Artıq nəhayət ki,soyuq qışı geridə qoyub, yay fəslini yaşayırıq. Bu fəsli çoxları il boyu gözləyir. Məhz yay insanların rahat istirahət edə biləcəyi, il boyu toplanan yorğunluğun aradan qaldırıması,stressdən,gərgin iş rejimindən azad ola biləcəyi bir fəsildir. Bütün bu müsbət cəhətləri ilə yanaşı bu fəsli bir qədər “təhlükəli fəsil” adlandırmaq olar. Günəşin zərərli şüaları, ultrabənövşəyi şüalar insan orqanizminə zərər verən amillərdəndir. Günvurma dəniz kənarında, ümumiyyətlə isə, günəş altında çox vaxt keçirən insanlar üçün qaçılmaz ola bilər. Günvurma günəş şüalarının xeyli müddət başın açıq mahiyələrinə təsiri nəticəsində baş verir. Bu özünü  beyində qanın artması və qan dövranının pozulması ilə biruzə verir.

Günvurma halları əsasən və daha çox 5 yaşdan aşağı, 65 yaşdan yuxarı insanlarda, xərçəng, şəkər xəstələri, təzyiq və böyrəkləri ilə  bağlı problemi olan olan insanlarda,düzgün qidalanmayan və yalnış pəhriz saxlayanlarda, psixoloji problemi olanlarda və hamilə qadınlarda təsadüf edilir.  Gün vurmuş insanda başgicəllənmə, möhkəm baş ağrıları, ürəkbulanma, təngnəfəslik,mədə ağrıları, bəzən həddən artıq tərləmə, bəzən üşütmə, zəiflik, nəbzin sürətlənməsi, bədən hərarətinin artması və hətta 40 dərəcəyədək yüksələ bilməsi prosesi baş verir. Ümumiyyətlə,günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır:  yüngül dərəcə, 2-orta dərəcə, 3-ağır dərəcə.

Yüngül dərəcə – əsasən,ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir.

Orta dərəcə – kəskin baş ağrıları, qaytama-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə tempraturun artması, huş  itirmə halları ilə müşahidə olunur.

Ağır dərəcə – Günvurmanın ağır forması  hətta, ölümlə nəticələnə bilər. Bu özünü kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasların gözə görünməsi, koma ilə müşahidə olunur.

Xəsarət almış insana yardım göstərilməsi məqsədi ilə, onu ilk olaraq sərin, kölgəlik yerə gətirmək, arxası üstə uzatmaq,  naşastr spirti qoxlatmaq, boyun və baş nahiyyəsinə soyuq kompres qoymaq, üst geyimini çıxarmaq, onu  dayanmadan yelləmək və ən ağır halda süni nəfəs vermək lazımdır.

Günvurma zamanı təcili yardım maşını çağırmaq və ya vaxt itirmədən yaxınlıqda yerləşən tibb məntəqəsinə çatdırmaq lazımdır.

Günvurmanın qarşısının alınması üçün yay aylarında bol maye (əsas su) qəbul etməli, evdən çıxarkən başınıza baş örtüyü örtməli (bunun tünd rəngdə olmamamsına fikir vermək lazımdır.Çünki, tünd rəngli parçalar günəşin zərərli şüalarını daha tez özünə cəlb edir), gözə eynək taxmalı, açıq rəngli,yüngül  və tərlətməyən geyimlər geyinməli, qidalanmağa yaxşı fikir verməli və yalnış  pəhrizlər saxlanmamalıdır.  Unutmaq lazım deyil ki, gün vurma halı dərhal olduğu kimi müəyyən vaxt keçdikdən sonra da özünü biruzə verə bilər.

Odur ki, hər hansı bir əlamət hiss etdiyiniz halda, dərhal həkimə müraciət edin.