Bir adam böyük bir şəhərə gəlmişdi. Bazar və mağazaları gəzərkən gözəl ətirlər satan əttarların bol olduğu küçəyə gəlib çıxır. Dükanlardan gül, bənövşə ətri dalğa-dalğa ətrafa yayılırdı. Adam bir neçə addım atdı. Gözəl qoxular başını gicəlləndirdi. Çox dayana bilməyib üz üstə yerə sərilib huşu getdi. Camaat ürəyi gedən adamın ətrafına yığılır. Kimi ürəyini yoxlayır, biləklərini ovur, kimisi də üzünə gül suyu çiləyirdi. Nə etdilərsə biçarəni ayılda bilmədilər. Fərəhgətirici qoxular, qiymətli gül suları boşuna xərclənmiş, adam heç cür özünə gələ bilməmişdi. Bu ətirlərdən onun halı daha da pisləşmişdi. Ətrafdakıları heyrət almışdı. Çarəsiz qalıb çiyin çəkdilər. Ətrafı soraqlayıb qohum-əqrabasını axtardılar. Heç kim adama sahib çıxmır, saatlar keçdikcə ürəyi gedən adam daha ümidsiz təsir bağışlayırdı. Axşama yaxın oradan keçən bir dabbağ (dəri təmizləyən) onu tanıdı.

Ətrafdakılara səsləndi: “ Aman, ona gül suyu səpməyin!

Mən onun xəstəliyinin nə olduğunu yaxşı bilirəm. Siz ona heç toxunmayın, mən bir az sonra qayıdacam.”

Dabbağ bir viranəyə gəlir. Ovcuna bir qədər gübrə yığaraq yenidən əttarlar küçəsinə qayıdır. Gübrəni gizlicə yerdə uzanan adamın burnuna tutur. Heyrət! Adam dərhal özünə gəlməyə başlayır. Çox keçmədən də ayağa qalxır, heç nə olmamış kimi dabbağla birlikdə çıxıb gedir. Yığılan camaat nə baş verdiyinə təəccüblə tamaşa edir.

Məsələ burasındadır ki, ürəyi gedən adam da bir dabbağdır. Bilindiyi kimi, qədimdə dabbağlar dəri aşılamaq üçün it və göyərçin nəcisindən geniş istifadə edirdilər. Bu adam da illərlə qoxumuş dərilər arasında pis iylərə vərdiş edib. Əttarlar küçəsində bu səbəbdən gözəl ətirlərin rayihəsinə dözməyib yıxılıb qalır.



Həyatımızda da bəzən insanlar iki növə ayrılır- dabbağlarəttarlar. Hərəsi öz aşina olduğu qoxuya görə həyatımıza daxil olur, fikirlərini bildirir və bizi yönləndirməyə çalışırlar. Bizim onlara münasibətimiz isə dabbağ yoxsa əttar olduğumuza görə fərqlənə bilər. Əgər dabbağıqsa biz də xoş qoxuları duya bilmir, ətrafımıza yaxınlaşdırmır və xoş ətrin meydanda olduğu yerlərə yaxın getmək istəmirik. Əttarları pisləyir, onları düşmən elan edirik. Yox, əttarıqsa müsbət və al-əlvan qoxuları bütün varlığımızla hiss edir, onları ətrafa yayır və bütün insanların bunu duymasına səy göstəririk, amma bəzən bilmədən hərəkət edərək birlikdə həyat yolunda olduğumuz dabbağı gül suyu ilə oyatmağa, xoş qoxuları ona daddırmağa çalışırıq. Nəticədə isə dabbağ oyanmır ki, oyanmır. Və bundan biz məyus olur, kədərlənirik.

Ona görə mən təklif edirəm ki, kədərlənməmək, məyus olmamaq və xoşbəxt olmaq üçün əgər dabbağsınızsa həyatınızdakı əttarlara diqqət və dəyər ayırın, onlardan uzaqlaşmadan onları dinləyin, bəlkə ətirləri sizə də yoluxar. Yox əgər əttarsınızsa həyatınızdakı dabbağlarla danışın bəlkə onlara ətir bulaşdırarsınız, yox gördünüz ki, dabbağları ətirlə ayılda bilmirsiniz onları kim olursa olsunlar həyatınızdan azad edin ki, onların xoş olmayan qoxuları sizin rayihənizə mənfi təsir göstərməsin.