Təsəvvüf – (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) İslamda geniş yayılmış ezoterik dini və fəlsəfi cərəyandır. Təsəvvüf İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır. Bu fəlsəfi-dini təlimdə insanın nəfsi ilə mücadilə edərək onu islah və tərbiyə etməsi, öz varlığından və dünyadan keçərək, Allaha qovuşması məqsədi izlənilir. Təsəvvüf müstəqil bir fəlsəfi təlim olaraq ilk dəfə Bəsrədə meydana çıxmışdır. İlk dəfə sufi adını alan isə Əbu Haşim əs-Sufi olmuşdur. Təşəkkülünü tamamlayan və sistemləşən təsəvvüf XII əsrin II yarısından başlayaraq təşkilatlanma prosesinə girir. Mütəsəvvüflər öz adları ilə tanınan təriqətlər qurdular.

Əhməd Yasəvi – Yasəvilik, Mövlana Cəlaləddin Rumi – Mövləvilik, Şeyx Səfiəddin Ərdəbili – Səfəvilik, Nəimi Təbrizi – Hürufilik və s. Azərbaycan da öz növbəsində İslam aləminə bir çox tohfələr verib. Bunlardan biri də, heç şübhəsiz, təsəvvüf və təsəvvüf ədəbiyyatı sahəsi olmuşdur. Azərbaycan ədəbiyyatında Baba Kuhi Bakuvi, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mahmud Şəbüstəri, İmadəddin Nəsimi, Fəzlullah Nəimi, Şah Qasım Ənvar, Dədə Ömər Rövşəni, İbrahim Gülşəni, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Əbülqasim Nəbati, Mir Həmzə Nigari, Mirzə Şəfi Vazeh v və s. kimi sufi şairlər təsəvvüf ədəbiyyatı sahəsində ölməz əsərlər yaradıblar.

Sufizmin bir qolu da Hürufilikdir.
Hürufilik (ərəbcə وفية hurufiyyə) — XIV əsrin sonu və XV əsrin əvvəllərində Azərbaycanda, Anadoluda və Qərbi İranda yayılan Sufi təriqətidir. Hüruf sözü ərəb dilində “hərflər” mənasını verir. İslam dünyasında Hürufiliyi bir inanc sistemi kimi, bir firqə halında yayan Astrabadi Fəzlullah Nəimi olmuşdur. XIV əsrin sonlarında İranda Əmir Teymurun səltənətində (1370-1405) təriqət əhlinin böyük hörmət gördüyü zaman Fəzlullah Nəimi Xəzər dənizinin cənub-şərq sahillərinə yaxın Astrabad şəhərində öz təlimini yaymağa başlamışdır. Bu təriqətin əsas ideyası Quranın hərf sistemi vasitəsilə izah olunmasına əsaslanır. Hürufiliyə görə Kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir. Bu dövrlər Peyğəmbərlik, İmamlıq və Allahlıqdır. Hürufilər Adəmdən, Musadan və Məhəmməddən sonra Allahın qüvvəsinin təzahürü kimi Fəzlullahı hesab edirdilər. Allahın zahiri görünüşü solmazdır və o insanda, yaradılmışların ən yaxşısında bəyandır (zühur kibriyyə), insan ilahinin surətidir və həqiqətin açarıdır. Allah hər bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28 və fars əlifbasının 32 hərfində təcəssüm edir. Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir. Bu rəqəm insan sifətinin əsas hissələrinə, Fatihə surəsinin ayələrinə və inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.