Ölümlərini sahildə axtaranlar

    Bir dəfə dəniz sahilində 200-ə qədər balina tapılıb. Onlar nə üçün sahildə çıxıbmışlar? Bu sual hələ də tam açıqlanmayıb. Ən qəribəsi isə bu imiş ki, onları təkrar dənizə qaytardıqda yenə tələsik sahilə çıxmağa can atırmışlar. Görəsən, dəniz sularından qaçmağa onları nə vadar edirmiş? Alimlər belə bir fərziyyə irəli sürürlər ki, yəqin balinalar xəstə olduqları üçün exolokator sistemi onları çaşdırıb, yaxud da onlar sahildə təhlükəyə düşmüş həmcinslərinin xilasına tələsirmişlər. Bu fərziyyələrin heç biri hələ ki, təsdiq olunmayıb, hələ üstəlik başqa bir sual çıxıb ortaya, bəs görəsən, balinalar nə üçün bilərəkdən belə bir ölüm seçmişdilər?

    Xilaskar delfinlər

    Bu gün artıq hamıya məlumdur ki, delfinlər, bir qayda olaraq suda batanların köməyinə tələsirlər. Yaxınlaşıb burnu ilə onu itələyə-itələyə suyun səthinə qaldırırlar. Belə nəcib hərəkətə görə, yəgin çoxları bu heyvanın nə isə qeyri-adi düşüncə sahibi olmasını güman edir, amma tələsməyin, bu delfinlərdə anadangəlmə bir instinktin nəticəsidir. Axı delfinin balası doğularkən ana ilk növbədə balanı suyun üzünə qaldırır ki, körpə havada nəfəs ala bilsin. Odur ki, suda boğulan görüncə dərhal bu instinkt işə düşür.

    Bu nə cür tordur?

    Bəzi balinalar (donqar balina) öz ovlarını çox qəribə bir şəkildə ovlayırlar. Elə ki balıq sürüsü gördü, balina dərhal nəfəs dəliyindən hava qovuqcuqları buraxmağa başlayır və tezliklə sürü bu cür qovuqcuq toru ilə əhatə olunur. Belə düşünmək olar ki, balıqlar bu qovuq maneəsini asanlıqla dəf edib xilas ola bilərlər, amma adətən belə olmur. İstiqaməti itirən bu balaca balıqlar bayaqdan marıtlayıb fürsət gözləyən balinanın yeminə çevrilirlər.

    Pinqvinlər

    Pinqvinlərin əsas düşmənləri dəniz bəbirləridir. Onlar yazıq pinqvini lap elə bütöv də uda bilir. Dəniz bəbirləri həmişə pinqvinlərin yaşadığı sahil boyu üzüb, əlverişli məqam gözləyirlər. Çarəsiz pinqvinlər yem üçün suya atılmaq istəyəndə də bir müddət qorxu içində yaxınlıqda təhlükə olub-olmadığını yoxlayırlar. Əvvəlcə suya yalnız bir pinqvin tullanır – ən cəsarətlisi. Əgər o, sağ qalarsa, sürünün digər üzvləri də onun ardınca suya atılırlar.