Paris. 1831-ci il… Konsert salonlarından birində uzaq Polşadan təzəcə gəlmiş 21 yaşlı pianoçu konsertlər verir. Eləcə ilk kosertlərindən sonra bu gənc musiqiçinin qeyri-adi istedadı haqqında söhbətlər sürətlə Parisin bütün sənət aləminə yayılır. Onun adı az bir vaxtda Avropada şöhrət qazanmış bəstəkarlar – List, Berlioz, Bellini, yazıçılar – Heyne, Balzak,  rəssam Dölakrua ilə bir sırada çəkilir, müsiqisi və ifaçılıq məharəti romantik incəsənətin daha bir möcüzəli səhifəsini açır. Bu parlaq istedad sahibi Friderik Şopen idi.

    Taleyin acı hökmü ilə Friderik Şopen elə 21 yaşında vətənindən əbədi ayrılır, lakin bütün ömrü boyu Polşasının sevinc və ağrıları ilə yaşayır, elə yaradıcılığında da bu hissləri ifadə edir. O, doğma diyarının musiqisini yeni, daha yüksək mərhələyə qaldırır, onun ümumavropa musiqi mədəniyyətinin layiqli, dəyərli bir hissəsinə çevrilməsi üçün çox iş görür. Elə buna görə də Şopen polyak musiqisinin klassiki hesab olunur.

    Şopen öz yaradıcılığını, demək olar ki, bütünlüklə bir alətə – fortepianoya həsr etmiş yeganə bəstakadır. Bu səbəbdən onu çox zaman “fortepianonun şairi” adlandırırlar. Maraqlıdır ki, təkcə bir alətin tembr imkanları ilə kifayətlənsə də, Şopen musiqisi heç də yeksənək, darıxıdırıcı səslənmir. Bəstəkar fortepianonun ifadə vasitələrini o dərəcədə genişləndirmiş, elə parlaq və zəngin boyalar tapa bilmişdir ki, bu alət sanki bütöv orkestrin, eləcə də insan səsinin tembr çalarlarını özündə cəmləşdirmişdir.

    Şopenin məhəbbəti. Şopenin həyatının ən xoşbəxt və eləcə də ən ağır məqamları istedadlı Fransa yazıçısı Jorj Sandla məhəbbət illərinə təsadüf edir. Parisin yaradıcı simaları arasında çox parlaq və eyni zamanda, ziddiyyətli şəxsiyyətlərindən biri, əsl adı Avrora Düdevan olan, özü isə Jorj Sand təxəllüsü ilə tanınan bu qadın çox vaxt kişi libası geyinər, yaxşı at çapar, idmanla fəal məşğul olarmış. Bəzilərinin fikrincə, Jorj Sand və Şopen bir-birilərini heç başa düşmürmüşlər və elə bu səbəbdən də onların ayrılması tamamilə təbii imiş, lakin danılmaz bir həqiqətdir ki, Şopen bir çox şah əsərlərini məhz Jorj Sandla yaşadığı illərdə yaratmışdır.

    Etüdlər, prelüdlər, noktürlər, ekspromtlar, mazurkalar, polonezlər, konsertlər, sonatalar, skersolar, balladalar… Gördüyünüz kimi bəstəkarın yaradıcılıq irsində ən müxtəlif janrlara rast gəlmək mümkündür. Şopen fortepiano musiqisinə hətta yeni janrlar da gətirmiş – belə ki, skverso əvvəllər yalnız simfoniyanın tərkibində, mazurka polyak xalqının məişətində səslənərdi, ballada isə ümumiyyətlə musiqidən kənar ədəbiyyatda tətbiq olunan janr idi. Bəstəkar artıq məlum olan janrlara da mühüm yenilik də gətirmişdir. Məsələn, adətən yalnız texniki məşğələ üçün nəzərdə tutulmuş etüdü Şopen yüksək bədii səviyyəyə qaldırmış, polyak mənşli polonez rəqsini isə Polşanın şanlı qəhrəmanlıq keçmişini tərənnüm edən irihəcmli, sanballı əsər kimi təqdim etmişdir.

    Şopen musiqsinin obrazlar dünyası öz müxtəlifliyi ilə diqqəti cəlb edir. Çılğın ehtiraslar, dərin düşüncələr, şən zarafatlar, ən başlıcası isə incə, səmimi lirik duyğular burada necə də ustalıqla əks etdirilir!

    Yenə Paris. 1848-ci il… Şopen artıq Avropanın görkəmli sənətkarı və ən məharətli virtuoz-pianoçularından biridir. Dostları, pərəstişkarları saysız-hesabsızdır. Onların sırasında bəstəkar üçün uzun illər boyu çox əziz olmuş bir insan – Jorj Sand təxəllüsü ilə tanınmış məşhur fransız yazıçısı Avrora Düdevan da var. Elə bu vaxt ağır vərəm xəstəliyi Şopeni fəal yaradıcılıqla məşğul olmağa qoymur. 1949-cu ildə dünyasını dəyişmiş bəstəkar Parisdə dəfn edilir, lakin onun ürəyi öz vəsiyyətinə görə Polşaya aparılır və indiyədək Varşavanın Müqəddəs Xaç kilsəsində saxlanılır.