Həyatınızdakı problemlərin çoxluğu və mövcudluğundan şikayətçisiniz? Bu zaman sizə yerləşdirdiyimiz ibrətli hekayəni oxuyub nəticə çıxarmağı təklif edirik.

    Bir gün bütün ruhlar yığışaraq özləri üçün növbəti tapşırıq seçərdilər. Birdən ən cəsarətli və güclü ruh ayağa qalxaraq deyir:

    -Bu dəfə Yer üzərinə bağışlamağı öyrənmək və bağışlamaq üçün enirəm. Bu işdə kim mənə kömək olar?

    Digər ruhlar qorxu və şəfqət hissi ilə cavab verirlər:

    -Bu ən çətin tapşırıqlardan biridir… Bu tapşırığı yerinə yetirmək üçün bir ömür bəs etməz… Sən əziyyət çəkəcəksən… Sənin halına acıyırıq… , amma biz sənə kömək etməyə hazırıq…

    Ruhun biri söyləndi:

    -Mən Yer üzərində daim səninlə olub sənə kömək etməyə hazıram. Mən sənin həyat yoldaşın olaram, hansıki mənim günahlarım üzündən ailə həyatımızda çoxlu problemlər olacaq , amma sən məni bağışlamağı öyrənəcəksən…

    Başqa bir ruh dərin ah çəkərək dedi:

    -Mən isə sənin valideynlərindən biri olub sənə ağır uşaqlıq həyatı yaşadacam və öz xasiyyətim və hərəkətlərimlə sənin həyatına tez-tez mane olacam, amma sən məni bağışlamağı öyrənəcəksən…

    Üçüncü ruh səsləndi:

   -Mən isə sənin müdirin olub  tez-tez sənə ədalətsiz və təkəbbürlü yanaşacam ki, sən hər dəfə səbir və təmkinlə məni bağışlamağı oyrənəsən…

    Beləliklə bütün ruhlar tapşırıq və öhdəlikləri bölüşdürüb yer üzərinə enirlər, amma ruhların belə bir xüsusiyyəti var ki, yeni bir həyat doğulanda ruhların yaddaşı silinir və onlar arasında sayılı ruhlar bütün təsadüflərin təsadüfi olmadığını gec-tez anlayır. Əslində həyatımızda olan insanlar (fərqi yoxdur yaxşı/pis ) bizə dərs vermək üçün həyatımızda mövcuddur.