Hazırda Bakı şəhərində yemək sifarişi və çatdırılması üzrə fəaliyyət göstərən restoranlar və onlayn xidmətlər günü-gündən artır, bazarın intensiv inkişaf mərhələsinə keçidi müşahidə edilir. Bazara giriş baryerləri hələ də aşağıdır və bir neçə xarici şirkətin də növbəti 1-2 ildə bazara daxil olması gözlənilir. Əsas bazar payı hələ ki, restoranlara məxsusdur, ancaq onlayn platformalar da artıq kifayət qədər aktivləşib. Rəqabət getdikcə güclənir. Artıq indidən kuryer qıtlığı və reklam kanallarının bahalaşması müşahidə edilir. Belə bir şəraitdə restoranlar da daha güzəştli şərtlər tələb edir və onlarla sərfəli şərtlərlə əməkdaşlıq etmək imkanları getdikcə daralır. Restoranların texnoloji infrastrukturu və İ.R. vəziyyəti qeyri-qənaətbəxş olduğundan, marketplace-lər üçün restoranlarla əməkdaşlığın təşkili və aparılması xərcləri artır. Digər tərəfdən, bazarda hələ də oturuşmuş şirkətlər və lider brendlər mövcud deyil, bazarın doyma mərhələsinə həl çox var və bazardan ciddi pay ala bilmək üçün hələ ki, bütün bazar iştirakçılarının şansı var.

TRENDLƏR

Yemək sifarişi və çatdırılması üzrə bazarın mövcud vəziyyətini taksi bazarı ilə müqayisə etmək trendləri anlamaqda və müəyyən etməkdə bizə kömək edə bilər. Belə ki, taksi-aqqreqator xidmətlərini ilk dəfə 2009-cu ildə 189 Taksi əhaliyə təqdim etmişdi. Təqribən 5 il ərzində şirkət sürətlə inkişaf etdi və özünü yüksək keyfiyyətli bir xidmət kimi mövqeləndirə bildi. 2015-ci ildən etibarən, bazara qısa zaman kəsiyində Salam Taksi (*9933), CityTaxi (*8844), Ekonom Taksi (*9111) və digər xidmətlər daxil oldular. Bundan sonra bazarda acımasız və qeyri-sağlam rəqabət günü-gündən güclənməyə başladı. İlk dalğada qiymətlərin ucuzlaşması bazarın həcmini böyütdü, aqqreqator şirkətlərin mövqeyini gücləndirdi və taksi sürücülərini aqqreqator xidmətlərinin şərtləri ilə işləməyə məcbur etdi. Növbəti 2 il ərzində yeni şirkətlər də inkişaf etdi və ciddi bazar payı əldə edə bildilər. Artıq 3 fəqli qiymət-keyfiyyət seqmenti formalaşmışdı. Bazarın cəlbediciliyi sürətlə yüksəldi, giriş baryerləri isə hələ də çox aşağı olaraq qalırdı. Növbəti dalğada – 2016-cı və 2017-ci illərdə bazara 40-a yaxın yeni aqqreqator xidməti və Uber və UTAP onlayn platformaları daxil oldu. Uberin ardınca Taxify da gəldi. Bu, bazarda sürücülərin seçim imkanını artırdı, digər tərəfdən isə qiymətlərin hədsiz aşağı səviyyəyə düşməsinə gətirib çıxardı. Xarici platformaların kupon-güzəşt strategiyaları və bazara yeni daxil olmuş səriştəsiz şirkətlərin davamlı qiymət endirimi bazarın rentabelliyini çox aşağı səviyyəyə saldı. Nəticədə, taksi resurslarına hakim çıxa bilməyən və keyfiyyət meyarına görə mövqeyini qoruya bilməyən əksər taksi xidmətləri müştəri məmnuniyyətini, bunun da ardınca bazar payını itirərək, bazardan çıxdı. Bu, əsasən, əvvəlcədən yuxarı və orta qiymət seqmentlərində mövqelənmiş şirkətlər idi. Nəticədə cəmi 2 qiymət seqmenti qaldı – orta və aşağı. Ancaq qeyd etmək lazımdır ki, məhz, bu dövrdə aqqreqator xidmətlərinin aktiv istifadəçiləri onlayn platformalara keçid etdilər və həmin seqmentin güclənməsinə şərait yaratdılar. Orta və yuxarı seqmentdə qərarlaşan şirkətlərin öz mövqelərini qoruyub saxlaya bilməmələrinin bir önəmli səbəbi də, elan etdiklərinin əksinə, xidmət səviyyəsinə görə rəqiblərindən ciddi şəkildə fərqlənə bilməmələri idi.

Biz, yuxarıda qeyd edilənlərlə bərabər, yemək çatdırılması bazarının özəlliklərini də unutmamalıyıq. Taksi bazarından fərqli olaraq, çatdırılma bazarında resursların idarəolunması daha qəliz olacaq. Taksi sürücüləri, əsasən, orta və yuxarı yaş kateqoriyasina aid insanlardan ibarət idi, sayları çox idi, aralarında əlaqələnmə və təşkilatlanma çox zəif idi. Kuryerlər arasında təşkilatlanma çox güclü təşkil edilib, sayları çox azdır, bu sahədə xüsusi ləvazimatlarla təchizat tələbləri daha yüksəkdir. Onları taksi sürücüləri kimi rahat idarəetmək mümkün olmayacaq. Nəticə etibarilə, kuryer resurslarına nəzarət edən bütün bazara nəzarət edəcək. Taksi bazarının keçdiyi bu inkişaf yolundan dərs çıxara bilən şirkətlər, yəqin ki, perspektivdə daha üstün mövqelər əldə etməyə nail olacaqlar.

Əlimizdə olan məlumata əsasən, yemək çatdırılması üzrə xidmətlər artıq 7 ildən çoxdur ki, mövcuddur. ilk dəfə 2012-ci ildə Nuush.az marketplace-i bazara bir alternativ sifariş üsulu təqdim edib. Bundan 5-6 il sonra, 2017-2018-ci illərdə isə qısa müddətdə bir neçə xidmət də azara daxil olub və bu proses bu gün də davam edir. 2019-cu ildə növbəti bir xarici brend olan Wolt da Azərbaycan bazarına daxil olub və sürətli ekspansiyaya başlayıb. İyulun 15-dən etibarən geniş kütləyə açılmalarına baxmayaraq, artıq kifayət qədər nüfuz qazanıblar. Fəaliyyətləri indidən restoran-tərəfdaşların və kuryer resurslarının bazar gücünü artırıb. Gələn il isə Azərbaycanın taksi bazarında uğurla fəaliyyət göstərən və özünü təsdiqləmiş bir brend olan Bolt-un Bolt Food yemək çatdırılma xidmətinin də Azərbaycan bazarına daxil olması gözlənilir. Delivery Club və Yandex.Eda platformalarının da növbəti 1-2 ildə bazara girmə riski böyükdür. Taksi bazarındakı təcrübəni və gedişatı analiz edərək, növbəti 1-2 il ərzində bazarın trendlərini düzgün dəyərləndirmək və dəyişikliklərə əvvəlcədən hazırlanmaq yerli şirkətlər üçün çox vacibdir.

BAZARIN HƏCMİ

Bazar həcmi və strukturu haqqında ciddi araşdırma aparmamışam və dəqiq-dolğun məlumatlara sahib deyiləm. Ancaq qonşu ölkələrin müvafiq sektoru üzrə statistik məlumatlarını yerli bazar haqqında fərdi müsahibələr, bazar iştirakçılarından əldə olunan benchmark-lar, müşahidələrim və s. əldə edə bildiyim məlumatlarla müqyisə etdikdə vəziyyəti müəyyən qədər aydınlaşdırmaq olur.

Ehtimal olunur ki, Bakı şəhərində hazırda, catering xidmətlərini nəzərə almasaq, günlük orta hesabla 8000 yemək sifarişi olunur.

Bakı bazarında yemək çatdırılma xidmətinin penetrasiya faizinin 3%-6% aralığında olduğu təxmin edilir. Bu isə bazarın hələ bundan sonra 3 dəfədən də çox böyümə ehtimalı olduğunu göstərir. İllik böyümə faizinin 15-25% və ya daha yüksək olacağı, sifarişçilərin aylıq ortalama sifariş sayının 1-3 aralığında dəyişdiyi ehtimal edilir. Bu isə CLV göstəricisinin kifayət qədər yüksək olduğuna işarə edir. Orta sifariş məbləğinin 10-15 AZN aralığında dəyişdiyi təxmin edilir. Orta çeki yüksəldən, əsasən, suşi və pizza sifarişləridir. Digər kateqoriyalar üzrə sifarişlərin isə 5-10 AZN aralığında olduğu təxmin edilir.

Sifarişlərin 50-70% iş günləri günorta 12:00-15:00 aralığında, yerdə qalan hissəsi isə, əsasən, axşam saatlarında 19:00-22:00 aralığında gerçəkləşdirilir.

Bazarda 300-500 aktiv motokuryerin xidmət göstərdiyi təxmin edilir. Onlar günlük orta hesabla restoranlarda 15-25, platformalarda isə 10-15 sifariş icra edir. Günlük orta gəlirləri 20-35 AZN aralığında dəyişir. Çatdırılma üçün, əsasən, skuterlərdən istifadə edilir. 50 kubdan yuxarı motosiklet sürən vəsiqəsi olan kuryerlərin sayı həddindən artıq azdır və onların günlük gəlirləri 30-35 AZN-dən az deyil. Skuterlər 4-5 km qədər məsafəyə çatdırmalarda kifayət edir. Daha uzaq məsafəyə çatdırmalarda isə skuterlər çox tez-tez sıradan çıxır və məsrəfləri artır. Sayları məlum olmasa da avtomobil vasitəsi ilə də yemək çatdırılmasından istifadə olunur. Onları şəhər mərkəzində istifadə etmək səmərəsiz ola bilər, çünki dayanma-durma problemləri şəhər mərkəzində avtomobillər üçün çox aktualdır. Digər bölgələrə çatdırmada isə avtokuryerlərdən altiv istifadə edilə bilər.

SEQMENTLƏR

Telefon sirfarişləri seqmenti yemək çatdırılması bazarının “aslan payını” öz əlində cəmləşdirib. Bu seqmentin sifariş hesabı bazar payının 90%-ə yaxın olduğu ehtimal edilir. Bu isə, əslində, platformaların seqmentinin inkişaf üçün böyük potensialının olduğunu göstərir. Çünki qonşu ölkələrdə platformaların payı 30%-dən az deyil. Wolt-un da bazarda qısa müddətdə əldə etdiyi nailiyyət bunu təsdiqləyir. Bu sifarişlər fərdi restoran brendlərinin əlində, əsasən isə, populyar fast food şəbəkələrinin əlində cəmləşib. Restoranlar çatdırmanı, əsasən 3-5 km-ə qədər və müəyyən minimal sifariş məbləği şərtilə çatdırır. Çatdırma yaxın məsafələrə pulsuz, uzaq məsafələrə isə əlavə ödənişlə edilir. Pulsuz çatdırma telefonla restoranlardan sifariş etmə üsulunun ən üstün cəhətidir. Digər cəhətləri seqmentin zəif tərəflərinə aiddir – telefon xəttlərinin məşğulluğu, sifarişlərin qeyri-dəqiq götürülməsi, çatdırılmanın planlaşdırılmasında ciddi qüsurların olması, çatdırılmanı izləmənin mümkünsüzlüyü və bir qisim insan üçün telefon danışığı ilə sifariş etmə üsulunun narahat edici olması və s.

Onlayn sifarişlər seqmentinin bazar payı çox kiçik olsa da inkişaf potensialının yüksək olduğunu görürük. Burada həm restoranların veb səhifələrindən edilən sifarişləri, həm də platformaları qeyd etmək lazımdır. Sonuncuların payının daha çox olduğu ehtimal edilir. Ancaq restoranların veb səhifələrindən sifariş edənlər də platformalar üçün ən real potensial müştərilərin sırasındadır. Bu baxımdan həmin alt seqmentin tezliklə mövqeyini tam itirəcəyi gözlənilir.

Onlayn sifarişlər seqmenti özündə Marketplace-lər və Mərkəzləşdirilmiş çatdırılma platformları kimi alt seqmentləri birləşdirir.

Marketplace-lərin əsas üstünlüyü logistika resurslarına ehtiyac duymamaları və restoranların resursları hesabına müştərilərə pulsuz çatdırılma təqdim edə bilmələridir. Bunun hesabına onlar həmçinin daha az məsrəflə işləyə bilirlər ki, bu özəllik onların bazardakı dalğalanmalarına daha uzun müddət dözə bilmələrinə şərait yaradır və maliyyə risklərini də, həmçinin, azaldır.

Mərkəzləşdirilmiş çatdırılma platformaları isə öz logistika resurslarının daha səmərəli istifadəsi nəticəsində daha keyfiyyətli çatdırılma xidməti göstərə bilir. Bu alt seqment, yəqinki, yuxarı gəlir seqmenti üçün daha məqbul olacaq ilkin dövrlərdə. Yuxarı gəlir seqmentinin onlayn ödəniş vərdişlərinin nisbətən daha yüksək olduğunu düşünsək bu alt seqmentdə rəqabət yerli şirkətləri Wolt və Bolt Food kimi qlobal brendlərlə qarşı-qarşıya qoyacaq, həm də yerli şirkətlərin onlardan əsas üstünlüyü olan nağd ödəniş özəlliyini zərərsizləşdirəcək.

Bazarda nağd və kartla ödəniş alt seqmentlərinin vəziyyəti hələ ki, dəqiq məlum deyil bizə, ancaq skeptik rəqəmlər bu göstəricinin 5-10%, optimistik rəqəmlər isə 10-15% aralığında dəyişir. Bu, kifayət qədər ciddi göstəricidir və artmağa da davam edəcəyi gözlənilir.

RƏQABƏT

Hazırda Bakıda 150+ restoran və kafe, eləcə də 10+ online platforma aktiv yemək çatdırılması xidməti göstərir. Onlardan əsaslarını mümkün qədər öyrənməyə çalışdım. Hər birinin xidmətlərindən istifadə etdim. Əticələri aşağıda paylaşmışam:

Wolt – Fin kökənli Avropa şirkətidir. 55 şəhərdə 5000-dən çox restoran və 10000-dən çox kuryerlə artıq 4 ildir ki, uğurla fəaliyyət göstərir. 80ə yaxın texniki personalı, dünya üzrə 450-yə yaxın əməkdaşları var. Fəaliyyətə başlayandan bu yana 150M avro məbləğində investisiya cəlb etməyə nail olub.

Bu şirkət Bakı bazarına 2019-cu ilin yaz-yay aylarında daxil olub. Hazırda Bakıda 25 – 30 moto və velokuryeri olduğunu təxmin edirəm. Kuryerlərə 8 iş saatı ərzində 5 azn/saat, ödəniş edirlər. Sərbəst iş qrafiki imkanını da buna əlavə edəndə kuryer bazarında xərclərin səviyyəsinin yuxarı qalxmasına səbəb olacağını anlayırıq. Belə ki, aylıq 700 azn əmək haqqı ilə belə öz motosu olan kuryeri işə cəlb etmək müşkül məsələyə çevrilib. Restoran tərəfdaşlarının sayını da sürətlə artırırlar. Avqust ayının sonuna 54 restoranla işləyirdilər. İndi isə 90+ tərəfdaşları var. Halbuki, iyul ayında bu meyar üzrə əksər yerli xidmətlərdən geri qalırdılar. Bazarda həm brend olaraq, həm də aktiv şəkildə sifarişlərini artıra bildiklərinə görə ortaq tərəfdaş restoranların ciddi marağına səbəb olublar və etimadlarını qazanıblar. Bunun sayəsində rəqib şirkətlər onların bəzi tərəfdaşları ilə işləməkdə çətinlik çəkirlər.

Bazara girərkən istifadə etikləri əsas təşviqat kanalı Word of Mouse adlandırdığımız kanaldır və bu kanal vasitəsi ilə məlumatların viral üsul ilə yayılmasına çalışırlar. İlk etapda, məhz, kuryerlərin toplu şəkildə əhalinin sıx hərəkət etdiyi məkanlarda görsənməsi onların sürətlə tanınmasına səbəb oldu. Bu prosesdə keyfiyyətli brendləşmə elementləri də öz rolunu oynadı. Digər bir kanal isə influencer-lərin xidmətləri oldu. Bir neçə influencer sosial media üzərindən Woltu istifadəçilərə müsbət yöndən tanıtdı. İyul ayının ortalarında 8-9 xəbər-informasiya saytı Woltun Azərbaycan bazarına girməsi haqqında anons verdi. Ancaq bu kanalın uğurlu olmadığını gördük. Fed.az, Metbuat.az (187 baxış), 1News.az (14456 baxış), Friday.az (246 baxış), Oxu.az (3468 baxış), Day.az (7060 baxış), Milli.az (961 baxış) və Techland.az (462 baxış) resurslarında məqalələrə cəmi baxış sayı 27000+ oldu 1.5 ay ərzində. Avqustun ortalarından etibarən isə Google search Ads təşviqat kampaniyasına başladılar, aktiv olaraq.

Hazırda günlük 250-nin üzərində sifarişlərinin olduğu ehtimal edilir. Restoranların Wolt vasitəsi ilə günlük orta hesabla 1-3 sifariş aldığını təxmin etmək çətin deyil. Hələlik, bu o qədər də ciddi rəqəm deyil. Ancaq bəzi populyar restoranlarda bu sayın 15-20 və daha çox olduğu da deyilir. Buna baxmayaraq, Woltun indilik şəhərin yalnız mərkəzinə və mərkəzə yaxın ərazilərə xidmət göstərməsi, yalnız 4 km radiusda sifariş qəbul etmsi, yalnız kart ilə ödəniş etməyin mümkünlüyü, məcburi 10 azn minimal ödəniş limitinin olması kimi zəif cəhətləri də var. Bu cəhətlərdən digər şirkətlər yararlana və uğurlu mövqelənmə müəyyən edə bilər.

Uİ/UX dizayn cəhətdən həm vebsaytlarının, həm də mobil tətbiqlərinin yüksək səviyyədə olmasını qeyd etməliyəm. Restoranların kontenti də keyfiyyətli şəkildə işlənib, xüsusi fotoçəkilişlər edilib və s. Digər tərəfdən, filter imkanları və xüsusi kampaniyalar təqdim edə bilmə opsiyalarının olmadığını görürük. Bu cəhətlərindən də yararlanmaq mümkündür. Restoranların rahat sifariş qəbul edə bilməsi üçün onlara planşet təqdim edirlər. Bu, eyni zamanda internet şəbəkəsi ilə bağlı restoranlardakı problemi həll etməyə kömək edir. Admin panelləri də UX baxımından çox yaxşı işlənib və burada sifarişləri idarə etmək digər platformalara nisbətdə daha asandır.

Metbexler.az – Hazırda ən aktiv təşviqat və reklam fəaliyyəti ilə seçilən yerli şirkətdir. Əsasən, Google Search Ads və Display Ads kanallarından istifadə edirlər. 2018-ci ildən fəaliyyətə başlayıb. Günlük 100-ə yaxın sifarişlərinin və 7-8 kuryerlərinin olduğu ehtimal edilir. Məhsulların üzərinə bəzən qiymət əlavələri edir, bəzən isə sifarişləri qismən mağazalardan aldıqları məhsullarla əvəz edərək, çatdırırlar. Bu səbəbdən müştərilər və kuryerlərlə tez-tez narazılıqlar baş verir. Saytda göstərilən çatdırma vaxtları digər rəqiblərinə nisbətən daha uzundur. 60+ restorandan ibarət tərəfdaş şəbəkəsi var. Minimum sifariş məbləği tələbləri var. Çatdırılma xidmətinin ödənişli olmasına baxmayaraq, müştəriyə bu məlumat əvvəlcədən göstərilmir və yalnız sifarişi yerləşdirmək istədikdə bu haqda məlumat verilir. Kartla ödəniş imkanı mövcud deyil. Vebsaytın traffikinin və unikal vizitorlarının sayının yay aylarında Nuush.az və Acqalma.az-dan 2 dəfə olduğu müşahidə edilirdi. Son aylarda onlayn təşviqatda aktivlikləri bu fərqi artıq aradan qaldırıb.

Vebsaytları UX/Uİ baxımından orta-aşağı səviyyədə dəyərləndirilə bilər. Saytın mobil versiyasını yoxlyarkən kifayət qədər texniki qüsurlarla qarşılaşırıq, qeydiyyatdan keçərkən texniki problemlərlə üzləşirik. Qeydiyyat prosesi çox vaxt alır və çox məlumat istəyir. Responsivlik qüsurları var. Dil opsiyası işləmir. Restoranların siyahısında çatdırılma müddətləri haqqında məlumat verilmir. Yalnız restoran səhifəsində vaxt aralığı göstərilir. Yeməklə, çatdırılma və xidmət ayrlca qiymətləndirilə bilir. Kuryer isə sifarişi WhatsApp vasitəsilə alır. Bu, çox sayda sifarişin idarə edilməsində ciddi problemlər yaşaya biləcəklərinin göstəricisidir.

Nuush.az – Bazarın ən köhnə iştirakçısıdır. 2012-ci ildən Azərbaycan bazarındadır. Ancaq nəticə olaraq, uğurlu hesab etmək olmaz. Günlük sifarişlərinin 100-ün altında olduğunu təxminedirəm. Öz kuryerləri yoxdur, qismən restoranların, qismən isə kənar çatdırılma şirkətlərinin xidmətlərindən istifadə edirlər. Həm ödənişli, həm də ödənişsiz çatdırılma edirlər. Test zamanı çatdırılma haqqını sonradan telefon zəngi edərək bildirdilər. Minimal sifariş məbləği tələbləri var. Hazırda 50-yə yaxın restoranla tərəfdaşlıq edir. Bəzi tərəfdaş restoranların qiymətləri rəqib şirkətlərə nisbətdə baha, bəzilərində isə daha ucuzdur.

Vebsaytda qeydiyyat prosesi uzun və narahatdır. Mobil versiyada UX və responsivlik problemləri var. Çatdırılma ünvanları çox məhdud sayda nişangahlar üzrə müəyyən edilir və bu çox narahatdır. Funksionallıq baxımından zəifdir. Takeaway funksiyası var, ancaq Bakı üçün aktual deyil. Yeməyin tərkibindəki inqredientləri ayrılıqda istəyə görə silmə imkanı var. Kuryer sifarişi WhatsApp vasitəsilə alır.

Acqalma.az – Ən köhnə şirkətlərdən biridir Bakı bazarında. Vebsaytın traffiki və unikal vizitor strukturu, təqribən, Nuush.az-dakı kimidir. Günlük 100 ətrafında sifarişi olduğu ehtimal edilir. Öz kuryerləri yoxdur, qismən restoranların, qismən isə kənar çatdırılma şirkətlərinin xidmətlərindən istifadə edirlər. Həm ödənişli, həm də ödənişsiz çatdırılma edirlər. Minimal sifariş məbləği tələbləri var, ancaq restoranların siyahısında göstərilən məbləğ doğru deyil, sifariş zamanı dəyişik rəqəmlər ortaya çıxır. Müştərilər sifariş haqqında vaxtında məlumatlandırılmır. Test zamanı yalnız 10 dəqiqədən sonra geriyə zəng edib, məlumat verdilər və əvvəlcədən təsdiqlənmiş çatdırılma vaxtı kuryer tərəfindən dəyişdirildi. Müştəri sifarişin statusu haqqında məlumatı email vasitəsiilə alır yalnız. Hazırda 20+ restoranla tərəfdaşlıq edirlər. Son 4-5 ayda restoranların sayı qismən azalıb. Bəzi tərəfdaş restoranların qiymətləri rəqib şirkətlərə nisbətdə baha, bəzilərində isə daha ucuzdur.

Vebsaytın işləməsində gecikmələr və digər texniki qüsurlar var. Hesaba daxil olmaqda çətinlik çəkdim test zamanı. Populyar restoranları ayrıca təqdim edən bölmə var. Restoranların siyahısında elan edilən çatdırılma müddəti rəqib şirkətlərə nisbətdə daha uzundur. Kuryer sifarişi WhatsApp vasitəsilə alır. Funlsionallıq baxımından zəifdir. Ünvanların təyin edilməsi Nuush.az və Foodorder.az-dakı kimi nişangahlar vasitəsilə həyata keçirilir.

Hungry.az – Bazara 2019-cu ildə daxil olublar. Sifariş sayı məlum deyil ancaq vebsaytın traffiki öncəkilərə azdır. Öz kuryerləri var. Kuryerim.az şirkətinə məxsus olmaları kuryer resursları cəhətdən güclü olduqlarına işarə edir. Hazırda 60+ restoran tərəfdaş ilə işləyirlər. Məhsulların qiymətləri nisbətdə daha yüksək göstərilib. Çatdırılma vaxtları da rəqib şirkətlərə görə daha uzun təqdim edilib. Test zamanı restoran uzun zaman sifarişi qəbul etmədi, dəstək nömrəsi işləmirdi, sifarişi heç cür ləğv etmək də mümkün olmadı.

Yalnız mobil tətbiq vasitəsi ilə sifariş vermək mümkündür. Mobil tətbiqin işləməsində isə kifayət qüsurlar var. Mobil traffiklə çox gec yüklənir. Bəzən açılmır. Bəzən isə sifarişi təsdiqləmə məqamında sessiya bitir və tətbiq bağlanır və s. Qeyd etmək lazımdır ki, restoranların rahat sifariş qəbul edə bilməsi üçün onlara planşet təqdim edirlər.

Ping Pong – Bazara ən son daxil olan platformalardan biridir. Sifariş sayı məlum deyil ancaq vebsaytın traffiki öncəkilərə nisbətdə çox azdır. Bu yaxınlarda Wolt ilə rəqabətə hazırlıq üçün 10 yeni moto aldıqları deyilir. Ancaq hər hansı təşviqat kanalında aktivlikləri müşahidə edilmir. Sifarişləri nəyin hesabına artırdıqları məlum deyil. Çatdırılma ödənişlidir. Test zamanı 30 dəqiqədən çox gecikmə oldu. Hazırda 30+ tərəfdaş restoran ilə işləyirlər. Restoranların rahat sifariş qəbul edə bilməsi üçün onlara planşet təqdim edirlər.

Vebsaytlarından sifariş vermək olmur. Sifarişlər yalnız mobil tətbiq vasitəsilə həyata keçirilir. Mobil tətbiqin işləməsində texniki qüsurlar var. Məhsulları səbətə atdıqdan sonra tapmaq olmur. Ciddi UX qüsurudur və artıq neçə aydır ki, düzəlmir. Uİ cəhətdən də tətbiq zəifdir və iş prosesinə tam hazır deyil. Çatdırılma vaxtlları heç yerdə göstərilmir. Qeydiyyat prosesi qəlizdir və təhlükəsizlik kodu email vasitəsi ilə gəlir müştəriyə. Eyni zamanda bir neçə məhsul sifariş etmək çox çətindir UX baxımından – anlaşılmazdır proses. Sifarişi xəritə üzərində izləmək mümkündür. Ancaq stest zamanı sonuncu status yalnış göstərirdi.

Foodorder.az – Bazara 2018-ci ildə daxil olublar. Sifariş sayı məlum deyil, ancaq vebsaytın traffiki öncəkilərə nisbətdə çox azdır. Sifarişləri ödənişli və ödənişsiz əsaslarla çatdırır. Kənar çatdırılma xidmətlərindən və restoranların daxili kuryer resurslarından istifadə edirlər. Minimum sifariş məbləği tələbləri var.

Uİ dizayn baxımından əksər yerli şirkətlərin vebsaytlarına nisbətdə daha xoşagəlimlidir. Vebsaytda elan olunmuş çatdırılma müddətləri bizə nisbətdə bir az daha uzundur. Qeydiyyat uzun və narahatdır. Kuryer sifarişi email vasitəsilə alır. Sifarişlərin statuslarını izləmək mümkündür. Test zamanı kuryer 20 dəqiqədən çox gecikdi.

Dostavka.az – Bazara ən son daxil olan marketplace-lərdən biridir. Sifariş sayı məlum deyil ancaq vebsaytın traffiki öncəkilərə nisbətdə çox azdır. Sifarişləri ödənişli və ödənişsiz əsaslarla çatdırırlar. Kənar çatdırılma xidmətlərindən və restoranların daxili kuryer resurslarından istifadə edirlər. Minimum sifariş məbləği tələbləri var. Yalnız nağd ödəniş qəbul edə bilirlər. 20 tərəfdaş restoran ilə işləyirlər.

Vebsayt və mobil tətbiq vasitəsilə sifariş vermək imkanı var. Restoranların xüsusi kampaniyalarını da burada təqdim və istifadə etmək imkanı var (məs. 1 məhsulu alana digəri hədiyyə və s.). Sifarişi izləmək mümkün deyil.

Fooderos – Digər yerli şirkətdən fərqli olaraq, ortaya geniş texniki imkanlara malik, daha zövqlü və səviyyəli bir produkt yarada bilib Fooderos komandası. Təkmilləşdirilməyə ehtiyac duyulan məqamların olmasına baxmayaraq, bu platformanın Azərbaycan bazarı üçün ciddi potensialının olduğuna inanıram. Xidmətin yaradılmasın yaxından iştirak etdiyim üçün, təəssüf ki, ətraflı məlumat verə bilməyəcəyəm.

NƏTİCƏ  

Yemək sifarişi və çatdırılması bazarı bütün dünyada yüksək templərlə inkişaf edir. Bu trend ölkəmizdən də yan keçməyəcək. Bazarın sürətli inkişaf mərhələsinə yenicə keçid etməyimizə baxmayaraq, artıq kifayət qədər oyunçu var bazarda – həm restoranlar, həm də onlayn platformalar. Sektoru ciddi rəqabət – ciddi sınaq gözləyir. Yerli şirkətlərimiz isə bu rəqabətə hələ ki, hazır görsənmirlər. Qlobal şirkətlərin Azərbaycan bazarında daxil Olması davam etdikcə, bu vəziyyət daha da pisləşə bilər. Ona görə də onların hamısına təcili şəkildə toparlanmağı, nöqsanlarını aradan qaldırmağı və müştərilərinin həyatına daha üstün bir dəyər qatmaq üçün çalışmağı tövsiyyə edirəm.

Qeyd: Bu məqaləni yazmaqda məqsədim müvafiq sektorda fəaliyyət göstərən insanlarla fikirlərim və təcrübəmlə bölüşməkdir. Ümid edirəm, faydalı olar.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry