Azərbaycan regionlarına turne zamanı biz Sabirabad rayonunda da olduq. O, bütün rayonlardan çıxanda maşının qabağında otururdu. İnsanların onu görməsi üçün və onu yola salanların hamısı ilə sağollaşmaq üçün şüşəni də aşağı salırdı.

Sabirabaddan çıxanda maşını saxlatdırdı və mənimlə yerini dəyişdi. Mən qabağa keçdim, o isə arxada əyləşdi. Maşından düşəndə Heydər Əliyev su içmək oistədi. Sürücü baqajı açanda orada iki qarpız var idi. Heydər Əliyev məndən soruşdu: “Bu qarpız sənindir?” Mən təəccüblə baxdım, çünki onun yanından heç ayrılmamışdım. Sürücü bildirdi ki, qarpızlar ona aiddir. Heydər Əliyev onları haradan götürdüyünü soruşduqda sürücü bazardan aldığını dedi. Heydər Əliyev kəskin və qəti olaraq ona müraciət edir: “Sən indi məni aldadacaqsan? Sən necə onları götürdün, hansı cürətlə bunu etdin? Bu iki qarpıza görə Əliyevin adına hədiyyə kimi iki maşın qarpız yazacaqlar.”

Bax, o, belə həssas adam idi. Heydər Əliyev sürücünün dəyişdirilməsini tələb etsə də, həmin vaxt bunu etməyə imkan yox idi. İki saatlıq yolu Heydər Əliyev israrla və qəti surətdə sürücünün hərəkətini pislədi. 

Mən 28 yaşından Heydər Əliyevin yanında olmuşam. Onu deyə bilərəm ki, hansısa təqdimatlar və ya hədiyyələr barədə danışıqlar ona aid deyil. O, yalnız əmək kollektivinin hədiyyələrinə qiymət verirdi və bu hədiyyələrin hamısını evə gətirirdi. Bunun üçün ayrıca yer ayrılmışdı.