Əsası 1933-cü ilə qoyulan andan etibarən “Lacoste” markasının loqotipi timsah olmuşdur. Bu markanı başqa bir loqotiplə təssəvvür edə bilmədiyimiz bir zamanda, “Lacoste” onu dəyişmək qərarına gəldi. Yox, yox, sevdiyiniz markadan imtina etməyə tələsməyin, çünki artıq Lacostedən alış-veriş edərək, 4 ayaqlı dostlarınızın həyatını xilas edə bilərsiniz. Necə?

“Lacoste” markası Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi ilə birlikdə möhtəşəm bir layihəyə imza atmışdır. Layihənin müddəti bitdikdə, yəni 3 il sonra timsah yenidən geri qayıdacaq. Hələlik isə, onu təhlükədə olan heyvanlar əvəz edəcək, çünki layihə nəsli kəsilməkdə olan heyvanların həyatını xilas etməyə yönəlmişdir. Bu müddət ərzində “Lacoste” yeni loqotiplərlə 1 775 ədəd ağ polo istehsal edəcək. Üzərində nadir heyvan loqotipi olan poloların sayı həmin heyvanın sayı qədər olacaq. Misal üçün sumatran pələnglərinin sayı 350-dir. Yavan kərgədanlarının sayı isə cəmi 67-dir. Poloların qiyməti $183 təşkil edəcək. Satışdan yığılan bütün vəsait müvafiq təşkilata ötürüləcək.