Sosial şəbəkələrdə neçə dostunuz var? Bəs beynimiz neçə dostu qəbul edir? Birinci sualı siz cavablayın, ikinci suala bu məqaləmizdə cavab tapacaqsınız.

Gündəlik istifadə etdiyimiz, həyatımızın bir hissəsinə çevrilmiş sosial şəbəkələrdə dostlar siyahımız əsl dostlarımızın sayını müəyyən etmir. Facebook’da istər 100 dostunuz olsun, istər 500… Başqalarına əhatəmiz geniş, dostlarımızın çox olduğunu göstərməyi sevirik, ancaq həftəsonu olanda görüşməyə, əylənməyə heç kəsi tapa bilmirik.

Sizcə ehtiyacınız olanda sosial şəbəkələrdə olan dostlarınızın neçəsi kömək edərdi? Oxford Universitetinin professoru Robin Dunbar bu suala cavab tapmaq üçün araşdırmalar, sosial sorğular keçirdi. Əldə edilən nəticə o idi ki, dostlar siyahınız nə qədər çox olsa da onlarla olan münasibətiniz əslində bir o qədər azdır.

Dunbar İngiltərədə 18-65 yaş aralığında 3375 insanın fikirlərini öyrəndi. Bu adamların ortalama dost sayı 150 idi, onlara neçə dostunun “həqiqi” olduğunu soruşduqda ortalama say 27.6 olmuşdu. Mənəvi və maddi çətinliklər zamanı neçə dostunuza güvənə biləcəklərini soruşanda bu rəqəm (ortalama say) 4-ə endi.

Sosial şəbəkələrdə çox dostu olanın aktiv və sevgi dolu sosial həyatı olduğunu düşürsünüzsə, yanılırsınız. Araşdırma dost sayı artdıqca yaxın dostların sayının artmadığını, sadəcə tanışların artdığını göstərir.

Beynimizin və ürəyimizin dostluq mövzusunda sərhədli olduğunu, duyğularımızı sadəcə bir neçə şəxslə paylaşa biləcəyimizi bu araşdırma bir daha təsdiqləmiş oldu. Gerçək dostlarınızı qiymətləndirin, onlar kimisi olmayacaq. 🙂