Tanışlarımdan biri məndən qlobal böhranın səbəbləri barədə soruşdu və mənim cavabım uzun alındı, amma fikirləşdim ki, ictimaiyyətə bu barədə yazım və bəlkə elə fikirlər oldu ki, hamı üçün, o cümlədən mənim üçün də maraqlı olsun. O üzdən buyurun oxuyun və fikrinizi bildirin.

    Əslində iqtisadiyyat nə qədər mürəkkəb görünsə də, çox sadə və qeyri-səlis elmdir, hətta o qədər qeyri-səlis ola bilir ki, bəzən hətta iqtisadiyyatı bir elm sahəsi kimi qəbul etməyənlər də olur. Buna baxmayaraq hesab edirəm ki, iqtisadiyyat elmdir, çünki tarixin sınağından çıxmış və sübuta yetmiş fundamental qanunları var. Qanun varsa, demək ki, elmdir.

    İndi isə qayıdaq əsas məsələyə. Əslində yaxşı iqtisadçı ən mürəkkəb prosesləri sadə dildə izah etməyi bacarmalıdır, çünki bu prosesləri başa düşmək üçün adi məntiqdən başqa bir şey tələb olunmur və riyazi təfəkkür, filan, beşməkan çox şişirdilmiş şeylərdir, iqtisadcçıların özləri haqqında yaratdıqları bir mifdir. Bu mənim subyektiv fikirlərimdir.

    Qlobal maliyyə böhranına nə səbəb oldu? Bir neçə şey və eyni zamanda, həm də bir-birindən doğan tərzdə bu böhranı şərtləndirdi. Burada mən sadə məntiqli bir alqoritmi yazacam, amma sözsüz ki, digər amillər də olub, lakin zənnimcə ən vacib olanlar aşağıdakılardır:

    1. Ən əvvəldə son 10-15 ildə dünyada iqtisadi tarazlığın dəyişməsi müşahidə olunmağa başladı. 80-cı illərə qədər ABŞ dünyada əsas ixracatçıdan ən böyük idxalatçıya çevrildi.

    Səbəb: Çinin iqtisadiyyatının güclənməsi, Amerikalıların isə istehsal etməkdən və pul yığımlarına qənaət edərək gələcək uçun saxlamaqdan daha çox istehlak etməyə, pulların xərcləyib yeməyə meyl etməsi.

    Nəticə: Çin istehsal edir, Amerikaya göndərir, onlar alırlar əvəzində pulu ödəyirlər Çinə, onların rezervləri artır və bu rezervləri yenidən Amerikaya borc kimi verirlər ki, onlar da həmin pulun bir hissəsindən yenidən Çinin mallarını almaq üçün xərcləyirdilər.

    Göründüyü kimi bu proses özü bir maliyyə piramidasına bənzər bir prosesdir və vaxt getdikcə yavaş-yavaş daha da Amerikanı borclandırır, Çini isə varlandırırdı. Digər ölkələrin investorları da görəndə ki, Çin Amerikaya borc verir və Amerika özünün inkişaf etmiş maliyyə bazarlarında bu pulları “firladaraq” puldan pul yarada bilir, onlar da başladılar Amerikaya pul yatırmağa. Beləliklə, dünya Amerikanı borclandırır, əvəzində özü daha da varlanırdı. Əslində nə qədər ki, Amerikaya xaricdən yeni pullar gəlirdisə, bu prosesi davam etmək mümkün idi. Problem o zaman yarandı ki, bu pullar birdən-birə dayandı və Amerikaya daha gəlmədi. Nəticədə, dollar xeyli dəyərdən düşdü, yeni xarici investorları dollar almaq artıq maraqlandırmırdı və ona görə dollara tələb xeyli aşağı düşdü. Bu isə öz növbəsində öz valyutalarını dollara bağlamamış digər ölkələrin rəqabət qabiliyyətinə mənfi təsir etdi və bu həmin ölkələrdə resessiya meylərini gücləndirdi.


    2. Bu resessiya meylləri digər amillər vasitəsilə daha da gücləndi:

1) Amerikadakı maliyyə böhranının başlaması və digər ölkələrə yayılması

2) neftin qiymətinin düşməsi

    Birinci amil ondan irəli gəldi ki, yuxarıda artıq yazdığım kimi Amerika iqtisadiyyatına yatırılan pullar birdən kəsildi. Bunun bir səbəbi yuxarıda yazdığım kimi bəzi investorların Amerikanın həddindən artıq borclandığını və artıq böhranın qaçılmaz olduğunu hesab etməsi idi, lakin əsas səbəb haqqında çox söz-söhbət gedən kredit ödəmək qabiliyyəti aşağı olan insanlara verilmiş ipoteka kreditləri və onlarla bağlı buraxılmış CDS deyilən xüsusi qiymətli kağızların kəskin dəyərdən düşməsi oldu.

    Nə üçün? Ona görə ki, Amerika iqtisadiyyatı zəiflədikcə həmin borcalanlar öz borclarını verməkdə çətinlik çəkirdilər və elə bir an gəldi ki, bu borcalanlar artıq özlərini bankrot elan edib aldıqları evləri satmağa başladılar. Nəticədə bu evlərin qiymətləri düşdü, eyni zamanda bu evlərlə təmin olunmuş CDS-lər və digər qiymətli kağızlar da kəskin dəyərdən düşdü, onlarla bir yerdə isə bankların itkiləri kəskin artdı və banklar iflasa uğramağa başladılar. Banklar isə elə bir həssas təşkilatlardır ki, bir-birinə borc verib əlaqəli şəkildə fəaliyyət göstərdikləri üçün biri yıxılanda, digərlərini də yoluxdurmuş olur və onların da yıxılmasına səbəb olur. Beləliklə, Amerikanın maliyyə sistemində böhran başladı, lakin Amerika hökuməti və Mərkəzi Bankı (Federal Ehtiyatlar Sistemi) çalışdı ki, böyük bankları iflasdan qurtarsın və etdi də, sadəcə bir böyük bankı (Lehman Brothers) xilas etmək fikrindən vaz keçdi və o bank batdı. Bu isə onunla bağlı həm Amerika, həm də digər ölkələrin bankları və maliyyə institutlarının da batmasına gətirib çıxartdı. Dünyada maliyyə böhranı məhz bu andan etibarən başladı, yəni 2008-ci ilin sentyabrından. Dünya ictimaiyyəti indiyə kimi tam əmin deyil ki, nə üçün Amerika hökuməti LB-i xilas etmədi. İstənilən halda maliyyə böhranı bütün dünyada bankların iqtisadiyyata kredit vermək imkanlarını məhdudlaşdırdı və iqtisadiyyat kredit almayanda iqtisadi aktivlik azalmağa və aşağı düşməyə başlayır, nəticədə iqtisadi resessiya dərinləşdi.

    İkinci amil isə bundan sonra öz təsirini göstərməyə başladı. 2008-ci ilin 4-cü rübü ərzində dünya iqtisadiyyatı zəifləməyə başladıqca neftə tələb də azalmağa başladı. Bunu görən spekulyantlar pullarını itirməmək üçün investisiya obyekti kimi aldıqları nefti satmağa başladılar və bu 2009-cu ilin ilk iki ayı ərzində neftin qiymətinin birdən-birə $150-dən $38-ə düşməsinə səbəb oldu. Nəticədə bu neft gəlirlərindən asılı olan bir çox ölkələrin, o cümlədən Azərbaycanın da neft ixracı gəlirlərinin də kəskin azalmasına gətirib çıxartdı. 


    Beləliklə, birinci amil bütün dünyada kredit sıxıntısına, ikinci amil isə bununla yanaşı neft ixracı gəlirlərinin kəskin azalmasına səbəb oldu. Azərbaycan kimi ölkələrdə isə bu iki amil ilə yanaşı həm də Rusiyada çalışan qasterbayterlər də evlərinə əvvəlkindən qat-qat az pul baratları göndərməyə və ya ümumiyyətlə heç pul göndərməməyə başladılar. Bütün bunlar bu ölkələrdə əhalinin və biznesin gəlirlərini xeyli azaltdı. Bizim regionun bir çox ölkələri bu gəlirləri süni şəkildə bərpa etmək üçün öz valyutalarını ucuzlaşdırmağa başladılar. Onlar bununla ümid edirdilər ki, iqtisadiyyatları yeni bir tarazlıq nöqtəsini tapacaq və resessiyanın qarşısını almaq mümkün olacaq. Təəssüf ki, bu böhran adi böhran deyil və hələ çox çəkəcək güman ki və əvəzində onlar yüksək inflyasiya və davamlı resessiya qazandılar. Azərbaycanda valyutanın sabitliyi təmin olundu, lakin bu da itkisiz ötüşmədi. Bunu etmək üçün valyuta rezervlerimizdən təxminən $1 mlrd. satmalı olduq. Biz hesab etdik ki, valyutanı ucuzlaşdırsaydıq (digərləri kimi) bundan qat-qat çox pul itirərdik. Bu fikirlə razılaşmayanlar da olsa da, mən şəxsən razılaşıram, amma bununla belə yenə hesab edirəm ki, təkcə bu addımla böhranın bitdiyini hesab etmək yanlış olardı və 2010-cu il çətin il olacaq.

    Bütün deyilənlərə yekun olaraq belə söyləmək olar ki, qlobal tarazsızlıq, Amerika maliyyə böhranı, və bu iki amildən irəli gələn kredit sıxıntısı və neftin qiymətlərinin kəskin aşağı düşməsi və digər amillər (məs. pul baratlarının azalması) dünyada və o cümlədən Azərbaycanda iqtisadi aktivliyin xeyli aşağı düşməsinə gətirib çıxartdı.