Pul yığmağa başlamaq sadəcə ilk qənaətə qədər çətindir, ancaq hər zaman tədarüklü olmaq da önəmlidir. Bu səbəbdən də məsləhətim budur ki, sizlər üçün hazırladığım ipuclarından istifadə edərək, qənaət edin. Daha sonra bunun əslində çox faydalı olduğunu da anlayacaqsınız.

Xərclərini qeyd et!

Qənaət etmək üçün nə qədər xərclədiyimizi və nəyə xərclədiyimizi bilməliyik! Bunun üçün də hər şeyi qeyd edin. Bu zaman daha rahat nəyə nə qədər xərclədiyinizi görməkdən əlavə, həm də pul xərclədiyiniz əşyanın da nə qədər lazımlı olduğunu da özünüzə sual edəcəksiniz!

Büdcə Planı 

Büdcə həftəlik və ya aylıq ola bilər. Gəlirə görə bunu qərarlaşdıra bilərsiniz. Məsələn, aylıq maaş alırsınızsa o zaman yaxşı olar ki, aylıq büdcə planınız olsun. Beləliklə, lazımsız xərclərinizi azaltmış olacaqsınız.

Qənaət planını hazırla

Gəlirinizin 10-15%-ni qənaət edə bilərsiniz. Əgər gəliriniz buna icazə vermirsə, xərclərinizi önəmli və az önəmli olaraq 2 hissəyə ayırın. Az önəmli olanlardan bəzilərini ixtisar edərək qənaət edin.

Qənaət etmək üçün səbəb seç

Özünüzə bir məqsəd seçin! Həmin məqsəd üçün qənaət edin. Bu məqsəd qısa və uzun müddətli qənaətə səbəb ola bilər. Qısa müddətli: bu yay istirahətə getmək. Büdcəni hesablayırsınız və gedəcəyiniz zamana qədər qənaət edib, pul yığırsınız. Uzun müddətli: 1 il sonra maşın alacam. Bu zaman seçdiyiniz zamana qədər istədiyiniz maşını almaq üçün büdcə hazırlıqlarına başlayırsınız. Bu sizi qənaət etməkdə daha çox həvəsləndirəcək.

Siyahını düzgün tərtib et!

Düzgün xərcləmək üçün ilk öncə özünüzə bu sualı verin: Mənə bu ay nə lazımdır? Buna uyğun olaraq büdcənizi hazırlayın və məqsədinizi də bu siyahını hazırlayarkən unutmayın. Beləliklə daha çox qənaət edib, daha rahat plan quracaqsınız.