Oğru əhvalatı. Deyirlər ki, bir oğru öz yoldaşları ilə bir dövlətlinin evinə oğurluğa getdi. Ev sahibi ayaq tappıltısına yuxudan ayıldı, başa düşdü ki, damda oğru var. Yavaşca arvadını oyadıb əhvalatı ona başa saldı və dedi ki, mən özümü yuxuluğa vuracağam, sən onların eşidə biləcəyi uca bir səslə, böyük bir təkidlə məndən soruş ki, bu qədər mal və dövləti necə ələ gətirmisən. Nə qədər mən demək istəməsəm, sən o qədər inadla təkid et və məndən əl çəkmə. Arvad ərinin dediyini etdi və ərini sorğu-suala tutdu. Kişi dedi:— Arvad məndən əl çək və bu sualdan vaz keç. Doğrusunu desəm, qorxuram eşidələr, biz biabır olaq, camaatın bizdən acığı gələ.

Arvad təkid edib yalvarmağa başladı.

Kişi dedi:—Sənin bunu soruşmaqda məqsədin nədir? Kişinin gizlin sirri ilə arvadın nə işi var?

Arvad dedi: — Bilmək istəyirəm. Kişi dedi:

— Bu mal-dövlət oğurluqla toplanmışdır. Mən bir vaxt oğurluqda mahir idim və bir ovsun bilirdim. Aylı gecələrdə dövlətli adamların divarlarının dibinə gəlib yeddi dəfə deyərdim: «Şolem, Şolem. Ayın işığından tutub bir anda qalxardım damın üstə və durardım bacanın başında. Sonra yeddi dəfə «Şolem, Şolem» deyib heç bir zəhmət çəkmədən enərdim evin ortasına. Orada da yeddi dəfə «Şolem, Şolem» dedikdə evdə nə qədər pul və dövlət var idisə hamısı gələrdi qabağıma. Gücüm çatdığı qədər götürüb, yenə də yeddi dəfə «Şolem, Şolem» dedikdən sonra ay işığından tutaraq bacadan qalxardım. Bu ovsunun bərəkətindən nə bir adam məni görərdi, nə də bir insan məndən bədgüman olardı. Yavaş-yavaş bu gördüyün dövlət ələ gəldi, ancaq amandır, bu sözü heç kəsə öyrətmə ki, onun bizə böyük ziyanı dəyə bilər.

Oğrular bu əhvalatı eşitdikləri və o sözü öyrəndikləri üçün çox şad oldular. Bir az gözlədilər. Ev sahiblərinin yatdıqlarına arxayın olduqdan sonra oğrubaşı yeddi dəfə «Şolem, Şolem» dedi, lakin ayağını bacaya qoymağı ilə yerə dəyməyi bir oldu. Ev yiyəsi tez yerindən sıçrayıb əlinə bir çomaq götürdü və düşdü oğrunun üstünə, vur ki, vurasan. Özü də vurduqca deyirdi:—Mən əziz ömrümü sərf edib dövlət toplamışam ki, sənin kimi dələduzun biri gəlib onu aparsın. Kim olduğunu deməsən, öldürəcəyəm.

Oğru dedi:

— Mən həmin nadan və sadəlövh adamam ki, sənin yağlı dilinə aldanıb tora düşmüşəm…

Xülasə, bu yol ilə mən həqiqəti tapa bilmədim və öz-özümə dedim: «Əcdadımın dinində qalıb kor-koranə ona riayət etsəm, mən o cadugərə oxşaram ki, doğru olmayan işlərlə məşğul olduğunu bildiyi halda yalnız, əcdadı cadugər olduğu üçün özünü haqlı hesab edir. Yox, yenidən din axtarmağa başlasam, qorxuram ömür vəfa etməyə, çünki əcəl yaxındadır. Tərəddüd içərisində yaşayar, fürsəti əldən verər və heç bir iş görməmiş bu dünyadan getməli olaram. Ona görə mən bütün dinlərdən əl çəkib hər şeydən üstün hesab edilən xeyir əməllərlə məşğul olmağı, əqlə batan, ürəyə yatan işlər görməyi qət etdim.

Bundan sonra mən heyvanları və insanları öldürüb incitməkdən əl çəkdim. Qəzəblənib təhqir etməyi, xəyanəti və oğurluğu buraxdım, əyyaşlıqdan uzaqlaşdım, yalan danışıb böhtan deməyi, söyüş söyməyi tərk etdim; xalqı incitmək, dünya malına həris olmaq, hoqqabazlıq, cadugərlik etmək kimi nalayiq hərəkətlərdən çəkindim. Merac, qiyamət, savab və 48 günah haqqında bilmədiyim şeyləri özümdən toqquşdurmadım, pis adamlardan qaçıb yaxşı adamlara qoşuldum, düzlük və təmizliklə dost oldum, çünki dünyada düzlükdən daha yaxşı bir dost ola bilməz. Yalnız, düzlük vasitəsilə tez varlanmaq olar. Bu dövlət— paylanmaqda azalmaz, xərclənməklə qurtarmaz. Düz adam padşahdan qorxmaz, od, su, yırtıcı, vəhşi heyvanlar və başqa zərərli şeylər düz adama ziyan vura bilməz.