Qloballaşma – beynəlxalq əhəmiyyətli müxtəlif siyasi, iqtisadi, mədəni, informasiya təyinatlı amillərin ayrı-ayrı ölkələrin sosial varlığına hərtərəfli artan təsir prosesidir.

    Qloballaşmanın başlıca nəticəsi  beynəlxalq əmək bölgüsü, kapitalın, insan və istehsal resurslarının planet miqyasında miqrasiyası, qanunvericiliyin, iqtisadi və texnoloji proseslərin standartlaşması və ayrı-ayrı ölkələrin mədəniyyətlərinin yaxınlaşması və birləşməsidir.

    “Qloballaşma” anlayışının elmi ədəbiyyatlarda ilk dəfə 1967-ci ildə, XX əsrin ikinci yarısından sonra dünya miqyasında baş verən fundamental prosesləri izah üçün istifadə olunduğu qeyd edilir.

    «Qloballaşma» termin kimi ilk dəfə 1983-cü ildə ABŞ iqtisadçısı Teodar Levitt (1925-2006) tərəfindən bazarların birləşməsinin qiymətləndirilməsi kontekstində işlədilmişdir.

    Təsərrüfat həyatının tarixi beynəlmiləlləşməsi mübadilə sferasında baş vermiş və milli təsərrüfatların beynəlmiləlləşməsi ilk növbədə beynəlxalq bazarların inkişafı ilə bağlı olmuşdur.

    Mübadilə ticarətinin inkişafı lokal  beynəlxalq bazarlara istiqamət almış, sənaye inqilabları zamanında isə sahələrarası lokal ticarət mərkəzləri vahid dünya bazarına çevrilmişlər.

    Qloballaşmanın hərəkətverici amillərini müqayisəli üstünlüklərin daimi axtarışı, istehsalın delokallaşması, əmək bölgüsünün yeni kombinasiyaları və sair bu kimi alətlərlə xərclərin minimumlaşdırılması əhatə edir.

    Qlobalizm nədir? sualına tədqiqatçılar belə cavab verir: Qlo­balizm dünya bazarının siyasi fəaliyyəti sıxışdırması və yaxud də­yişdirməsi deməkdir. Bu dünya bazarının ağalığı ideologiyasıdır. O monokauzal olaraq fəaliyyət göstərir, sırf iqtisadi prinsipə sadiq qalır, çoxölçülü qloballaşmanı bir ölçüyə– təsərrüfat ölçüsünə mün­cər edir. Eyni zamanda qloballaşmanın digər aspektlərinin ekoloji, mədəni, siyasi, ictimai– sivilizasiyalı və s.– ni müzakirə edir və çox vaxt onları dünya bazarının başçılıq etdiyi ölçüyə tabe edir. Bu za­man qloballaşmanın mərkəzi rolunu, o cümlədən, təsərrüfat fəaliy­yətinin aktlarının qavrayışı və seçimi prinsipini inkar etmək və ya azaltmaq lazım deyildir. Qlobalizmin ideoloji nüvəsi siyasətlə iqtisadiyyatın arasındakı fərqlərin aradan götürülməsidir. Siyasətin başlıca vəzifəsi hüquqi, sosial və ekoloji hüdud şəraitini müəy­yən­ləşdirmək sayəsində ümumiyyətlə təsərrüfat həyatının mümkün və qanuni olmasını həll etməkdir. Qlobalizm mürəkkəb qurum olan dövləti, mədəniyyəti xarici siyasəti– sadə müəssisə kimə idarə et­məyə imkan verir.

Qara proteksionistlər dəyərlərin tənəzzülünün, milli başlan­ğıcın zəifləməsinin dərdini çəkir, lakin öz – özünə zidd olaraq, milli dövlətlərin neoliberal dağıdılmasında iştirak edir.

Yaşıl proteksionistlər milli dövlətdə dünya bazarının müdaxi­ləsi nəticəsində ekoloji standartları mühafizə edən milli dövlətdə ölməkdə olan siyasi biotopları görür, ona görə də milli dövlətin özünün müdafiəyə ehtiyacı olduğunu hiss edir.

Qırmızı proteksionistlər. Hər ehtimala qarşı öz paltarlarından sinfi mübarizinin tozlarını təmizləyir. Onlara görə qloballaşma ancaq öz fikirlərinin «doğruluğunu» sübut etmək üçün lazımdır. Sevinclə marksizmin intibahı bayramını qeyd etsələr də bu yalnız utopik, kor həqiqətlərdən başqa bir şey deyildir.

Qloballıq dedikdə bizim çoxdan dünya cəmiyyətində yaşa­mağımız başa düşülür. Yəni qapalı məkanlar fiksiyadan başqa heç nədir. Heç bir ölkə, yaxud ölkələr qrupu bir–birindən ayrılıqda mövcud ola bilməz. İqtisadi, mədəni, siyasi cəhətdən qarşılıqlı təsirə malik olan ölkələr bir–birilə mütləq əlaqədə olmalıdır. Bunun da sayəsində bir sıra qərb modelləri yenidən haqq qazanmağa başlayır. «Dünya cəmiyyəti» sosial münasibətlərin ümumiliyi ucbatından milli dövlət– siyasətinə inteqrasiya oluna bilmir.

«Dünya» «dünya cəmiyyəti» söz birləşməsində «müxtəliflik», «rəngarənglik» kimi başa düşülürsə, «cəmiyyət» isə inteqrasiyasızlıq kimi anlaşılır. Deməli, dünya cəmiyyəti vəhdətsiz müxtəliflik, rəngarənglik kimi başa dü­şül­­məlidir. Qloballaşma isə elə prosesləri irəli sürür ki, milli dövlətlər və onla­rın suverenliyi, transmilli aktların toruna çulğalaşır və onların hökm vermək imkanlarına oriyentasiya və identikliyi ilə razılaşmalı olur. Artıq ya­ran­­mış qloballığı aradan qaldırmaq qeyri–mümkündür. Bu onu sübut edir ki, bir–birilə yanaşı mədəni, ekoloji, iqtisadi, siyasi ictimai– vətəndaş qloballaşması baş verir.

Onların hər birinin öz məntiqi vardır. Qloballığı aradan qal­dırmağın qeyri–mümükünlüyünü səkkiz səbəblə izah edən tədqiqatçılar da vardır: 
    1) Beynəlxalq ticarət sahəsində kontraktların və coğrafiyanın geniş­lənməsi, maliyyə bazarlarının çulğalaşması transmilli şirkət­lərin qüdrətinin getdikcə artması;
    2) İnformasiya və komunikasiya– texnoloji inqilabın davam etməsi; 
    3) İnsan hüququnun qorunması tələbinin birgə irəli sürülməsi, daha dəqiq desək (sözdə) demokratiya prinsipi;
    4) Dünyanı əhatə edən mədəniyyət industriyasının təsirinin yayıl­ması­nın genişlənməsi;
    5) Postinternasional, polisentrik dünya siyasəti– hökumətlərlə yanaşı qüdrət və kəmiyyətcə daim artan transmilli aktlar, (şirkətlər, qeyri– hökumət təşkilatları, Birləşmiş Millətlər Təşkilatı);
    6) Qlobal yoxsulluq və dilənçilik məsələləri
    7) Ətraf mühitin qlobal dağıdılması problemləri;
    8) Yerlərdə transmədəni münaqişələr problemləri .