Nimfalar “həddibüluğa çatmış qız”, yunan mifologiyasında təbii ruh və ya təbiət hadisələrinin qız cildində canlanmış ruhları. Nimfalar adətən təbiət qoynunda: meşələrdə, bulaqlarda, dağ və yamaclarda məskən salıb yaşayarmışlar. Satirlər kimi nimfalar da yer səthində baş verən təbii hadisələrin ruhlarıdırlar. Rəvayətə görə onlar təbiət qoynunda Panın (meşə tanrısı) müşaiyəti ilə nəğmələr oxuyar, rəqs edər, Artemida (ay, ov və vəhşi təbiət ilahəsi) ilə ova çıxar və Dionisin (olimplərin ən kiçiyi, şərab, bərəkət və teatr tanrısı) təşkil etdiyi kef məclislərində iştirak edərdilər. Dağlarda yaşayan nimfalar oreadlar, meşə və ağaclarda məskən salmış nimfalara diriadlar və hamadriadlar, bulaqlarda yaşayan nimfalara nayadalar və dəniz nimfaları isə nereidlər adlandırılır.

 Təbiət gözəlliklərinin tərənnümçüləri olan nimfalar incəsənət əsərlərində bənzərsiz dağınıq saçlara malik rəqs edən, nəğmə oxuyan və çələng toxuyan gözəl qız simasında təsvir edilirlər.