Təbii ki, kitablar özbaşına gəzə bilməzlər. Onların «səyahətinə» insanlar yardım edirlər. Bunun üçün xüsusi hərəkat olan “Book-crossing” yaradılıb.

Bukkrossinq ingilis sözü olub, «kitab dövriyyəsi» mənasını ifadə edir.
Onun mahiyyəti belədir: bir nəfər hər hansı bir kitabı oxuduqdan sonra onu ictimai yerdə- parkda, kafedə, qatarda, metro stansiyasında «unudur» ki, başqa biri onu tapıb oxusun. Kitabların belə «səyahət»i xüsusi internet saytları tərəfindən izlənilir.

Bukkrossinq təşəbbüsünü amerikalı internet texnologiyaları üzrə mütəxəssis Ron Hornbeker 2001-ci ilin mayında irəli sürmüşdür.

Birinci dəfə o, 20 kitabın içinə təlimat yazılmış vərəqlər qoyaraq onları yaşadığı mehmanxananın foyesində yerləşdirmişdir. Yarım ildən sonra onun şəxsi saytında artıq 300 aktiv oxucu vardı.

Hər bir hərəkat üzvü özü saytda qeydiyyatdan keçərək, dövriyyəyə buraxmaq istədiyi kitabları qeyd edir və beləliklə özünün «kitab rəfini» yaradır.

Qeydiyyat zamanı kitab xüsusi şifrə alır. Sonra bukkrosser kitabı nə vaxt və harda «unudacağını» bildirir və real olaraq bunu yerinə yetirir. Kitabı tapan şəxs sayta daxil olaraq, kitabın şifrəsini göstərir və «kitab rəfinə» düşür. Beləliklə, kitabın ilkin sahibi öz kitabını izləyə bilir.

Vətəni ABŞ olsa da, Bukkrossinqin ən çox tərəfdarı İtaliyadır. Burda hətta ciddi təşkilatlar da kitab dövriyyəsinə qoşulublar. Məsələn, Florensiya meriyası hərəkata 4000 kitab bağışlayıb. İtalyanların Passa Libro adlandırdıqları dövriyyə «Farengeyt» adlı radio verlişindən başlanıb. Bir gün dinləyicilərdən biri verilişə zəng vuraraq Bukkrossinq haqda məlumat verir. İdeya jurnalistlərin xoşuna gəlir. Bir neçə gün sonra Mantuya şəhərində “Ədəbiyyat festivalı” keçirilən zaman Rey Bredberinin «451 (dərəcə) Farangeyt» kitabının onlarla nüsxəsini dövriyyəyə buraxırlar. Bu oxucuların xoşuna gəlir və tezliklə yaddan çıxmış kitablar İtaliyanın bütün şəhərlərində peyda olmağa başlayır.

Amerikada olduğu kimi, burda da kitabın içinə radioverilişin telefonu, saytı, elektron ünvanı və «oyun»un şərtləri yazılmış kağız qoyulur. Radioda növbəti «yaddan çıxmış» kitab barədə məlumat verilir. Maraqlanan dinləyicilər isə həmin yerə tələsərək, «itirilmiş» kitabı tapmağa çalışırlar. Sonra radioya zəng vuraraq kitabı tapdıqları barədə məlumat verir, təəssüratlarini bölüşürlər. Onu yenidən harda «unudacaqlarını» da qeyd edirlər və «oyun» yenidən başlanır.

Rusiyada isə Bukkrossinq başqa cür həyata keçirilir. Xüsusi kitabla dolu avtobuslar şəhəri dolaşaraq hər gün bir mikrorayonda dayanır. İnsanlar yaxınlaşaraq maraqlandıqları kitabı götürüb evə aparırlar. Avtobusun növbəti gəlişində isə oxuduqları kitabı qaytararaq yenilərini götürür, həmçinin başqalarının oxuması üçün özlərinə məxsus kitabları da hərəkata hədiyyə edirlər.

Maraqlısı budur ki, kitab çap edib satan şirkətlər Bukkrossinqin heç də əleyhinə deyillər. Məsələn, fransızların sevimli nəşriyyatı olan «Akt Syud» şirkətinin rəhbəri Jan-Mark Bresson deyir: “Əslində Bukkrossinq qiraətin necə gözəl təəssüratlar bağışladığını insana bir daha xatırladır. O, unutduğu anları yenidən yaşamaq istəyir. Elə bu həvəs də tezliklə həmin adamı kitab mağazasına çəkib gətirir.”