Romantik və dram janrında film sevənlər üçün göydəndüşmə məqalə! Sizlər üçün yayın son ayında izləyə biləcəyiniz maraqlı və təsirli filmləri bir yerə topladıq. 🙂

Candy (IMDb 7.3)

2006-cı ildə Avstraliyada istehsal olunan Candy filminin Luke Daviesin eyniadlı əsəri əsasında çəkilib. Filmdə avstraliyalı oğlanın heroinə və bir qıza olan bağlılığından bəhs edilir. Dan və Candy incəsənət aşiqi olan, həm də bir-birini dəlicə sevən cütlükdür. Lakin, narkotikə olan bağlılığı onların hər ikisinin həyatını qara rəsm tablosuna çevirir. Bu film “Requiem for a Dream”lə də müqayisə olunur.


Blue Valentine (IMDb 7.5)

Gənc rejissor Derek Cianfrancenin uzun müddət üzərində çalışdığı “Blue Valentine” filmi 2011-ci ildə tamaşaçılara təqdim edilib. Baş rolları 2004-cü ildə “The Notebook” filmində (fikrimcə, ən yaxşı romantik film) özünü sübut etmiş  Ryan Gosling və bu filmlə ikinci dəfə Oscar namizədi olan Michelle Williams ifa edir. Onlar Derek və Sindinin sevgi hekayəsini canlandırır.


One Day (IMDb 7)

Məzun günündən sonra dost olmağa qərar verən Dexter və Emmanın xarakterləri tamamilə fərqlidir. Emma zəhmətkeş ailədə böyümüş, Dexter isə varlı ailənin oğludur. Dexter üçün həyat əyləncədən və qızlardan ibarətdir, Emma üçün bu fikirlər qəbulolunmazdır. Filmdə onların xoşbəxt, hüznlü anları yer alıb.


500 Days of Summer (IMDb 7.7)

“Bu gənc oğlanla gənc qızın hekayəsidir, ancaq sevgi hekayəsi deyil” sözləri ilə başlayan film romantik filmlər arasında xüsusi seçilir. Burada sevginin gerçək olduğuna inanmayan qız və onu sevən oğlanın macəraları yer alıb. Onların münasibəti dostluqdan çox fərqli idi.


Before Sunrise (IMDb 8.1), Before Sunset (8.1), Before Midnight (7.9)

Trilogiyanın hissələri 1995, 2004 və 2013-cü illərdə çəkilib. İlk film Vyanada bir gecəni əhatə edir. Amerikalı tələbə Jesse Avropaya səyahət edir, fransız tələbə olan Celine isə valideynlərini ziyarət etdikdən sonra universitetə qayıdır. Onların hekayəsi Budapeştdən Vyanaya gedən qatarda başlayır. Birinci filmin sonunda onlar ayrılırlar, ancaq bir daha görüşmək üçün razılaşırlar.

İkinci film 9 il sonra təqdim edilib. Hekayə dünyanın ən romantik şəhəri sayılan Parisdə davam edir. Üçüncü filmdə isə hadisələr Yunanıstanda baş verir. Burada artıq onlar sevgilidir.


Xoş seyrlər!