İblis cinlərdən olub, öncə ibadət əhli kimi məşhur olmuşdur. O yerə qədər ki, mələklər onu öz cinslərdən hesab edirdilər. Şeytan hər bir səmada min il Allaha ibadət edir və sonra da növbəti səmaya gedər və min il də orada ibadət edərdi. Hər bir səmada onu adı ilə çağırardılar. Behiştdə onu Əzazil adı ilə çağırardılar. Yəni, Allahın əzizi. Çünki hər bir səmada mələklərin arasında şeytan kimi Allahın sevimlisi yox idi.

Şeytan bəzən ərşdə və bəzən də behiştdə Allaha ibadət edərdi. Bəzən mələklər onun üçün minbər qoyardılar. O, da minbər başına çıxar və mələklərə öyüd-nəsihət verərdi. Allaha necə ibadət etməyi onlara öyrədərdi. Çünki o qədər ibadət etmişdi ki, Allahın əzizi olmuşdu.

Şeytanın peşələrindən biri rəssamlıq olmuşdur. Şeytan bu dünyada ən yaxşı rəssamdır ki, hələ onun kimisi bu dünyaya gəlməmişdir.

Allah Təala şeytanın bu peşəsi haqqında Quranda çox sayda ayələr nazil etmişdir. «Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan onların (küfrlü) əməllərini nəzərlərində zinətləndirmişdir, beləliklə haqq yoldan onları saxlamışdır. Buna görə də əsla düz yolu tapa bilmirlər». (“Nəml” 24).

“Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları (mənəvi) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cihad etmək əmr olunana kimi) onları və (uydurduqları) iftiralarını burax.” (“Ənam” 137).

“Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və Şeytan etdiklərini (günahları) bəzəyərək onlara gözəl göstərdi”. (“Ənam” 43).

Beləliklə bu ayələrdən göründüyü kimi şeytanın ən mühüm peşəsi budur ki, çirkin əməlləri bizim üçün o qədər bəzəyər və rəssamlıq edər ki, həmin əməli gözəl görərik. Ona görə də həmin əməli gözəl görməyə başlayırıq. Bu müqəddəs ayda şeytanın əl və ayağı bağlandığına görə çirkin əməlləri görməyə və həqiqi simasını tanımağa çalışaq.