Dünyada ən çox baş verən qəzalar siyahısında metro qəzaları olmasa da, ancaq yerin altındakı qaranlıq tunellərdə baş verən qəzalar daha dəhşətli və müəmmalı olur. Bu dəfə sizə bu qəzaları xronoloji ardıcıllıqla təqdim edirik. Bu siyahıda 21 il əvvəl bu gün (28 oktyabr 1995-ci il) Bakıda baş verən qəza da yer alır.

Paris, 1903-cü il – İlk genişmiqyaslı metro qəzası 1903-cü ilin yayında Paris metropolitenində baş verib. Avqustun 10-u axşam saatlarında mütəxəssislər vaqonların birində texniki nasazlıq aşkarlayır. Vaqonu qatardan ayırıb qonşu tunellə depoya aparmaq istəyən təmir briqadası sürprizlə qarşılaşır. Yolda vaqon od tutub yanır. Qarşıdan gələn qatarın maşinisti tüstüdən önünü görməyərək sürəti azaltmır və vaqona çırpılır. Qəza tuneldə baş verdiyindən xilasedicilər qəza yerinə yalnız 10 saatdan sonra keçə bilir. Nəticədə 100 nəfər həyatını itirir. İngiltərə, 1973-cü il – 1973-cü ildəki Britaniya metrosunda baş verən qəzanın səbəbi hələ də müəmmalı qalıb. Saatda 65 km sürətlə hərəkət edən qatar stansiyada dayanmayaraq dalana çırpılır. 45 nəfər bu faciənin qurbanına çevrilir.

Moskva, 1982-ci il – Rusiyada ən iri metro qəzalarından biri 1982-ci il fevralın 17-si qeydə alınıb. “Aviamotornaya” stansiyasında eskalatorda nasazlıq nəticəsində o, sürətlə hərəkət etməyə başlayıb, sərnişinlərin əksəriyyəti yıxılıb, bir çoxları balyustradanın üzərinə çıxıb, lakin plastik örtük adamların ağırlığına tab gətirməyərək qırılıb və sərnişinlərin hamısı yerə çırpılıb. 8 nəfər ölüb, 30-u xəsarət alıb.

Bakı, 1995-ci il – Bakı metropoliteninin “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olmuş, 270-i yaralanmışdı. Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir. Hadisədə terror əməli aşkarlanmadı və o, texniki qəza kimi qiymətləndirildi. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanin sırf səhlənkarlıqdan baş verdiyini açıqlanıb.

Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havalandırma sistemi pis olduğundan tuneldəkilər oksigen çatışmazlığından və ayaq altında qalaraq öldülər. Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.

Ölkədə 3 gün matəm elan olundu, qəzada həlak olanların dövlət hesabına dəfn olunması və ailələrinə bir milyon manatlıq (təxminən 200 ABŞ dolları) yardım verilməsi təmin olundu. Bu qəza “Ginnesin rekordlar kitabı” redaksiyasını ən dəhşətli metro qəzaları siyahısına yenidən baxmağa vadar etdi və “birincilik” Azərbaycana keçdi. Dünya ölkələrindəki heç bir metropolitendə indiyədək bu qədər genişmiqyaslı itki ilə nəticələnən qəza olmadığına görə, Bakı metrosundakı 28 oktyabr qəzası “Ginnesin rekordlar kitabı”na düşdü.

Valensiya, 2006-cı il – 2006-cı ildə İspaniyanın Valensiya şəhərində metroda 4 vaqonlu qatar qəzaya uğrayır. Təhqiqatın nəticəsinə görə, döngədə maşınist sürəti azaltmadığı üçün birinci vaqonun təkərləri ağırlığa tab gətirmədiyi üçün relsdən çıxır. Qəza nəticəsində vaqon aşıb. 41 nəfərin öıdüyü hadisədə onlarla sərnişin xəsarət alıb.

Vaşinqton, 2009-cu il – Vaşinqton  metrosunda ən böyük qəza 2009-cu il iyunun 22-də qeydə alınıb. Hadisə günün ən gur vaxtı, saat 17.00-da Takoma və Fort Totten stansiyaları arasında baş verib. Platformada olan qatarın getməyini gözləyən tuneldəki qatara arxadan üçüncüsü çırpılır. Qəza nəticəsində 9 nəfər ölüb, 76 sərnişin ağır bədən xəsarətləri alıb. Ekspertlərin qənaətincə, faciə metropoliten tunelində təhlükəsizlik sisteminin zəif olması ucbatından baş verib. Ancaq mütəxəssislər deyir ki, hərəkətdə olan qatarın maşınisti 100 metr qalmış əyləci bassa da texniki nasazlıq ucbatından işə düşməyib.

Bu xəbər sizi metrodan qorxutmasın. Çox nadir hallarda yaşanan qəza növüdür. 🙂