Şəkillərdə görəcəyiniz həbsxana özünü demokratiyanın beşiyi adlandıran, Avropanın “bərk” gedən dövlətlərindən olan Fransanın Marsel şəhərində yerləşir. Marsel şəhərindəki “Baumettes” adındakı həbsxana natəmizliyin hökm sürdüyü, məhkumların ağır şəraitdə cəza çəkdiyi bir yerdir. Hər tərəf kanalizasiya suyu içində qalmış, tarakanların və siçanların yuva qurub rahat şəkildə gəzişdiyi kameralarda xeyli sayda məhkum ya xəstəlikdən, ya da şəraitsizlikdən həyatını itirir. Həbsxanada normalda nəzərdə tutulandan da artıq məhkum cəza çəkir. Marsel şəhəri Fransada həm də pis ad qazanmışdır. Ona görə ki, ölkədə immiqrantların ən çox toplaşdığı, narkotik ticarətinin ən çox həyata keçirildiyi, cinayətə meyilli şəxslərin ən çox məskunlaşdığı şəhər hesab olunur. Şərqi Avropadakı Sovet dövründən qalma və hələ də istifadədə olan bəzi həbsxanaları istisna etsək, bu həbsxana Avropada demokratiya adına ləkə gətirən bir cəzaçəkmə müəssisəsidir. Rəsmilərin dediyinə görə, həbsxanada vəziyyət o qədər bərbad gündədir ki, onun yeni layihəsinin hazırlanması üçün ən azı 10 il vaxta ehtiyac var.

Məhkum olunanlar cinayət törətsələr də, fikrimcə, onlar natəmiz və iyrənc bir mühitdə saxlanmamalıdırlar. Ən azından ona görə ki, onlar da insandır. Heç kim cinayət törətməkdən siğortalanmayıb. Elə bir hal yarana bilər ki,  qəsdən yol verməsək belə, ehtiyatsızlıqdan kiminsə həyatını ya itirməsinə, ya da ağır xəsarət almasına səbəb ola bilərik. Məhkumluq şəxsin cəmiyyətdən və dövlət tərəfindən cəmiyyət nümayəndələri üçün yaradılan imkanlardan kənarlaşdırılması məqsədini qarşıya qoyur. Heç bir demokratik ölkədə bu kimi halların baş verməsinə yol verilməməlidir.