Tərbiyəli insanlar, mənim fikrimcə, aşağıdakı məziyyətlərə sahibdilər:
1) Onlar insan şəxsiyyətinə sayğı ilə yanaşırlar, buna görə həmişə mərhəmətli, mülayim, nəzakətlidilər, güzəşt etməyi bacarırlar… Çəkici qoyduqları yerdə tapmayanda və ya rezin qaytan itəndə onlar hədəqədən çıxmırlar; birgə yaşadıqları adamlara buna görə minnət qoymurlar, ayrılıb getdikdə isə, “sizinlə yaşamaq olmur!” demirlər. Onlar səs-küyə də, narahatlığa da, qazanın dibinin yanmasına da, xörəyin dadsızlığına da, evə xoşlmadıqları qonaqların gəlişinə də dözümlü ola bilirlər…
2)  Onlar təkcə səfillərə və pişiklərə qarşı mərhəmətli deyillər. Adi gözlə nəzərə çarpmayan çox şeylər var ki, onların qəlbini dağlayır…
3) Onlar özgəsinin mülkiyyətinə ehtiramla yanaşırlar, buna görə də borclarını vaxtında ödəməyə çalışırlar.
4) Onlar səmimidilər, riyakarlıqdan uzaq olmağa çalışırlar. Əhəmiyyətsiz söhbətlərdə belə yalan danışmağı özlərinə rəva bilmirlər. Onların fikrincə, yalan danışmaq dinləyiciyə hörmətsizlikdir, bununla dinləyicinin gözündən düşə bilərsən. Onlar əzilib-büzülmürlər, evdə necə isə, küçədə də özlərini elə aparırlar, özlərini gözə soxmağa çalışmırlar… Onlar çərənçi deyillər, yeri gəlmədən danışmırlar, burunlarını hara gəldi soxmurlar… Qulaq dəng etmək onlara xas olmayan məziyyətdir.
5) Onlar özlərinə qarşı şəfqət və yardım hissi oyatmaq üçün canlarına qəsd etmirlər. Onlar kiminsə qəlbinin həssas tellərinə toxunub, əvəzində qaygı və himayə gözləmirlər. Onlar “məni başa düşmürlər!” kəlməsini dilə gətirmirlər…
6)   Onlar fani deyillər. Onların məhşurlarla tanışlıqdan, dəbdəbəli salonlara sakin olmaqdan fərəhlənmək ehtiyacı yoxdur.
7) Özlərində istedad duyurlarsa, ona mütləq ehtiramla yanaşırlar. İstedada həyat vermək naminə dinclikdən, qadınlardan, içkidən, fanilikdən imtina etməy hazırdılar…
8) Onlar özlərini estetik tərbiyə edirlər. Onlar paltarlı yatmazlar, otaqda taxtabitilərin məskən salmasına yol verməzlər, üfunətli hava ilə nəfəs almazlar, nimdaş döşəməyə ayaq basmazlar, kerosin sobada bişmiş xörəkdən yeməzlər… Onlar cinsi instinkti mümkün qədər ram etməyə və nəcibləşdirməyə çalışırlar… Onlar mətbəxdən ötrü sinov getmirlər… Onlar qadına şəhvət oyuncağı və ya əl buyruqçusu kimi baxmırlar… Hiylə-kələklə tora salmağa çalışan, yalançılıqdan usanmayan qadınlardan uzaq gəzirlər… Onlar, xüsusən rəssamlar təravətə, zərifliyə,  insaniyyətə möhtacdılar… Onlar ayaqüstü araq içməzlər,  dolablarda qoxu axtarmazlar, çünki donuz olmadıqlarını fərq edirlər… İçirlər, fəqət sərbəst olanda, yeri düşəndə…   Çünki bilirlər: mens sana in corpore sano [sağlam bədəndə sağlam ruh olar]…