1. Dinləmə bacarığı.

    Demək olar ki, hər kəs danışmağı sevir və bacarır, lakin sayılı şəxslər var ki dinləməyi bacarır. İnsanlar çox vaxt qarşı tərəfin sözün kəsir, ya da onun sözlərini axıra kimi dinləmədən, mahiyyətinə varmadan cavab verir. Bu isə bir müddətdən sonra anlaşılmazlıqlara gətirib çıxarır. Hansı ki, bu vəziyyət baş tutacaq ayrılığın ilkin əlamətlərindən biridir.

    2. Hərdən kortəbii olmağı bacarmaq.

    Bəzi insanlar bütün fəaliyyətlərində kortəbiiliyi üstün tutur, digərləri isə hər şeydə sabitlik və etibarlılıq tərəfdaşlarıdır, lakin istənilən halda kortəbiilik, fantaziya və gözlənilməz hərəkətlər olmasa, həyat bir az darıxdırıcı olar. Səbəbsiz olaraq, mahiyyətinə varmadan şam yeməyinə harasa çıxmaq, bir yerdə mahnı oxumaq, kiçik sürprizlər təşkil etmək kimi gözlənilməzliklər həyata rəng qatır. Özünüzü hisslərinizin öhdəsinə buraxmaq üçün tez-tez “qəlbinizin səsinə” qulaq asın və nə istədiyinizi dəqiqləşdirin.

    3. Müəyyən bir işi mükəmməl görməyi bacarın.

    Bacarıqlarınızın hansı istiqamətə meyilli olduğu vacib deyil: yaxşı avtomobil idarə etmək, rəsm çəkmək, dadlı yemək bişirmək, çoxlu xarici dil bilmək və s. ola bilər. Vacib olan odur ki, insanların özü üçün yad olan bacarıqlar həmişə onlarda maraq və zövq doğurur. Buna görə də sevdiyiniz insan sizin özünüzdən başqa, həm də sizin bacarıqlarınızdan zövq alacaq.

    4. Malik olduqlarınıza razı qalmaq, şükr etmək.

    Daima şikayət edən və nəyinsə çatışmadığını söyləyən insanlar o qədər də cəlbedici olmurlar, hətta əksər hallarda ürküdücü olub öz xasiyyətləri ilə ətrafını özlərindən uzaqlaşdırırlar. Adətən, belə insanların aurası ağırdır və onlarla rahat şəkildə çox vaxt keçirmək olmur. Misal üçün, görünüşündən razı olan insan daha cəlbedici və özünə əmin olur. Öz işinizdən razısınızsa, heç kim sizə “uğursuz” damğasını vura bilməz. “Pulum yoxdur” deyə “ağlayanlar” isə əslində o qədər də kasıb deyillər. Sadəcə daima müəyyən şeylərin çatışmazlıqlarını beyninə yeridirlər.  Bu vəziyyətdən necə qurtulmaq olar? Düzdür, bu asan olmayacaq və “müsbət şəkildə düşünmək” vərdişi ancaq müəyyən vaxtdan sonra qazanılacaq. Bunun üçün ilk növbədə özünüzü başqaları ilə müqayisə etməyi dayandırın!

    5. Real olmaq.

    Özünüzə yalançı və “uğurlu” obraz seçə bilərsiniz, lakin bu uzun müddət davam edə bilməz. İnsanlar real olmayan şeyləri gec olsa da ayırd edə bilirlər, ya da axır-əvvəl özünüz “rolunuzdan” bezəcəksiniz və real “mən”-niz üzə çıxacaq. Elə bu vaxt problemlər yaranmağa başlayacaq.

    6. Güzəştə gedə bilmək bacarığı.

    Bu xüsusiyyət xarakterin çox güclü tərəfidir və hamıda olmur, lakin insanın heç olmasa müəyyən vəziyyətlərdə güzəştə getmək haqqında düşünməsi onun ciddi münasibətlər qurmaq istəyindən irəli gəlir. Əgər, siz güzəştə getmirsinizsə və tərəfdaşınızı sizin istəklərinizə tabe olmağa məcbur edirsinizsə, sizə ona hörmət etmirsiniz. Axır-əvvəl bu hal onu bezdirəcək. Bu mənfi halı aradan qaldırmaq üçün özünüzü başqa insanların yerinə, tərəfdaşınızın yerinə qoyub, onu anlamağa çalışın.