1974-1978-ci illərdə Anar Rzayev tərəfindən yazılmış bu roman dünyaya səs salmağı bacarmışdır. Oxucuların marağını cəlb edən Təhminə və Zaurun hekayəsi rus, özbək, qazax dillərinə tərcümə olunmuş, Polşa, Macarıstan və Bolqarıstanda da nəşr olumuşdur.

  • Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən… Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq.

  • “Əlvida. Sağ ol. Hələlik”. Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik” deyib ömürlük ayrılmaq olar. “Əlvida” deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək olar…

  • Deyirlər, kişini bir qadının dərdindən yalnız başqa bir qadın qurtara bilər.

  • Gözəl qadın da milli dəyərdir, nadir ağaclar kimi, faydalı qazıntılar kimi, tarixi abidələr kimi.

  • Əgər adamlar başa düşsəydilər ki, beşmərtəbəli binanın altıncı mərtəbəsi də ola bilər, onda nə vardı ki.

  • Axı səadət yalnız tək bir xoş anlar deyil ki. Səadət həm də dəhşətli qorxu anlarıdır – həmin bu səadəti itirmək qorxusundan müc olub qaldığın dəhşət dəqiqələri.

  • Məhəbbət – iki nəfərin şəxsi işidir, deyirlər ki, üçüncü artıqdır.

  • Yuxu bütün qanunlardan azaddır.

  • Halbuki, ən böyük fantastika elə real gerçəklikdir.

  • İnsanlar ölərkən birdəfəlik ölmürlər, tamam yox olmurlar, nə qədər ki onları xatırlayan, onların səslərini, sifətlərini yaddaşında saxlayan adamlar durur, bu ölənlər də hələ yaşayırlar – fikirlərdə, xəyallarda, təsəvvürlərdə yaşayırlar.

  • Qısqanmaq bilirsənmi nə deməkdir, deməli, sən özün öz zəifliyini etiraf edirsən, amma heç kəsə qısqanmamaq hamıdan güclü olmaq deməkdir.