O – 1954-cü il okyabrın 27-də Azərbaycan Respublikasının Tovuz şəhərində anadan olub.

1972-ci ildə Tovuz şəhər orta məktəbini bitirib və həmin il Azərbaycan Politexnik İnstitutunun “Radiotexnika və radiorabitə” fakültəsinin əyani şöbəsinə daxil olub. 1977-ci ildə institutu bitirərək radio rabitəsi və radio verilişi üzrə mühəndis ixtisası alıb. 1977-ci ilin sentyabr ayından 1980-ci ilin yanvar ayınadək Respublika Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

1980-ci ilin yanvar ayından 1986-cı ilin aprel ayına qədər SSRİ Qaz Sənayesi Nazirliyinin “Azqaznəql” istehsalat birliyində böyük mühəndis, böyük mühəndis qrup rəhbəri, mənzil-məişət və kadrlar şöbəsinin rəisi vəzifələrində, 1986-cı ilin aprel ayından 1988-ci ilin may ayına kimi Azərbaycan SSR Dövlət Qazlaşdırma Komitəsi “Azqaztəmirtikinti” ixtisaslaşdırılmış təmir-tikinti trestinin “istehsal-texnoloji komplektləşdirmə” idarəsində baş mühəndis, rəis vəzifələrində, 1988-ci ilin may ayından 1997-ci ilin iyun ayına qədər Azərbaycan Dövlət Qazlaşdırma Komitəsi, 2 yanvar 1989-cu il tarixindən Azərbaycan SSR Dövlət Yanacaq Komitəsi, 3 sentyabr 1992-ci il tarixindən “Azəriqaz” Dövlət Şirkəti maye qazın istehsalı və ixracı üzrə istehsalat birliyində rəis müavini, rəis, 5 may 1995-ci il tarixindən isə maye qaz üzrə istehsalat birliyinin baş direktoru vəzifələrində işləyib.

1997-ci ilin iyun ayından etibarən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərneftyağ” istehsalat birliyinin baş direktoru, 31 mart 2003-cü il tarixindən 26 avqust 2006-cı il tarixinə qədər “Azərneftyağ” neft emalı zavodunun direktoru vəzifəsində işləyib. 2006-cı ilin avqust ayından etibarən Azərbaycan Respublikası Sənaye və Energetika Nazirinin müavini vəzifəsində çalışırdı.

29 dekabr 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. 1993-cü il fevralın 23-dən Yeni Azərbaycan Partiyasının üzvü olub. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.

1997-ci ildə Azərbaycan Universitetinin “hüquq” fakültəsinin qiyabi şöbəsinə daxil olub və 2000-ci ildə universiteti bitirərək hüquqşünas ixtisasına yiyələnib.

1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Biznesin İdarə Olunması” istiqaməti üzrə ixtisaslaşdırmaya daxil olub və 2001-ci ildə ümumi təyinatlı biznesin idarə olunması ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.

2000-ci ildə Azərbaycan Universitetinin hüquqşünaslıq istiqaməti üzrə ixtisaslaşdırmaya daxil olub və 2002-ci ildə beynəlxalq hüquq ixtisaslaşması üzrə magistr dərəcəsi alıb. Beynəlxalq Ekoenerji Akademiyasının 7 may 1999-cu il tarixli qərarı ilə Akademiyanın elmlər doktoru, 11 fevral 2000-ci il tarixli qərarı ilə akademiki, Azərbaycan Respublikası Ali Attestasiya komissiyasının 14 fevral 2003-cü il tarixli qərarı ilə texnika elmləri namizədi alimlik dərəcələrini alıb.

Nyu-York Elmlər Akademiyasının 2003-cü ilin sentyabr ayında qəbul edilmiş qərarı ilə akademiyanın üzvü seçilib.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının 30 iyun 2006-cı il tarixli qərarı ilə texnika elmləri doktoru alimlik dərəcəsini alıb.

50-dən artıq elmi əsərin müəllifidir.

 

Azərbaycan “Bilik” Maarifçilik Cəmiyyətinin 29 dekabr 1999-cu il tarixli qərarına əsasən Yusif Məmmədəliyev adına mükafat və medalla, 22 dekabr 2003-cü ildə “Milli sənaye üçün həvəsləndirmə cəmiyyəti” tərəfindən “Napaleon” medalı ilə, 11 aprel 2004-cü ildə “Qızıl Fortuna” Beynəlxalq Akademik Reytinqi tərəfindən IV dərəcəli “Şərəf. Şöhrət. Əmək” Georqiyev medalı ilə, 18 noyabr 2005-ci ildə “Azərbaycan Həmkarlar İttifaqının 100 illiyi” yubiley medalı ilə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 18 sentyabr 2002-ci il və 15 sentyabr 2004-cü il tarixli qərarları ilə ARDNŞ-nin fəxri fərmanları və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 18 sentyabr 2003-cü il tarixli qərarı ilə AHİK-in fəxri fərmanı ilə təltif edilib. Ölkənin ictimai-siyasi həyatında xüsusi fəallıq göstərib.

30 oktyabr 2007-ci ildə vaxtsız dunyasını dəyişən, bir evdən, bir eldən yox, Azərbaycandan gedən, bütün Türk dünyasından gedən, İctimai xadim və təvazökar insan Ramiz Şəmşəd oğlu Mirzəyevin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

ALLAH rəhmət etsin!