Həyat qısadır. Nə qədər ki, dişləriniz var, gülümsəyin! Bunu “Hollivud ulduzları” kimi bəmbəyaz dişlərlə göz qamaşdıraraq etmək istəyirsinizsə, aşağıdakı sadə qaydalara əməl edin:

Bol-bol su için

Susuzluq tüpürcək azlığına səbəb olur. Tüpürcək ağız boşluğunu təmizləyir və dişləri ərpdən qoruyur. Su içdiyimiz zaman isə orqanizmimiz yuyunur və təmizlənir.

Qazlı suyu və meyvə şirələrini çöplə için

Xüsusilə qazlı içkilərdə ortofosfor turşusu var. Bu maddə diş minasının möhkəmliyini təmin edən mineralları məhv edir. Qazlı su içdikdən sonra diş minasında mikroməsamələr yaranır və diş minası süngər kimi boşluqlarına zərərli mikrobları və bakteriyaları çəkir. Bundan əlavə qazlı sularda aşırı miqdarda şəkər var. Misal üçün Pepsinin tərkibində 5-6 xörək qaşığı şəkər mövcuddur. Bu şəkərin mənimsənilməsi üçün orqanizmin kalsium və B qrupumunun vitaminlərinə ehtiyac duyur. Bu maddələri də orqanizm diş toxumalarından söküb almağa başlayır. Nəticədə dişlərimiz məhv olur.

Əgər bu içkiləri sevirsinizsə, onlardan zövq alarkən mütləq çöpdən istifadə edin. Çöp dişləri bu içkilərin zərərli turşularından qorumağa kömək edəcək. Daha sonra ağzınızı su ilə yaxalamaqda isə böyük bir fayda var.

Pəhrizdən imtina edin

Qida rasionu zülallar, yağlar, karbohidratlar, vitaminlər, kalsium və dişlərin sağlamlığı üçün vacib olan bir sıra minerallarla zəngin olmalıdır. İnternetdə görüb tətbiq etdiyiniz pəhrizlər isə oqranizmi bir çox faydalı maddələrdən məhrum edir. Artıq çəkidən azad olmaq üçün isə etməli olduğunuz tək şey sağlam qidalanmaqdır.

Dişlərin kəskin istidən kəskin soyuğa keçməməsinə diqqət edin

İsti məkandan şaxtalı havada küçəyə çıxdığınız zaman, danışmağa balşadığınız andan etibarən dişləriniz böyük təhlükə altındadır. Belə ki, diş minası anidən soyuğa düşdüyü zaman onun üzərində çatlar yaranır. Çatların yaranmasına səbəb həm də brauni ilə dondurma, qəhvə ilə sərin su kimi ikililərdir.

Bərk qidalar yeyin

Xüsusilə alma, yerkökü kimi qida məhsullarını çeynəmək faydalıdır. Bu məşğuliyyəti dişlər üçün bir növ bədən tərbiyəsi kimi düşününün.

Mexaniki zərərlərdən qoruyun

Bir çoxları tumu dişləri ilə çıtlayır. Bu isə dişlərin yeyilməsinə səbəb olur. Bundan əlavə dişlərlə butılkaları, bankaları açmaq, qələmin başlığını və bu kimi şeyləri çeynəmək dişlər üçün çox zərərlidir.

Diş sapından və ağız boşluğunu yaxalamaq üçün mayelərdən istifadə edin
 
Bəzi yerlərə diş fırçası müdaxilə edə bilmir. Dişlərinizi tərtəmiz təmizləmək və ağız boşluğundan gələn qoxunun qarşısını almaq üçün diş sapından və ağız boşluğunu yaxalamaq üçün nəzərdən tutulmuş xüsusi mayedən istifadə etmək vacibdir.