14 Noyabr 1902ci ildə ABŞın 26cı prezidenti Teodor Ruzvelt Missisipi və Luzina ştatlarına onlar arasında yaranan gərginliyi aradan qaldırmaq üçün səfər edir. Bildiyimiz kimi, Ruzvelt böyük ov həvəskarı olub və buna görə də o, buralarda ayı ovuna çıxır. Lakin bu dəfə bəxt üzünü Ruzveltdən döndərmişdi.

O, bir neçə saat ərzində heyvanın izinə düşə bilməmişdi. Onda onunla ovda olanlardan biri balaca bir ayı taparaq onu “təsadüfən” Ruzvelt olan yerə gətirməyə qərar verir.

Balaca ayını tapıb həmin sahəyə gətirirlər, hətta onu bir ağaca da bağlayırlar. Əlbəttə ki, prezident dərhal söhbətin nə yerdə olduğunu anlayır.

O, sevinməməklə yanaşı onu belə qəddar hesab etdikləri üçün hətta qəzəblənir: “Ayını buraxın! Mən ağaca bağlanmış ayını öldürən deyiləm.” Karikaturaçı Klifford Berriman bu hadisə haqqda o zaman prezidentin yanında olan jurnalistlərin dilindən eşidir.    

16 Noyabr 1902ci ildə O, “Washington Post”da bu mövzuda karikatura çəkib “Drawing the line in Mississippi” adı ilə yerləşdirir. Şəkil çox məzəli alınır: prezident və onun yanında böyük qulaqları olan kiçik ayı balası.

Bu karikatura Bruklin şəhərində şam dükanının sahibi olan Morris Miçtomun gözünə sataşır. Onun ağlına belə bir ayı tikib mağazanın vitrininə qoymaq fikri gəlir. Onun həyat yoldaşı Roza parçalardan karikaturadakı ayıya bənzər bir oyuncaq tikir. Morris daha çox müştəri qazanmaq niyyəti ilə ayını vitrinə karikatura ilə yanaşı qoyur. Oyuncağın yanında belə bir yazı yazılır: “Teodorun ayısı”(Teddy’s Bear). Gözlənilmədən bu ayı oyuncağına olan maraq dəfələrlə artır.

Morris həyat yoldaşı ilə birgə bu ayı oyuncaqlarını tikib satmağa başlayırlar. Deyilənə görə o, president Ruzveltə məktub yazaraq oyuncağın adını Teddy qoymağı rica edir. Bir müddət sonra ona Ağ Evdən rəsmi məktub gəlir:“Əmin deyiləm ki, mənim adımın istifadəsi oyuncaq ayıların satışını artıracaq, lakin siz istəyirsinizsə oyuncağa mənim adımı verə bilərsiniz. Teodor Ruzvelt, 1903cü il”