Bu gün siz bir stəkan dondurmanı ABŞ-da bir-iki dollara ala bilərsiniz, ancaq 60 il bundan öncə belə qiymətlər qəribə görünərdi. Kitab müəllifinin nənəsinin 1930-cu illərdə Nyu-Cersi ştatının Trenton şəhərində ara-sıra getdiyi şirniyyat mağazasında balaca stəkanı 3, böyük stəkanı isə 10 sentə olan iki növ dondurma satılırdı.

Amerika iqtisadiyyatında əksər malların qiyməti daim artmaqda olduğundan, ola bilsin ki, dondurma ilə olan misal sizi təəccübləndirməsin. Qiymətlərin ümumi səviyyəsinin artması inflyasiya adlanır. Iqtisadçılar inflyasiyanın templərini istehlak qiymətləri indeksinin (IQI), ÜDM-in deflyatoru və yaxud digər hər hansı qiymət indeksinin dəyişikliyindən isti­fadə edərək ABŞ-da  son 60 ildə qiymətlərin illik artımının 5% təşkil etdi­yi­ni, yəni müzakirə edilən dövrdə tutuşdurulan əmtəələrin qiymətlərinin təxminən 18 dəfə artdığını göstərən qiymət indeksi kimi ölçürlər.

XX əsrin ikinci yarısında ABŞ-da  böyüyən adam inflyasiyanı təbii və qaçılmaz bir hal kimi qəbul edir, əslində isə bu heç də belə deyil. Məsələn, XIX əsrdə elə vaxtlar var idi ki, bu müddətdə qiymətlər düşürdü, yəni deflyasiya adlanan hadisə müşahidə edilirdi. 1896-cı ildə Amerika iqtisadiyyatında qiymətlərin orta səviyyəsi 1880-ci ilə nisbətən 23% idi və deflyasiya haqqında məsələ 1886-cı il prezident seçkilərində siyasi debatların əsas mövzusu oldu. Problemin mahiyyəti onda idi ki, fermer­lərin məhsullarının qiymətinin aşağı düşməsi xeyli borcların yığılmasına və kənd təsərrüfatında ciddi maddi çətinliklərin baş verməsinə gətirib çıxarmışdı. Buna görə də aqrarlar deflyasiyaya qarşı yönəlmiş siyasəti dəstəkləyirdilər.

Bizim əsrdə inflyasiya adi bir normaya çevrilib, lakin bəzi vaxt­larda qiymətlərin artım sürətində kəskin fərqlər müşahidə edilirdi. Məsələn, ABŞ-da 1990-cı illərdə qiymətlərin orta artım tempi ildə 2% təşkil edirdi, halbuki 1970-ci illərdə qiymətlər ildə 7% yüksəlirdi (qiymətlərin belə sürətlə dəyişməsi nəticəsində onların səviyyəsi 10 il müddətində ikiqat artmışdır). Çox vaxt inflyasiyanın yüksək sürəti Amerikada əsas iqtisadi problemə çevrilirdi.
Müxtəlif ölkələrin inflyasiya göstəricilərinin analizi onların əhəmiyyətinin daha geniş diapazonunu göstərir. Bu baxımdan 1920-ci illərin əvvəllərində Almaniya nümunəsi daha təsirli görünür. Belə ki, 1921-ci ilin yanvar ayında qəzetin qiyməti 0,3 marka idisə, iki ildən az bir müddət ərzində qəzetin qiyməti 70 mln. alman markasına qədər yük­səlmişdir. Başqa malların qiymətləri də həmin sürətlə artırdı.

İnflya­siya­nın son dərəcə yüksək sürəti hiperinflyasiya adlanır. Almaniya iqti­sa­diyyatına böyük ziyan vurmuş hiperinflyasiyaya çox vaxt faşizmin meydana gəlməsi və Ikinci dünya müharibəsinin başlanması səbəblərindən  biri kimi baxırlar. Iqtisadi tarix dərslərini yaxşı mənimsəyən müasir alman siya­sətçiləri inflyasiya probleminə mühüm yer ayırırlar və son 50 il müd­dətində Almaniyada qiymətlərin artım tempinin ABŞ-a nisbətən xeyli aşağı olması müşahidə edilir.


İnflyasiyanın səbəbi nədir?

Bu suala cavab vermək üçün biz Ekonomiksin on prinsipindən birində öz məğzini tapmış pulun kəmiyyət (miqdar) nəzəriyyəsindən istifadə edəcəyik: ölkə çox pul çap edəndə malların qiyməti artır (fəsil 1). Iqtisadçıların bir çox nəsli, həmçinin XIX əsrin görkəmli filosofu Devid Yum və məşhur müasir iqtisadçı Milton Fridman pulun kəmiyyət nəzəriyyəsinin prinsipləri ilə şərikdirlər. Bu nəzəriyyə ABŞ-da müşahidə olunan mülayim inflyasiyanı, həmçinin 1920-ci illərdə Almaniyada və ya bu yaxınlarda bəzi Latın Amerikası ölkələrində baş vermiş hiperinflyasiyanı izah etməyə kömək edir.

Pulun kəmiyyət nəzəriyyəsi ilə tanış olduqdan sonra biz onunla bağlı olan: nəyə görə inflyasiyaya bu qədər diqqət yetirilir, sualının müzakirəsinə qayıdacağıq. Ilk baxışdan bu sualın cavabı aydındır, çünki o, müxtəlif ölkələrin əhalisi üçün xeyli çətinliklər törədir. 1970-ci illərdə ABŞ-da inflyasiyanın nisbətən yüksək templəri müşahidə olunanda ictimai rəyin sorğularının nəticələri daimi olaraq onu kəskin milli problemlər sırasına qoyurdu. Ictimai əhvalı nəzərə alaraq 1974-cü ildə prezident C.Ford inflyasiyanı «hökumətin bir nömrəli düşməni» adlandırdı və bir ara o, WIN abreviaturalı (Whip Inflation Now – Bu gün inflyasiyaya qalib gələk) nişan taxırdı.


Bəs cəmiyyətin əhvalında özünü əks etdirən real inflyasiya xərcləri nədən ibarətdir?

Ola bilsin bu sualın cavabı sizə təəccüblü gəlsin. İş ondadır ki, onlar ilk baxışdan göründüyü kimi aydın deyil. Halbuki, bütün iqtisadçılar hiperinflyasiyaya qarşı çıxış etsələr də, onlardan bəziləri belə hesab edirlər ki, mülayim inflyasiyanın məsrəfləri əhalinin əksəriyyətinin təsəvvür etdiyi qədər ciddi deyil.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry