İri “burun” tukanın nəyinə lazımdır? Tukanın dimdiyini görən heyrətlənməyə bilmir. Çox iri, bəzən quşun hətta bədənindən də uzun olan bu dimdiyə baxanda istər-istəməz adamın ürəyindən belə bir sual keçir: “Görəsən, bu quşun başı bu boyda dimdiyi necə saxlayır?” Amma sən demə, dimdiyi saxlamaq üçün o, heç bir fədakarlıq göstərib etmir, çünki dimdik görkəminə uyğun olmayan dərəcədə çox yüngüldür. Rəngi isə həm yaşıl, həm qırmızı, həm də sarı-qara və s. ola bilir. Hər halda, görəsən, qıraqları mişar kimi dişli qalın dimdik tukanın nəyinə lazımdır? Güman edilir ki, tovuz quşuna quyruğu yaraşıq verdiyi kimi tukan da “xanımlarının” yanında dimdiyi ilə “fəxr edir”. Bundan başqa belə uzun və rəngarəng dimdik hətta bəzi yırtıcı qışları da qorxuya salır. Belə olmasaydı, onlar öz yuvalarını balaları qarışıq atıb tələsik uçmazdılar. Adətən, meyvə ilə qidalanan tukanlar isə fürsətdən istifadə edərək yuvadakı cücə və yumurtaları dimdikləyib aşırmaqdan da imtina etmirlər.

    Cənnət quşları. Təkrarsız zahiri gözəlliyi ilə görə, bəlkə də, cənnət quşlarına dünyada heç bir quş çata bilməz. Qədim musiqi aləti liraya bənzər ecazkar quyruğu olmasaydı, lira quşu adi dişi qırqovuldan, ola bilsin ki, heç nə ilə fərqlənməzdi. Bu quşların quyruğu musiqiyə, melodikliyə nə qədər yaxındırsa, səsləri bir o qədər ürəksıxandır. Onun qatar və ya avtomobil siqnalını, bəzən at kişnərtisini, bəzənsə hətta qapı cırıltısını xatırladan “nəğmələri”-ni eşidən adam qəti inana bilmir ki, bu cür gözəl quşdan belə eybəcər səslər çıxarmış. Digər cənnət quşlarının da – onların hamısı Yeni Qvineya, ya da Avstraliyada yaşayırlar – çox nağılvari görkəmi var. Hədsiz gözəl lələkləri bir vaxtlar xanımların şlyapalarını bəzədiyindən, onları amansızcasına qırıblar L. Halhazırda bu quşların ovlanması qadağan olunub.

    Zolaqlı “gözəgörünməz”. Zolaqları bataqlıq qamışlığı arasında yaşayan cüllütlərə düşmənlərindən gizlənmək üçün əvəzsiz bir bəzəkdir. Qamışlıqda dayananda, onun zolaqları qamışların gövdələri ilə elə həmahəng olur ki, çox vaxt onun yanından dəfələrlə ötürsən, amma quşu görmürsən.

    Freqat. “Ən qəribə quş” müsabiqəsi keçirilsəydi, freqat mütləq qalib çıxardı. Bədəninin uzunluğu 1m-ə, qanadları açılarkən 2 m-ə çatan bu quşun çəkisi vur-tut 2 kiloqram olur. Freqatdan gödək ayaqlı quş yoxdur. Bu böyüklükdə quşun ayağı 2 sm hündürlüyündə olub, adi sığırçın ayağı iriliyindədir. Elə bu səbəbdən də, ayaqları çox qısa, həm də pərdəsiz olduğundan freqat üzə bilmir və təbii ki, su üzərinə də qonmur. Axı sudan qalxmaq üçün gərək 2 metrlik qanadlarını aça bilsin; bu isə mümkün deyil. Əgər qaya qırağında durmasa, heç qurudan da havaya qalxa bilməz. Təkcə uçurum kənarından özünü uçuruma atan və beləliklə də start imkanı qazanan freqatlar yalnız uçuş zamanı özlərini yaxşı hiss edirlər.