Fərqli insanları qəbul etməkdə çətinlik çəkirik bəzən. Bu fərqlilik bəzən insanın əngəlli olması olur, bəzən gözlərində olan problem olur. Bir neçə dəfə şahidi olmuşam ki, insanların çoxu belələrinə diqqətlə baxırlar. Bu baxışların fərqli olan insanları narahat ediyini düşünürəm.

Üzümdə səpkilərdən əziyyət çəkdiyim zamanlarda bəzən olurdu ki, yaxınlaşıb soruşurdular, məsləhət verməyə çalışırdılar. Kiməsə kömək etmək əlbəttə xoşdur, ancaq onsuz bu problemləri bilən insanların yeni bir tövsiyyəyə ehtiyacı olmur. Bu səbəbdən də düşünürəm ki, insanlar bilməlidirlər ki, bizdən fərqli olan kimsə bizdən əksik deyildir. Onları baxışlarınızla incitməyin! Çünki, fərqli olanların tək arzusu başqa insanlarla eyni görünməyi istəməkdir.

İspaniyada oxuduğum vaxtlarda çoxlu əqli geriliyi olan uşaqlar görürdüm. Daun sindromlu insanlar da çoxluq təşkil edirdi, ancaq heç kim onlara başqalarından daha fərqli davranmırdı. Şəhərdə onların istifadə edə biləcəyi xüsusi qurğular və s. var idi.

Hətta orada bizimlə bərabər əlilliyi olan dostumuz da var idi. Fransadan gəlmişdi. Heç kim ona bizdən daha fərqli davranmırdı. Hər zaman dərslərinə vaxtında gəlirdi, bizimlə pikniklərə çıxırdı. Hətta Avropada yaşayanda ən çox da əlilliyi olan insanlar fikrimi çəkmişdi. Bizim ölkəmizə nisbətən orada daha çox görürdüm sanki. Daha sonra anladım ki, bizdə insanlar o yad gözlərdən, dikilmiş baxışlardan uzaq olmaq üçün çıxmırlar cəmiyyət içinə… Çox üzülürdüm hər dəfə görəndə. Daha sonra onların da bizdən fərqli olmadığını özümə inandırırdım. Hətta bir dəfə banka getmişdim, yerimə qüsurlu xanım orada işləyirdi, bir əlində də problem olduğu üçün ləng idi, ancaq gülər üzlə hər kəsi qarşılayırdı. Düşünürdüm ki, necə olar axı bu? Həyatı bu qədər sevir? Sevir!

Bir gün səhər yuxudan ayılanda eşitdim ki, bizim fransız dostumuz ölüb. Axşam dostları ilə əylənəndən sonra elə kafedə keçinib. Özünü narahat hiss edirmiş, ancaq heç kimə bildirməyib…

Sonra anladım ki, onlar bizdən daha da güclüdürlər! O baxışlar, əngəllər- heç biri onlar üçün maneə deyil. Çox güclüdürlər ki, bizimlə bərabər elə bizimlə də yarışırlar!