Peyğəmbərlər- yoxluq qaranlıqlarından varlıq aləminə çıxan və əbədi səadətə üz tutub gedən bəşər karvanına rəhbərlik edən insanlardır. Hər bir peyğəmbərə təbliğ etdiyi həqiqətləri təsdiqləyici olaraq möcüzələr verilib. Bu möcüzə küfrün inadını qırmaq üçündür. İnkar edənləri təslim etmək üçündür. Yoxsa həssas qəlblər, həqiqətə açıq olan beyinlər möcüzələri görmədən belə iman edirlər. Möcüzələrin verilməsindən məqsəd – hidayətə aparan yolun üstündəki küfr baryerlərini dağıtmaq, haqq yolunu kəsənləri məğlub etmək, eyni zamanda artıq iman etmiş insanların imanlarını daha da qüvvətləndirməkdir. 

Diqqət etsək görərik ki, zaman-zaman bir cəmiyyətdə ən üstün, ən prioritet sahə nə olurdusa, göndərilən peyğəmbərin möcüzəsi də o qəbildən olurdu. Məsələn, Həzrət-i Musa (ə.s.)ın dövründə ən aparıcı sahə sehr idi. Sehirbazlar cəmiyyətin ən sayılıb- seçilən təbəqəsi idilər. Musa (ə.s.) sehirbazları heyrətdə qoyacaq möcüzələr göstərməklə onları təslim etdi, bununla da haqqı insanlara təbliğin qarşısındakı baryerləri qaldırmış oldu. İsa (ə.s.)ın peyğəmbər olaraq göndərildiyi cəmiyyətdə isə tibb aparıcı sahəyə çevrilmişdi. Hz.İsa(ə.s.) ölümcül xəstələri belə sağaldırdı. Bununla həm inkar edənlərin inadını qırır, həm də təbliğ etdiyi həqiqətlərin doğruluğunu təsdiqləmiş olurdu. 

Hz. Muhamməd (s.ə.v.)in peyğəmbər olaraq göndərildiyi əsrdə Ərəbistan yarımadasında ən aparıcı sahə bəlağat idi. Bəlağat- kəlimələri yerində, düzgün işlətmə, təsirli söz demə, yüksək üslub, fikri açıq-aydın ifadə etmə sənətidir. İslamdan əvvəl Ərəbistan yarımadasında yaşayan əhalinin əksəriyyəti oxuyub-yaza bilmirdilər. Ona görə də önəm verdikləri işləri, əhəmiyyətli hadisələri, dəyərli məsəl və fikirləri şifahi şəkildə nəzmlə, şerlə nəsildən-nəslə ötürürdülər. Zaman keçdikcə orada şifahi ədəbiyyat sürətlə inkişaf edib bəlağat elminin meydana çıxmasına səbəb oldu. Artıq bir qəbilənin bəliği (bəlağatla söz söyləyən) onların milli qəhrəmanı kimi sevilib-sayılırdı. Ərəblər öz ədibləri ilə fəxr edirdilər. O dövrdə ərəblər bəlağatda dünyanın bütün millətlərindən irəlidə idilər. Bəlağata o qədər dəyər verirdilər ki, bir şairin sözü ilə iki qəbilə müharibəyə başlayırdı, və ya düşmən qəbilələr sülh elan edirdilər. Hətta yeddi ərəb şairinin yeddi qəsidəsini qızılla Kəbənin divarlarına yazmışdılar.

Quran-ı Kərim bəlağatın bu qədər dəyər qazandığı bir dövrdə nazil oldu. Musa(ə.s.)ın dövründə sehr, İsa(ə.s.)ın dövründə təbabət məşhur olub, möcüzələrin çoxu o qəbildən gəldiyi kimi, Quran-ı Kərimin də ən böyük möcüzəsi onun bəlağatıdır. Belə ki, Quranın yüksəkliyi qarşısında ərəb ədibləri səcdə edirdilər. Onlardan müsəlman olub-olmadıqları soruşulanda, müsəlman olmadıqlarını, amma nazil olmuş kitabın bəlağatı qarşısında səcdə etdiklərini deyirdilər.

Quran bütün ərəblərə, onların məşhur bəliğlərinə səslənib deyirdi: “Əgər qulumuza endirdiyimiz Quranın Allah sözü olduğu haqqında şübhəniz varsa, onun surələrindən birinə bənzər bir surə meydana gətirin…Bunu edə bilməzsiniz, edə də bilməyəcəksiniz,odur ki odunu daşlarla insanlar olan və kafirlər üçün hazırlanmış oddan çəkinin”(Əl-Bəqərə 23,24). Ərəbin məşhur ədibləri bu xitab qarşısında aciz qalmışdılar. Məkkə müşrikləri isə məcbur olub müharibəyə əl atdılar. 

İnadcıl ərəb müşrikləri damarlarına toxunan bu çağırışa sözlə cavab verməkdən aciz qalmasaydılar, həm mənəvi, həm də maddi ziyana girib müharibə yolunu seçməzdilər. Çünki bir-iki kəlimə ilə Quranın davasını yalan çıxartmaq kimi asan bir yol olduğu halda, ən çətin, ən müşkil, ən təhlükəli olan müharibə yoluna əl atmazdılar. 

Quran-ı Kərim nazil olduqdan sonra həm ona dost olanlar, həm də düşmən olanlar Qurana nəzirə yazmaq üçün çox çalışdılar. Dost olanlar ona rəğbətlərindən kəlamlarını onun kəlamına bənzətmək istəyirdilər, düşmənləri isə Quranı yalan çıxartmaq üçün inadla çalışırdılar. Nəticədə minlərlə ərəbcə kitablar yazıldı, amma heç biri üslubda, bəyanda, bəlağatda, fəsahətdə-axıcılıqda, təsirdə Qurana yetişmədi. Əgər oxşar bir kitab yazılsaydı, bu dərəcədə böyük bir hadisə tarixdən gizli qalmayacaqdı. Çünki, İslamiyətin hər zaman kifayət qədər düşmənləri olub. Belə bir əsər olsa idi, dillərə dastan olacaqdı. Əgər indiyə kimi yoxdursa, deməli Quranın bir kəliməsinə belə misil gətirmək mümkün deyil. (Mübaliğə deyil, bu həqiqətən də belədir.)

Əgər Quranın bənzərini gətirmək mümkün olsaydı, mütləq bu işə cəhd ediləcəkdi. Çünki izzət-namus məsələsi, can və mal təhlükəsi var idi. Əgər cəhd edilsəydi, bu işidə müvəffəq olmaq üçün çoxlu tərəfdar toplayacaqdılar. Çünki haqqa düşmən olanlar kifayət qədər çox idi. Əgər tərəfdarları toplasaydılar bu məsələ gizli qalmayıb, hər yerə yayılacaqdı. Çünki kiçik bir hərəkat belə tarixdə dastanlara çevrilib qalırsa, bütün insanlığı əlaqədar edən böyük bir məsələ səssiz qalmayacaqdı. Halbuki bu haqda Müsəylimə-i Kəzzabın yazdığı bir-iki cümlədən başqa eşidilməyib. O da yalançı-kəzzab(“kizb”-yalan sözündən) olaraq yaddaşlarda qalıb. Müsəylimənin kəlamlarında bəlağat var idisə də, Quran günəşi yanında çox sönük idi. Odur ki, iki vur iki dörd etdiyi kimi, qəti qənaət hasil olur ki, Quranın misli yoxdur və ola bilməz.

Hər zaman İslama qarşı olan qüvvələr müsəlmanların güc qaynağının Quran olduğunu çox yaxşı biliblər.Müsəlmanları Qurandan uzaqlaşdırmaq üçün min-bir fitnəyə əl atıblar. Halbuki, güclü dilçilər yetişdirib, Qurana nəzirə yazdırmaqla, onun hökümlərinin yalan olduğunu isbat edə bilərdilər, əgər edə bilsəydilər. Amma müharibələrə və fitnələrə əl ataraq, davranışlarıyla Quranın haqq olduğunu dəfələrlə təsdiqləyiblər. Quran-ı Kərim isə hər zaman cavanlığını, təravətini saxlayaraq bu əsrə də xitab edib deyir:” Mislimi gətirə bilməzlər və gətirə bilməyəcəklər…”

Avropa dilçiləri, yazıçıları da ərəb ədibləri kimi dəfələrlə Quran qarşısında səcdəyə getmişlər.

” Quranın gözəlliyi bütün ədəbi əsərlərdən fərqlidir. Mənim fikir və qənaətimə görə Quran başdan-başa səmimiyyət və həqiqətlə doludur. Hz. Muhammədin (s.a.v.) aləmə təbliğ etdiyi dəvət haqq və həqiqətdir.” 
Karlayl ( Carlyle)

“Quran nədir? Hər tənqidin üstündə bir fəsahət və bəlağat möcüzəsidir” 
Dr. Moris (Maurice)