kimi, döyülmədən bir neçə gün əvvəl Behbudov Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovla görüşmüşdü. Əlbəttə ki, o, Tağıyevin maraqlarını təmsil edirdi, amma onun bu rola layiq görülməsində Behbudovun ailə keçmişi və rütbəsi özünəməxsus rol oynayırdı.

Tağıyev-Behbudov məsələsi ilə bağlı Bakı qəzeti üçün yazdığı silsilə yazılarda jurnalist Rəhim bəy Məlikov Behbudovun təhsilinə xüsusi diqqət yetirirdi. Məlikovun özü müsəlman intelligensiyasının görkəmli üzvü idi. O, 1886-cı ildə Zərdabda doğulmuşdu, atası Mehralı bəy Məlikov Bakıdakı Dövlət Əmlak İdarəsində tərcüməçi işləyirdi. Rəhim bəy yeddi yaşında olanda atası öldü və onu əmisi, məşhur yazıçı, naşir və islahatçı Həsən bəy Zərdabi böyütdü. Daha sonra Tatarıstanda Kazan Universitetinin tələbəsi kimi Məlikov məşhur satirik jurnal olan Molla Nəsrəddin üçün müxbirlik etdi və məqalələrini də Bayquş təxəllüsü ilə imzaladı.[25]

Tağıyev-Behbudov hadisəsi ilə bağlı yazılarında Məlikov Behbudovun cəmiyyətin təhsilli bir üzvü olmasını dəfələrlə vurğulayaraq, zorakılığın xüsusilə təhsilli sinifdən olan birinə qarşı yönəldikdə yolverilməz olduğunu israrla qeyd edirdi. Məsələn, 25 iyun 1911-ci ildə Məlikov Behbudova hücum etməkdə ittiham olunan şəxsləri aşağıdakı ifadələrlə qınayırdı: “Onların qarşısında əlləri bağlanmış, ali təhsilli və akademik nişanı[26] olan bir adam var idi. Bu rüsvayçı hərəkətin altı ‘şahidinin’ önündə, təhsilli adama qarşı zorakılıq tətbiq edildi, halbuki [təhsilli insana qarşı] arbitraj, ‘intelligensiya məhkəməsi’ və s. kimi digər təsir üsulları tətbiq edilə bilərdi... Hətta bir təhsilli insanın və ya başqasının hərəkətləri tamamilə qınanmağa layiqdirsə də, onlara qarşı belə bir şiddətli qisas hüququnu [kim] verə bilər?”[27]

Nəzərə alın ki, Behbudovun Tağıyevin arvadı ilə uyğunsuz münasibətdə günahkar olduğunu güman etsə də, Məlikov ona qarşı hücumu pisləyir. Məlikov açıq şəkildə bildirir ki, Behbudovu prinsip etibarilə müdafiə edir, eyni zamanda Behbudovun öz davranışını qınayır və hətta Behbudovun xarakterini sorğulamaq üçün əlavə, mövzu ilə əlaqəsiz səbəblərinin olduğuna işarə edir. “Heç Behbudovu müdafiə etmək niyyətim də yox idi, çünki mənə görə cənab Behbudov qaldırdığım sual üçün subyektdən başqa bir şey deyil... Cənab Behbudov mənim dostum və ya qohumum deyil, sadəcə bir dəfə qarşılaşmışıq deyə onunla tanışlığım var. Müsəlman tələbələrin xatirə toplantısındakı ilk tanışlığımızdan sonra (deyəsən, 1905 və ya 1906-cı ildə) mətbuatda onun haqqında mənfi fikrimi ifadə etməli oldum.”[28]

Məlikov motivasiyasından və ya digər hallardan asılı olmayaraq qeyri-zorakı münaqişə həlli (ən azından təhsilli elita arasında) prinsipini dəstəkləyirdisə, əks fikirdə olanlar – günahın müəyyən edilməsində həlledici amilin kontekst olduğunu iddia edənlər də var idi. 1912-ci ildə birinci instansiya məhkəməsi Tağıyevin məhkum edilməsilə bağlı hökm ilə başa çatdıqdan sonra sağçı rus Moskovskiye vedomosti qəzeti redaksiya heyəti adından ümumilikdə zorakılığı rədd edən bir məqalə dərc etsə də, Behbudovun iddia olunduğu kimi, Sona xanıma yaxınlaşmaq cəhdləri, Tağıyevin sosial statusu və Qafqazın adətləri kimi faktorların yüngülləşdirici hal kimi nəzərə alınmasının vacibliyini vurğuladı. Tağıyev-Behbudov məsələsində redaktorların fikrincə, bu hallara görə qərar yüngülləşdirici olmalı, ya da hətta Tağıyevə tamamilə bəraət verilməlidir. “Siyasi xidmətlərindən bəhs edərək Tağıyevi təqaüd verdiyi Behbudovla olan toqquşmasında müdafiə etmək istəyirikmi? Əlbəttə, yox. Ancaq bütün pozuntular heç də bərabər olmur və hər işin özünəməxsus halları var, bizim ədalət hissimiz isə bunları gözardına vurmağımıza imkan vermir. Biz Tağıyevin iddia etdiyi kimi, cənab Behbudov tərəfindən onun ailə şərəfinə və ləyaqətinə edilən təhqirin nə dərəcədə əsaslı olduğunu bilməliyik. Elə vəziyyətlər olur ki, orada insanlar nəinki duelə çıxırlar, hətta qətl törədirlər, lakin eyni zamanda da məhkəmədə onların cəzaları yüngülləşdirilir və bəzən də onlara bəraət verilir. Tağıyev və onu müdafiə edənlər ... duelə çıxmadılar və heç kimi pusquda öldürmədilər – [halbuki] Qafqazda bunları etmək olduqca asandır. Onlar Behbudovu ictimai formada rüsvay etdilər, onu elə döydülər ki, məhkəmə döyülməni işgəncə kimi qəbul etdi, lakin müdafiə tərəfinin vəkilləri bunun döyüş olduğunu təsdiqlədilər. Əlbətdə ki, ən yüngül formada desək, bunların heç birində yaxşı bir şey yoxdur və müəyyən qədər cinayət şübhəsiz ki, törədilib. Amma gərək biz ümumilikdə Qafqazın, ələlxüsus da məhəmmədilərin [müsəlmanların] adətlərini unutmayaq və unutmaq olmaz ki, Rusiya qanununa görə təhsilli Behbudov və Tağıyev bərabər olsalar da, Tağıyev Bakı müsəlmanları üçün uca, demək olar, müqəddəs biridir.”[29]

Məhkəmə ifadələrində və mətbuatdakı polemikalarda bir sıra hallarda müsəlman adətlərinə istinadlar edilirdi. Bu istinadlardan biri cinayətin baş verdiyi səhnə – Tağıyevin evi ilə bağlıydı. 22 iyun 1911-ci ildə çap edilən Bakı qəzetinə göndərilmiş məktubda Sadıx Tağıyev, Şahzadə Mənsur, Məmmədbəyov, Həsənov və Cəfərov bir müddət əvvəl Russkoye slovo qəzetində dərc edilən Behbudovun iddialarını açıq şəkildə təkzib edirdilər. Behbudovun hadisələrlə bağlı olan versiyasını şübhə altına aldıqları digər iddialarla birgə bu beş nəfər iddia edirdi ki, Behbudovun ona qarşı hücumun Tağıyevin yataq otağında baş verdiyini iddia etməsi həqiqətdən çox uzaqdır, çünki belə bir şey müsəlman adətlərinə ziddir. “Yataq otağına aparıldığını iddia edən cənab Behbudov bir müsəlman kimi bilməli idi ki, müsəlmanın məhrəm yeri yad gözlərə qapalıdır. Tağıyevin mənzilində 20-30 otaq var və Tağıyev əgər Behbudovla başa çıxmaq üçün otaq seçməli olsaydı, onda başqa bir otaq əvəzinə niyə yataq otağını seçəydi axı...”[30]

Bakı qəzetində nəşr olunan cavabında Behbudov müxaliflərinin iddialarını rədd edir və özü də müsəlman ənənəsinə istinad edir. “Özlərinin ‘izahatında’ deyirlər ki, əsas salondan başqa heç bir otaqda olmamışam və müsəlmanın məhrəm yeri yad gözlərə qapalıdır. Bu da doğru deyil. Təmir bəhanəsi ilə mən yataq otağına aparıldım və bu cənabların yataq otağını – yad gözlərə qapalı olan yeri – pusqu yerinə çevirməsi mənim günahım deyil. Həmin yataq otağının döşəməsinə tökdükləri qanımı qorxaqcasına, necə qovhaqovla sildiklərini xatırlasınlar. Bundan əlavə, əgər müsəlman adəti onların gözündə hansısa bir məna daşıyırsa, bilməlidirlər ki, həmin adətə görə, bir müsəlman öz evində hətta atasının qatilinə belə bir barmaq vura bilməz. Bəs, onda özlərinin etiraf etdikləri kimi, Tağıyevin evində onun qardaşı oğlanları tərəfindən mənə edilən hücumu necə izah etmək olar?”[31]

Behbudov və ittiham üzrə digər şahidlərin ifadələrinə əsasən bilirik ki, hadisədən sonra Behbudov bir ay ərzində müxtəlif dostları, ailəsi və digərləri ilə məsləhətləşərək öz şərəfini bərpa etmək üçün strategiya hazırlamağa başladı. Behbudovun arvadı Leyli israr edirdi ki, o, rəsmi şikayət versin.[32] Onun bir neçə dostu isə bunun müxtəlif səbəblərə görə uyğun olmadığını iddia edirdi. Behbudovun  çevrəsindəki bəzi insanlar rəsmi şikayətin Tağıyevin özünə qarşı haqsızlıq olacağını iddia edirdilər; baxmayaraq ki, hamısı Tağıyevin hücumu təşkil etdiyinə inandıqlarını deyirdilər. Bu mövqeyi məhkəmədə Behbudovun dostu Behbud ağa Cavanşir səsləndirdi. Behbudov kimi Cavanşir də mühəndislik ixtisası üzrə təhsil almışdı və Azərbaycanın qərbindən (indiki Tərtər rayonundan) olan intelligensiyanın nümayəndəsi idi. 1918-ci ildə o, Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri olacaqdı. Cavanşirin məhkəmədəki ifadəsi belə idi: “Behbudov [Şuşadan][33] qayıdanda onun rəsmi şikayət vermək qərarına gəldiyini öyrəndim. Ona dedim ki, cənab Tağıyevin [məhkəmə] oturacaqda oturması, Behbudovun çəkdiyi əzabdan daha böyük ayıb olar. Mən doğulduğum gündən bəri cənab Tağıyevin yaxşı əməllərini eşitmişəm və bu sözlər məndə kök salıb. Şəxsən mən cənab Tağıyevdən asılı deyiləm, amma deyə bilmərəm ki, onun xeyriyyəçilik işləri, xüsusən də tələbələrə verdiyi maddi dəstək məni valeh etmir.”[34]

Etiraf edək ki, rəsmi şikayət verməyə tərəddüd etmək Tağıyevin tərəfdarlarının qisas alacağı qorxusundan da qaynaqlana bilər. Bütün məhkəmə prosesinin ən rəngarəng ifadələrindən birində Cavanşir söylədi ki, həyatı üçün qorxmağa heç bir əsası yoxdur.

Cavanşir: “Şəhər məclisinin üzvü Məmmədhəsən Hacınski[35] mənə dedi ki, Behbudovu məhkəmə prosesinə başlamağa təşviq edənlərə qarşı cavab hazırlanır. Bu zaman məni hücumdan qoruması üçün şəhər merinə müraciət etmək istədim. Bütün bu Behbudov söz-söhbəti regionalizmə bağlandı. Bakılılar ilə şuşalılar arasında qarşıdurma başladı.”

Hakim: “Sizdəki bu qorxuya kim səbəb oldu?”

Cavanşir: “Hamı və heç kim. Fərdi olaraq hər kəs bunu təkzib edib deyir ki, hamı buna qarşıdır. Bir çoxları açıq şəkildə baş əyməyi dayandırdılar. Burada işi bəxtə buraxmaq olmaz: 50 rubl və muzdlu qatil sizin işinizi bitirir.”

Hakim: “Yəni təsdiq edirsiz ki, Bakıda insanları 50 rubla görə öldürürlər?”

Cavanşir: “Qiymətini bilmirəm, amma muzdlu qatillər tərəfindən törədilmiş bir neçə qətldən xəbərim var...”

Makalinski (müdafiəçi): “Siz hər yerə silahla gedirdiniz?”

Cavanşir: “Bəli, ifratçılıqdan qorxurdum.”

Makalinski (müdafiəçi): “Nə mənada?”

Cavanşir: “Bilmirsiz nə manada? Axı siz də Bakıda yaşayırsız!”[36]

Qisas təhlükəsi olsa da, Behbudov bu hadisəyə həm çevrəsinin razılığını qazanacaq, həm də öz şərəfini ictimaiyyətin gözü qarşısında bərpa edəcək müvafiq cavab axtarmağı heç vaxt dayandırmadı. Behbudovun məsləhətləşdiyi şəxslərdən biri də Azərbaycan tarixinin daha bir məşhur siması, məhkəmədə şahid kimi görünən Fətəli xan Xoyski idi. Xan Xoyski bu zaman Rusiya Dövlət Dumasının keçmiş üzvü idi və 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri olacaqdı. Hadisədən sonrakı günlərdə Behbudov telefonla Xoyskiyə zəng vurdu və onu öz mənzilinə dəvət etdi, lakin Xoyski Behbudovun dilemması ilə bağlı hər hansı bir həll təklif edə bilmədi. “Bu vəziyyətdə [Behbudovun] şərəfinin bərpası üçün duelə çıxmağı məqsədəuyğun hesab etmədim, çünki yaşlı Tağıyevlə duelə çıxması gülünc olardı. Ailə sirlərini geniş ictimaiyyətə açıqlayacağına görə məhkəmənin də uyğun olmayacağını fikirləşdim.”[37]

Behbudovun duel ehtimalını gündəmə gətirən yeganə məsləhətçisi Xoyski deyildi. Behbud ağa Cavanşir ifadəsində deyir ki, Behbudova ən yaxşı variant kimi təcavüzkarları (Cavanşir kimləri nəzərdə tutduğunu qeyd etmir) duelə çağırmağı tövsiyə edib və Behbudov bunu nəzərdən keçirəcəyinə söz verib.[38] Duel zorakı qisasın başqa forması olsa da, o, XX əsrin əvvəllərində Avropada və Rusiya İmperiyasında yuxarı siniflər arasında geniş tətbiq olunan və qəbul edilmiş ciddi şəkildə tənzimlənən və rituallaşdırılmış xüsusi bir zorakılıq forması idi. Lakin Qafqazdakı müsəlmanlar arasındakı duellər barədə məlumatım yoxdur və bu məsələdə Behbudov heç vaxt Tağıyevdən və ya digər iddia edilən təcavüzkarlardan “məmnunluq tələb etmək” üçün bir addım atmadı.

F.Xoyskinin ifadəsində qeyd etdiyi Tağıyevlərin “ailə sirləri” məsələsi Behbudovun məsləhətləşmələrində dəfələrlə qaldırılıb. Bir neçə məsləhətçisi rəsmi şikayət verməyin mümkün olmadığını iddia etdi, çünki hadisəni ictimailəşdirərək Behbudov hücumun iddia edilən səbəbini – Behbudovun Sona xanıma yaxınlaşmasını – də diqqət mərkəzinə cəlb edəcək. Bu isə istər-istəməz Sona xanımın şərəfini də ictimai fikirdə şübhə altına alacaqdı. Behbudov öz ifadəsində deyir ki, rəsmi şikayət vermək üçün bir aydan çox gözləməsinin əsas səbəbi bu idi: “Məsələnin müsəlman bir qadının namusuna aid olması düşüncəsi məni dayandırdı.”[39]

Panel 1:

Ana: Qızım, bunların hansına ərə getmək istərsən?

Qız: Hacıya getməyə razıyam.

Panel 2:

Ay qızım, günah heç kəsdə deyil, özündədir. Sən istədin həmi ərin dövlətli olsun, həmi sənə azadlıq versin, həmi də çox pul versin ki, yaxşı paltarlar geyib cavan oğlanlara xoş gələsən. İndi dustaq kimi otur evdə, heç kəsdən incimə.

(Molla Nəsrəddin, 11 avqust, 1911, № 29)

Behbudov məhkəmədə qeyd etdi ki, sonda onun üçün bu dilemma hücumda günahlandırılan şəxslər tərəfindən həll edildi. Kaspi qəzetinin yazdığı kimi, “Behbudovun sözlərinə görə, may ayının sonunda o, Bakıda rayon məhkəməsinin prokurorunun Behbudovun Tağıyevin evində döyülməsi ilə əlaqədar istintaq başlatdığını və ona hücum edən şəxslərin Behbudov haqqında heç vaxt baş verməmiş detallarla yanaşı, bir çox şayiə yaydığını öyrəndi. Bu zaman Behbudov qərara gəldi ki, onsuz da məsələ ictimailəşibsə və təqsirkarlar özlərini yığışdırmayıblarsa, onun rəsmi şikayət vermək hüququ var.”[40]

Rəhim bəy Məlikovun məqaləsində Tağıyev-Behbudov işi, ələlxüsus da müsəlman adının şərəfi məsələsinə cəmiyyətin reaksiyası ilə bağlı olduqca qeyri-dəqiq olsa da, çox cəlbedici bir məqam var. Tağıyevin müdafiəçilərindən biri olan yazıçı və naşir Əbdülxalıq Axundovun məktubuna cavab olaraq Məlikov Tağıyevin müsəlman cəmiyyətindəki rolu və nüfuzu ilə bağlı bir neçə məsələdə irad bildirir. Xüsusilə Tağıyevə məxsus Təzə həyat qəzetində Tağıyevin öz adı ilə yayımladığı bir məqaləni yada salır; bu məqalədə görünür, Tağıyev müsəlman qadınların çadra geyinməsini müdafiə edirdi. “Cənab Axundov cənab Tağıyevin üç il əvvəl özünün Təzə həyat qəzetində qadınlarla bağlı müraciətini xatırlayırmı? Bu “yeni müəllif” qadınların şərəfini qorumaq üçün onların çadradan imtina etməməli olduqlarını müsəlmanların ağlına necə də yeridirdi.”

Bundan sonra Məlikov iddia edir ki, Tağıyevin evində baş verənlər cəmiyyətin “ailə şərəfi”nə olan münasibətinə təsirsiz ötüşməyib və Tağıyevin çadranın lehinə səsləndirdiyi öz arqumentlərinin populyarlığının artmasına səbəb olub. “Cənab Tağıyevi avropalı qadınların namussuzluğuna nə inandıra bilərdi? Bunun mühakiməsini cənab Axundovun ixtiyarına buraxıram. [Tağıyev-Behbudov] hadisəsindən iki ay keçməmiş ümumi əhali arasında müsəlman qadınların [məcbur] örtünməsi ilə bağlı eyni çağırışları eşidirik. Bu mənim təxəyyülüm deyil, cənab Axundov! Şəhərin Asiya hissəsində – Tatar gecəqondularının yanında dayanın və açıq həyat tərzi keçirən müsəlman qadınlara istiqamətlənmiş bu təhqirləri eşidəcəksiz...”[41]

Öz dövründə Tağıyev xeyriyyəçiliyinə, xüsusən Bakıda müsəlman qızlar üçün ilk məktəbin açılması və maliyyələşdirilməsinə göstərdiyi maddi dəstəyə görə alqışlanırdı.[42] Sözsüz ki, Məlikovun tənqidləri Tağıyevin qadın təhsilinə verdiyi töhfəni silə bilməz, ancaq Tağıyevin Qafqazdakı gender məsələlərinə təsiri ilə bağlı araşdırmaların başlanğıc nöqtəsi ola bilər, bu təsir isə adətən təqdim edildiyindən daha mürəkkəb ola bilər.

Tağıyev və intelligensiya

Dr. Qarabəy Qarabəyovun Bakı qəzetində Tağıyev-Behbudov məsələsi ilə bağlı məqaləsi 1911-ci ilin iyununda Bakinets qəzetində dərc edilən bir yazıda tənqid edildi. Tağıyevin təqaüdü ilə Dorpat Universitetində (indiki Estoniyanın Tartu Universiteti) təhsil alan Qarabəyov 1899-cu ildə məzun olduqdan sonra Bakıya qayıdır. Qayıdandan sonra tibblə məşğul olur və bir jurnalist kimi də məşhurlaşır. Sonralar Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü kimi fəaliyyət göstərəcəkdi.

Bakı qəzetinin yazmadığı əvvəlki fiziki hücum hadisələrini xatırladan Qarabəyov qəzetin Tağıyev və onun ortaqlarına (hələ heç biri məhkum edilməmişdi və onların məhkəmə prosesi doqquz ay sonra başlayacaqdı) qarşı yönəltdiyi tənqiddəki səmimiyyətini şübhə altına aldı. “Əgər [Bakı qəzeti] ... kiməsə qarşı edilən hər istənilən çirkin zorakılıq hadisəsinə bu qədər həssasdırsa və müsəlman həyatının mənafelərinə və yaxşılaşmasına ürəkdən yanırsa, onda üç il əvvəl İsrafil Hacıyev həmin bu Behbudovu gəmi sahiblərinin görüşündə döyəndə [Bakı qəzeti] niyə qəzəblənmədi? Yaxud da, ən görkəmli müsəlman ictimai xadimi və siyasi yazıçı Əhməd bəy Ağayev [Ağaoğlu] hamının gözü qarşısında klubda döyüləndə və buna görə hər şeydən imtina etməyə məcbur edilib Türkiyəyə mühacir kimi gedəndə niyə [Bakı qəzeti] etirazını səsləndirmədi? Bütün bu hadisələr həqiqətən də diqqətə layiq deyildisə, necə olur ki, Tağıyevin evində Behbudovun hələ təsdiqlənməmiş döyülməsi iddiası qəzetin susqunluğunu pozur, vaxtından əvvəl onu təhrik edir və indiyə qədər əsassız etirazlara səbəb olur?”[43]

Bu yazının məqsədləri üçün mən Qarabəyovun Bakı qəzetinə qarşı iddialarını və ya Bakı redaktorlarının bir neçə məqalə dərc edərək özlərini necə müdafiə etdiklərini araşdırmayacağam. Əksinə, Qarabəyovun burada Tağıyev-Behbudov hadisəsinin oxşarları kimi sadaladığı hadisələrə qısa nəzər salmaq istərdim. Xüsusilə, görəcəyimiz kimi, görünür Tağıyev Əhməd Ağaoğluna olan hücumda da iştirak edib və bu hadisə Tağıyevin öz dövrünün müsəlman intelligensiyası ilə münasibətləri baxımından xüsusi maraq kəsb edir.

İsrafil Hacıyev və Behbudov arasındakı fiziki mübahisəyə Sadıx Tağıyev, Şahzadə Mənsur, Məmmədbəyov, Həsənov və Cəfərovun Bakı qəzetinə göndərdikləri (və yuxarıda sitat gətirdiyim) məktublarında da istinad edilmişdi. Behbudovun konkret ittihamlarına cavab verməzdən əvvəl Sadıx Tağıyev və digərləri Behbudovun xarakterini şübhə altına almaq üçün Hacıyevlə əlaqəli hadisəyə istinad edirlər. “Mühəndis Behbudovun mənəvi xarakterinə gəldikdə, bizim mövqeyimiz qətidir. Tağıyevin evindəki hadisədən bir qədər əvvəl, Behbudov gəmi sahiblərinin görüşündə ictimai şəkildə hücuma məruz qaldı və bu təhqirə heç bir cavab vermədi.”[44] Başqa sözlə, Sadıx Tağıyev və digərləri Behbudovun məruz qaldığı tipli fiziki zorakılığa qarşı reaksiya verməməyi şərəfsizlik sayırdılar.

Behbudov cavabında hadisənin qısa təsvirini verərək iddia edir ki, ona əvvəl edilmiş hücum Tağıyevin evində baş verən hadisə ilə eyni dərəcədə şiddətli olmayıb və həmin məsələ nə Behbudovun, nə də Hacıyevin şərəfinə zərər verəcək şəkildə sonradan həll edilib. “İctimaiyyətin gözü qarşısında məni ləkələmək istəyən ‘izahat’ın müəllifləri gəmi sahiblərinin iclasında mənə edilən hücuma toxunublar. Gəmi sahibləri ittifaqının ofisindəki bu hadisə ‘izahat’ı yazanların iddia etdiyi kimi, 16 may hadisəsindən bir müddət əvvəl yox, üç il əvvəl və görüş zamanı yox, görüşdən sonra baş verib. Bu, təktərəfli bir hücumdan ziyadə, qarşılıqlı şəkildə baş verən dava idi və şərəf barədə tamamilə düzgün fikirləri olan insanların vasitəçiliyi ilə qarşılıqlı izahdan və üzrxahlıqdan sonra həll edildi.”

Dr. Qarabəyova cavablarında Bakı qəzetinin redaktorları Behbudovla əlaqəli bu əvvəlki hadisədən tamamilə xəbərsiz olduqlarını etiraf edirlər, bu isə mətbuatda bu barədə daha dolğun təsviri tapa bilməyəcəyimizə dəlalət edir.[45] Lakin heç nə olmasa da, bu hekayə onu göstərir ki, Tağıyev-Behbudov məsələsində iştirak edən və ya bu barədə şərh verən demək olar hər kəsin zorakılığı pisləməsinə baxmayaraq, fiziki zorakılığın müxtəlif formalarının Bakıda, hətta zadəganlar, intelligensiya və rütbəli insanlar arasında da baş verməsi bilinən bir məsələ idi. Həqiqətən Rəhim bəy Məlikov belə hadisələrin ümumiyyətlə, Qafqaz müsəlman cəmiyyətinə xas olduğunu iddia edirdi: “Birinin şəxsinə qarşı belə vəhşi bir qisas faktı demək olar bütün ictimai və mədəni işlərimizi müşayiət edən və ictimai həyatımızın pərdə arxasında oynanan, nadir hallarda qəzetlərin səhifələrində işıqlandırılan çoxsaylı mənzərələrdən birini ortaya qoyur. Mədəni və təhsil (!) cəmiyyətinin iclasında zorakı qisas, klubda mübahisə, redaksiyalarda və digər ictimai yerlərdə davalar – bu, müsəlman ictimai həyatının keçdiyi yoldur. Tağıyev-Behbudov hadisəsi ailə məsələsinə aid olsa da, istisna deyil.”[46]

Lakin Əhməd Ağaoğlunun başına gələn hadisə həmin dövrdə müsəlman elitləri arasındakı münasibətləri öyrənmək baxımından daha faydalıdır. Ağaoğlu XIX əsrin sonu – XX əsrin əvvəllərində Qafqaz müsəlman mədəni həyatının ən görkəmli simalarından biri idi. Parisdə təhsil alan Ağaoğlu çox məhsuldar bir yazıçı və jurnalist idi. O, Bakı Şəhər Dumasında çalışıb və 1905-ci ildə ermənilərlə müsəlmanlar arasında baş verən etnik zorakılıq şəraitində Qafqazda ilk müsəlman siyasi təşkilat olan inqilabçı Difaini yaradıb. Lakin Bakıda karyerası 1908-ci ildə Türkiyəyə mühacirət etməsi ilə tez kəsildi, burada isə erkən Türkiyə Cümhuriyyətinin siyasi həyatında görkəmli bir şəxs olacaqdı.

Əhməd Ağaoğlunun ictimai şəkildə döyülməsi ilə bağlı niyə yazmadıqlarını izah edən Bakı redaktorları belə bir açıqlama verirdilər: “Biz ən istedadlı müsəlman yazıçılardan biri olan Ə.Ağayevin [Ağaoğlunun] döyülməsini yalnız qurbanın özü Konstantinopol yolunda olanda öyrəndik. Əlavə olaraq, siyasi şərhçi, həmçinin alovlu xasiyyəti olan Ə. Ağayev bu hadisə ilə bağlı hətta uzaqda və ‘Bakı şəraiti’ndən kənarda belə bir söz söyləməyi lazım saymırdısa, deməli, güman etməliyik ki, bu hadisədə ictimai diqqətə layiq bir şey olmayıb.”[47]

Digər tərəfdən, Rəhim bəy Məlikov Ağaoğlunun döyülməsinin mətbuatda işıqlandırılmağa layiq xəbər olduğunu düşünürdü. Tağıyev-Behbudov məsələsinin başlamasından iki il əvvəl Məlikov satirik jurnal Zənburun redaksiya mövqeyini bir çox məsələlərə, o cümlədən müsəlman regionalizminə olan münasibətində tənqid edən polemik məqaləsində bu məsələyə də toxunurdu.[48] Məlikov yazırdı: “Azsaylı təhsilli müsəlmanlar icması uzun müddətdir ki, düşmənçilik və fitnə-fəsadlarla pozulub. Bu yaxınlarda Bakı intellektualları arasında bir bölünmə yaradıldı: ‘bakılılar’ və ‘gəlmələr’. İctimai işlərdə şöhrət axtaran və başqalarının uğurlarına dözə bilməyən alçaq və çirkin ruhlu insanlar gördükləri işlərdən narahat olduqları həmin intellektuallara qara yaxmaq üçün hər vasitədən istifadə ediblər. İndi isə Zənbur ən sonuncu çirkin karikaturaları və məqalələri ilə həmin şəxslərin düşərgəsinə qoşuldu”

Məlikov daha sonra Zənbur tərəfindən karikaturalaşdırılmış Azərbaycanın qərbindən olan üç intellektualın adını çəkir: yuxarıda qeyd edilən Dr. Qarabəyov (indiki Şəmkir rayonu), məşhur bəstəkar Üzeyir Hacıbəyov (indiki Ağcabədi rayonu) və Əhməd Ağaoğlu (indiki Şuşa şəhəri). Sonuncu barədə Məlikov yazırdı: “Əhməd bəyə qarşı kampaniya çoxdan başlayıb və onu Bakıdan qovmağa nail olub. Əhməd bəy bir dövlət qurumunun binası yaxınlığında vəhşicəsinə döyüldü və Zənbur rəhbərliyi o zaman sadəcə, istehza etdi və bircə kəlmə də demədi ... yox, Ağayevi müdafiə etmək üçün yox (‘zənburistlər’ üçün bu, çox olardı), amma bir insanın döyülməsinə qarşı, ona zorakılıq tətbiq edilməsinə qarşı. İndi Ağayev Gənc Türklərlə yaxınlıq edir və hər yerdə hörmətlə qarşılanır. Əhməd bəy Ağayevin uğurları Zənbur rəhbərliyinin rahatlaşmasına imkan vermir.”

Nəhayət, əlavədə Məlikov məqaləsini yazdıqdan sonra çıxan Zənburun sonuncu sayına (28 avqust 1909) şərh verir: “Bu saya qədər Zənburun ləyaqətinə dair hər hansı bir şübhəmiz varıydısa da, indi yox oldu. Məqalədə redaksiya heyəti üzvləri özlərinin ‘qarabağlılar və digər gəlmələr rədd olsun’ şüarlı partiyaya mənsub olduqlarını açıq şəkildə etiraf edirlər.”

1911-ci ildə Tağıyev-Behbudov hadisəsindən sonra Məlikov Ağaoğlunun döyülməsini yenidən gündəmə gətirdi, lakin bu dəfə yeni kontekstdə – Hacı Zeynalabdin Tağıyevin müsəlman cəmiyyətindəki rolunu və təsirini tənqid edən məqalədə. Bu, Tağıyevi Ağaoğluna qarşı aparılan kampaniya və onun sonrakı mühacirəti ilə əlaqələndirən tapdığım yeganə mənbədir, amma Məlikov Tağıyevin iştirakı haqqında elə yazır ki, sanki bu, hər kəsin bildiyi bir məsələdir. Onun məqaləsi bunun həqiqətən də belə olduğunu göstərən bəzi dəlillər təqdim edir.

21 iyul 1911-ci ildə Bakı[49] qəzetində nəşr olunan bir məqalədə Tağıyevin Dr. Qarabəyov tərəfindən yuxarıda istinad etdiyimiz müdafiəsinə Məlikov cavab verdi. Məlikov iddia edirdi ki, Tağıyevin var-dövləti və nüfuzu ona müsəlman cəmiyyəti üzərində hədsiz dərəcədə böyük güc verib və Tağıyevin tanınmış xeyriyyəçiliyinə baxmayaraq, onun bu təsiri ictimai və mədəni həyata adətən mənfi – boğucu təsir göstərib. “Müsəlman həyatının indiki şəraitində cənab Tağıyevin hökmranlıq etmədiyi hansısa bir məhkəmənin, cəmiyyətin və ya təşkilatın olması həqiqətən mümkündürmü? Cənab Tağıyevin sərvətinin və nüfuzunun gücü hesabına şəxsən özünün həyata keçirmədiyi istənilən ictimai məsələyə dair hər hansısa bir qərar varmı? Müsəlmanların elə bir yığıncağı olub ki, orada cənab Tağıyev də iştirak etsin və onunla razılaşmayan təhsilli bir şəxsə adəti üzrə ‘kəs səsüvi’ deməsin? Bəlkə də Dr. Qarabəyov məndən faktlar tələb edəcək? Buyurun: 1) müəllimlər qurultayında cənab Nərimanovla qarşıdurma, 2) Qasprinskinin ildönümü münasibətilə keçirilmiş müsəlmanların toplantısında cənab Ağayevlə qarşıdurma... ”

Daha sonra həmin məqalədə Məlikov Ağaoğlu hadisəsinə qayıdır və Ağaoğluna dəstək bəyanatını Bakıda yerli mətbuatda yayımlamaq üçün boş yerə etdiyi cəhdlər barədə məlumat verir. Müsəlman intelligensiyasının Ağaoğluna hər hansı  dəstək ifadə etmək istəməməsini Tağıyevin müsəlmanlar arasındakı hədsiz təsiri ilə əlaqələndirən Məlikov Tağıyevi qınayırdı. “Əhməd bəy Ağayevin biabırçı döyülməsi, Bakıdan qovulması və intelligensiyadakı digərlərinə qarşı zorakılıq hallarına hiddətləndim və hələ də hiddətli olaraq qalıram. Amma Ağayev döyüldüyü zaman cəmiyyətdə o qədər də intellektual (çox azı istisna olmaqla) və ya mətbuat qurumu tapa bilməzdiniz ki, indi  Tağıyev-Behbudov hadisəsində Tağıyevə başsağlığı verdikləri kimi, həmin vaxt da qurbana [Əhməd bəyə] öz simpatiyalarını ifadə etsinlər. Bu sətirlərin müəllifi [yəni Məlikov özü] bir neçə dostu ilə birgə əbəs yerə ‘intelligensiya’ və gənclərin fikrini dəyişib onları mətbuatda cənab Ağayevə dəstək verməyə çağırdı. Əbəs yerə kiçik bir məqalə ilə bir ‘müsəlman qəzeti’ redaksiyasının qapısını döydük, amma heyhat! Demək olar, bütün qapılar üzümüzə bağlandı. Məlum oldu ki, bəzi şəxslər üçün cənab Tağıyev ömrünün ən yaxşı illərini xalqa xidmət etmək üçün xərcləyən Ağayevdən müqayisə olunmaz dərəcədə yüksəkdir.”

Ağaoğlu ilə Tağıyev arasında uzun və mürəkkəb münasibət olub. Tarixçi Aydın Balayev 2018-ci ildə yazdığı Ağaoğlunun bioqrafiyasında onun şiə ruhaniləri tənqid etdiyi və Platon dialoqları üslubunda qələmə aldığı İslam, Axund və Hatifülqeyb adlı yazısının Ağaoğlunun həyatını necə riskə atmasından bəhs edir. Balayevin sözlərinə görə, Tağıyev Ağaoğluna qarşı təhlükəni neytrallaşdırmaqda əhəmiyyətli rol oynayıb. “Ağaoğlunun şiə ruhanilərini İslamın mahiyyətini pozmaqda və şiələrlə sünnilər arasında düşmənçiliyi qəsdən qızışdırmaqda ittiham etməsi qarşı tərəfin qəzəbinə səbəb oldu. Onlar Əhməd bəyin lənətlənərək ölüm hökmünə məhkum edildiyi bir fətvanın nəşrinə nail oldular. Eyni zamanda onun nikahının ləğv edildiyini elan etdilər... Təsadüfi deyil ki, oğlu Səməd Ağaoğlunun sözlərinə görə, altı ay ərzində Əhməd bəy polis tərəfindən qorunmağa və evindən çölə çıxmamağa məcbur qaldı. Yalnız H.Z.Tağıyevin müdaxiləsi Əhməd bəyi daha ağır nəticələrdən xilas etdi.”[50]

1905-ci ildə Əlimərdan bəy Topçubaşov və Əli bəy Hüseynzadə ilə birlikdə Ağaoğlu Tağıyevin maliyyə dəstəyi ilə Həyat qəzetini təsis etdi. Amma tarixçilər Aleksandr Benniqsen və Şantal Lömersi-Kelköjenin qeyd etdiyi kimi, həmin ilin sonuna qədər Ağaoğlu məhz Tağıyev iştirak etdiyi üçün qəzetdən ayrıldı. “1905-ci ilin sonlarında Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu arasında baş verən çəkişmələrdən sonra [Həyatın] maliyyə dəstəkçisi Tağıyevi qəzetin redaksiya siyasətinə qarışmaqda ittiham edən Əhməd bəy qəzeti tərk etdi, [qəzet isə] Hüseynzadənin redaktorluğu altında davam etsə də, öz təsirini itirdi, gəlir gətirməməyə başladı və  1906-cı ilin payızında bağlandı.”[51]

Hüseynzadəyə yazdığı məktubda Ağaoğlu Həyatda Tağıyevlə baş verən qarşıdurmanı izah edə