İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik” – deyir.

Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir, amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir.